AZ

Federasiya rəsmisi: Təcrübəsiz şahmatçıların ölkə çempionatında sonadək irəliləməsi böyük möcüzə olar

Bakı, 9 fevral, AZƏRTAC

Təcrübəsiz şahmatçıların ölkə çempionatında sonadək irəliləməsi böyük möcüzə olar.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Şahmat Federasiyasının (AŞF) Hakimlər Komissiyasının sədri Lütfiyar Rüstəmov ölkə çempionatı barədə danışarkən deyib.

Onun sözlərinə görə, Azərbaycanın gənc şahmatçılarında kifayət qədər potensial mövcuddur: “Çempionata ilk dəfə qatılan gənc şahmatçılarımız var. Amma əsas üstünlük məhz peşəkar, ilboyu aktiv şəkildə beynəlxalq və yerli turnirlərdə iştirak edən şahmatçılarımızda olacaq. Çünki yarışın hansı sistemlə keçirilməsindən asılı olmayaraq, həlledici amil şəxsi görüşlərdə rəqibə qalib gəlməkdir”.

Beynəlxalq dərəcəli hakim qeyd edib ki, turnirə birinci təsnifat mərhələsindən başlayan şahmatçıların müəyyən mərhələlərə qədər irəliləmək şansı var: “Bu mərhələdən keçən şahmatçılarımızın bir və ya iki turu adlaması mümkündür. Lakin mövcud heyətlə daha güclü və təcrübəli rəqiblərlə qarşılaşaraq yarışın sonuna qədər irəliləmək və yekunda qələbə qazanmaq artıq çox çətin olacaq. Bu, demək olar ki, böyük möcüzə sayıla bilər”.

Qeyd edək ki, Azərbaycan çempionatında 46 şahmatçı iştirak edir. Kişi şahmatçılardan 30, qadınlardan isə 16 iştirakçı mübarizə aparacaq. Yarışın ümumi mükafat fondu 92 min manat təşkil edir. Məbləğin 62 min manatı kişilərin, 30 min manatı isə qadınların çempionatına aiddir.

Turnirə fevralın 22-də yekun vurulacaq.

Seçilən
4
3
azertag.az

4Mənbələr