AZ

Ermənistanın ABŞ ilə münasibətlərində İran dilemması İrəvanda Vensə nə deyəcəklər?

Azpolitika.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ermənistan hakimiyyəti hələlik ABŞ vitse-prezidenti Cey Di Vensin İrəvana gözlənilən səfərinin rəsmi gündəliyini açıqlamasa da, səfər çərçivəsində ikitərəfli münasibətlərlə bağlı yeni bəyanatların veriləcəyini istisna etmir.

Ermənistanın xarici işlər nazirinin müavini Vaan Kostanyan İctimai Televiziyaya müsahibəsində bildirib ki, danışıqlarda dinc nüvə enerjisi, təhlükəsizlik və “kritik mineral ehtiyatlar” sahəsində mümkün əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Onun sözlərinə görə, söhbət yalnız misdən getmir və Ermənistan hələ də yeraltı sərvətlərinin tam potensialını müəyyənləşdirmək mərhələsindədir. Kostanyan qeyd edib ki, ABŞ tərəfinin həm mövcud məlumat bazaları, həm də əlavə tədqiqatlar vasitəsilə Ermənistana bu sahədə dəstək göstərəcəyi gözlənilir.

Amerika tərəfinin Ermənistanın yeraltı sərvətlərinin öyrənilməsində birbaşa iştirak edib-etməyəcəyi ilə bağlı suala isə nazir müavini konkret cavab verməyib.

Kostanyan dinc nüvə enerjisi sahəsində əməkdaşlıqla bağlı daha ətraflı danışaraq bildirib ki, Ermənistan kiçik modul atom elektrik stansiyası tikməyi planlaşdırır. Bu stansiya gələcəkdə Metsamor AES-in enerji blokunu əvəz etməlidir. Lakin layihənin konkret olaraq hansı ölkə ilə həyata keçiriləcəyi hələlik açıqlanmır.

Nazir müavini vurğulayıb ki, belə bir qərarın qəbul edilməsi üçün əvvəlcə müvafiq hüquqi–müqavilə bazası formalaşdırılmalıdır. Onun sözlərinə görə, şərti olaraq “1-2-3 razılaşması” adlandırılan sənəd paketi üzrə ABŞ və Ermənistan ötən il ərzində aktiv danışıqlar aparıb və bu prosesdə səfər zamanı ciddi irəliləyiş gözlənilir.

ABŞ vitse-prezidenti Cey Di Vens bu bazar ertəsi İrəvana səfər edəcək, daha sonra isə Bakıya yollanacaq. O, Ermənistana səfər edən ən yüksək rütbəli amerikalı rəsmilərdən biri olacaq.

Xatırladaq ki, ötən ay ABŞ prezidenti Donald Tramp Vensin səfərinin məqsədinin sülh prosesini davam etdirmək və Azərbaycanı Naxçıvanla birləşdirən Zəngəzur dəhlizinin açlmasını təmin edəcək TRIPP layihəsini irəlilətmək olduğunu açıqlamışdı. Tramp eyni zamanda Ermənistanla dinc nüvə enerjisi sahəsində “əla razılaşma”nın imzalanacağını da bəyan etmişdi. Lakin bu razılaşmanın detalları hələ açıqlanmayıb.

Bundan başqa, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, ABŞ istehsalı olan yarımkeçiricilərlə bağlı razılaşma çərçivəsində NVIDIA şirkətinə məxsus çiplərin bir hissəsi artıq Ermənistana çatdırılıb, ikinci mərhələ isə ABŞ administrasiyası tərəfindən təsdiqlənib.

Politoloqların fikrincə, Vensin səfərinin əsas məqsədi siyasi xarakter daşıyır və TRIPP layihəsinin reallaşdırılması xüsusi önəm kəsb edir. Eyni zamanda, diqqət mərkəzində faydalı qazıntılar və nadir torpaq elementləri sahəsində əməkdaşlıq olacaq. Amerikalı analitiklər hesab edirlər ki, Vaşinqton bu sahədə bağlanacaq razılaşmalar vasitəsilə Ermənistanda Rusiya və İranın təsirini zəiflətməyə çalışacaq.

Qeyd edək ki, Cey Di Vensin səfəri ərəfəsində ABŞ Prezidenti İranla ticarət aparan ölkələrə qarşı 25 faiz gömrük rüsumu tətbiq edən yeni sərəncam imzalayıb. İran hazırda Ermənistanın dördüncü ən böyük ticarət tərəfdaşıdır və iqtisadçılar bu əlaqələrin İrəvan üçün həyati əhəmiyyət daşıdığını bildirirlər.

Rəsmi İrəvanın Vaşinqtona İranla ticarətin vacibliyini necə izah etdiyi və bu məsələnin Vensin səfəri zamanı müzakirə olunub-olunmayacağı hələlik açıqlanmayıb. Bununla belə, xarici işlər naziri Ararat Mirzoyan bu gün İranla münasibətləri “çox yaxşı” adlandırıb.

Rasim

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
azpolitika.info

1Mənbələr