AZ

Azərbaycan memarlığı Şərq və Qərb ənənələrinin sintezini özündə əks etdirir ŞƏRH

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 9 fevral, AZƏRTAC

Azərbaycan zəngin tarixi-mədəni irsi ilə yanaşı, şəhərsalma və memarlıq sahəsində də özünəməxsus inkişaf yolu keçmiş ölkələrdən biridir. Qədim memarlıq abidələrindən müasir urbanistik layihələrə qədər uzanan bu inkişaf xətti milli kimliyin qorunması, şəhər mühitinin modernləşdirilməsi və sosial rifahın yüksəldilməsi istiqamətində mühüm rol oynayıb. Xüsusilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövr bu sahədə sistemli dövlət siyasəti və genişmiqyaslı quruculuq işləri ilə xarakterizə olunur.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov bildirib. Onun sözlərinə görə, tarixi baxımdan Azərbaycan memarlığı Şərq və Qərb ənənələrinin sintezini özündə əks etdirir: “İçərişəhər kompleksi, Şəki Xan Sarayı, Naxçıvan və Qarabağ memarlıq məktəblərinin nümunələri ölkənin qədim şəhərsalma mədəniyyətinin formalaşdığını göstərir. Bu abidələr yalnız estetik dəyərə malik deyil, həm də urbanistik düşüncə, yaşayış tərzi və müdafiə sistemləri baxımından mühüm əhəmiyyət daşıyır. 1969-cu ildən başlayaraq Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda şəhərsalma və memarlıq sahəsində yeni inkişaf mərhələsi başlandı. Həmin illərdə Bakı və respublikanın digər şəhərlərində geniş tikinti-quruculuq işləri aparıldı, yeni yaşayış massivləri salındı, sosial infrastruktur obyektləri istifadəyə verildi. Bu siyasət əhalinin mənzil şəraitinin yaxşılaşdırılması və şəhər mühitinin müasirləşdirilməsi baxımından mühüm nəticələr verdi.

Eyni zamanda, milli memarlıq ənənələrinin qorunması dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Tarixi abidələrin bərpası, şəhərlərin yaşıllaşdırılması, park və istirahət zonalarının genişləndirilməsi urbanistik inkişafla mədəni irsin qorunması arasında balans yaratdı. Bu yanaşma Azərbaycanın memarlıq məktəbinin formalaşmasına və milli üslub elementlərinin müasir memarlıqla vəhdət təşkil etməsinə şərait yaratdı”.

A.Hüseynov qeyd edib ki, həmin dövrdə memarlıq və şəhərsalma sahəsində peşəkar kadr hazırlığına xüsusi diqqət yetirilməsi də diqqət çəkir. “Layihə institutlarının fəaliyyəti genişləndirildi, şəhərsalma planlaşdırılması daha sistemli xarakter aldı. Bu isə sonrakı illərdə ölkənin urbanistik inkişafının elmi əsaslara söykənməsinə imkan yaratdı.

Müstəqillik illərində bu siyasət yeni mərhələdə davam etdirilərək şəhərlərin simasının yenilənməsi, müasir memarlıq layihələrinin reallaşdırılması və tarixi irsin qorunması istiqamətində mühüm addımlar atıldı”.

Deputat əlavə edib ki, Bakı şəhərində həyata keçirilən iri infrastruktur layihələri, yeni ictimai məkanların yaradılması və müasir memarlıq nümunələri Azərbaycanın urbanistik inkişafını beynəlxalq səviyyədə tanıdan amillərdən birinə çevrilib.

Onun sözlərinə görə, Azərbaycanın şəhərsalma və memarlıq irsi tarix və müasirliyin harmoniyasını əks etdirən mühüm milli sərvət kimi dəyərləndirilir: “Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə əsası qoyulan sistemli şəhərsalma siyasəti bu gün də ölkənin memarlıq və urbanistik inkişaf strategiyasının əsas istiqamətlərindən biri kimi öz aktuallığını qoruyur”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
1
azertag.az

2Mənbələr