Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
“Zayed İnsan Qardaşlığı Mükafatı” dünyaya verilən mesajdır. Bu mükafat Birləşmiş Ərəb Əmirliklərinin banisi Şeyx Zayed bin Sultan Al Nəhyandan miras qalan tolerantlıq, dialoq və birgəyaşayış fəlsəfəsinə xidmət edən şəxslərə təqdim olunur. Bu mükafata dövlət başçıları, beynəlxalq qurumlar, dini və ictimai liderlər layiq görülür. Prezident İlham Əliyevə bu mükafatın verilməsi Azərbaycanın son illər regionda sülhü gündəmin mərkəzinə çəkən siyasətinə verilən açıq beynəlxalq qiymət kimi dəyərləndirilməlidir. Çünki mükafat həm də İlham Əliyevin təmsil etdiyi siyasi xəttə və ölkənin sülh mesajına ünvanlanıb.
Milli Məclisin deputatı Tahir Rzayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdim olunması Azərbaycan xalqını qürurlandırır, çünki bu mükafat sülhə, tolerantlığa, mədəniyyətlərarası dialoqa verilən bir qiymətdir: “Ölkəmizin rəhbərinin bu sahədəki xidmətləri əvəzsizdir. O, daimi sülhə, qarşılıqlı münasibətlərin, mədəniyyətlərarası dialoqun, insan haqlarının tərəfdarı olduğunu nümayiş etdirib, bunu təşviq edərək, əməli ilə sübuta yetirmişdir. Məhz buna görə də, cənab İlham Əliyev bu gün dünyada sülhsevər bir lider kimi tanınır və qiymətləndirilir. Davamlı sülhün bərqərar edilməsi, beynəlxalq hüququn normalarının qorunması, ölkələrin müstəqilliyinə, suverenliyinə hörmət Azərbaycan Prezidentinin əməli fəaliyyətinin mühüm istiqamətidir. Bunu sülhsevər ölkələrin rəhbərləri də yüksək qiymətləndirirlər Və dünənki təqdimat mərasimində bir çox ölkələrin qardaş Türkiyənin, Özbəkistanın, Tacikistanın, Pakistanın eləcə də digər dövlətlərin rəhbərlərinin və siyasi xadimlərinin təbrikləri bunu bir daha sübut etdi. Bu, Azərbaycan Prezidentinin dünyada çox böyük nüfuza malik olduğunu göstərir. Cənab Prezident nəinki Azərbaycanda, Cənubi Qafqazda dünyada sülhün tərəfdarıdır və daimi olaraq bu mövqedən çıxış edir”.
Tahir Rzayev
Tahir Rzayev hesab edir ki, 30 illik münaqişənin davam etməsi, torpaqlarımızın uzun illər işğal altında qalması və müharibədə qazandığımız parlaq qələbəyə baxmayaraq, Ermənistanla sülhə önəm verilməsi, əməkdaşlıq istiqamətində atılan addımlar cənab Prezidentin sülhsevərliyini, insanlığa böyük qiymət verdiyini bir daha təsdiqləyir.
“Azərbaycan Prezidenti təqdimat mərasimində özünün bəşəri amallarını ortaya qoydu, sülhün və əmin-amanlığın bərqərar edilməsinə dəstək verən dövlət rəhbərlərinə, ABŞ-nin prezidentinə, eləcə də bu mükafatı təsdiq edən Birləşmiş Ərəb Əmirliklərinin prezidentinə, digər beynəlxalq təşkilatlara öz minnətdarlığını bildirdi. Prezident İlham Əliyev həm də dünyaya bir daha bəyan etdi ki, sülh və əmin-amanlıq, qarşılıqlı münasibətlər olmadan xalqların xoşbəxtliyini və ölkələrin inkişafını təmin etmək mümkün deyil. Cənab Prezident bildirdi: “Mən hesab edirəm ki, bizim nümunəmiz öyrənilməli, hələ də müharibə vəziyyətində olanlar üçün yol xəritəsi kimi istifadə edilməlidir. Bizim nümunəmiz göstərir ki, uzunmüddətli münaqişəyə, əzablara və etimadsızlığa baxmayaraq, sülh mümkündür”. Bu, çox dəyərli bir çağırışdır və Ermənistana yeni bir mesajdır. Müharibə aparan dövlətlərə bir nümunədir. Bu nümunə gələcək üçün də, bu gün üçün də çox faydalıdır. Dövlət başçısının dediyi kimi, bu nümunədən dövlət rəhbərləri və siyasətçilər, həmçinin Azərbaycana qarşı uzun müddət yanlış mövqedə olanlar dərs götürməlidirlər”-deyə deputat qeyd edib.
“Bu gün Azərbaycan Ermənistanla münasibətlərin daha da yaxşılaşdırılmasına böyük önəm verir. Ermənistanın baş naziri də bunu bilir. Ağıllı ermənilər artıq dərk edirlər ki, millətçilik, separatçılıq, terror bu ölkəyə heç bir xeyir gətirə bilməz. Çünki onlar uzun illər bu münaqişələrin əzablarını çəkiblər. Ermənistanın bu gün böhran içərisində yaşaması da bunu sübut edir”-deyə Tahir Rzayev bildirib.
İradə Cəlil, Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.