AZ

“Bu, dilimizin gələcəyi üçün yol xəritəsidir “ – MÜHÜM AÇIQLAMA

“Dövlət dilinin saflığının qorunması hər bir xalqın milli kimliyinin və mənəvi bütövlüyünün əsas şərtlərindən biri hesab olunur. Dil təkcə ünsiyyət vasitəsi deyil, həm də tarix, mədəniyyət, düşüncə tərzi və dəyərlər sisteminin daşıyıcısıdır. Bu baxımdan, dövlət dili ilə bağlı məsələnin “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasında təsdiqlənməsi mühüm əhəmiyyət daşıyır”.

“Yeni Sabah” xəbər verir ki, Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi bu qənaətdədir.

Onun sözlərinə görə, milli yaddaşın yaşadılması, cəmiyyətin öz köklərinə bağlı qalması və gələcək nəsillərin sağlam mənəvi mühitdə formalaşması üçün dövlət dilinin qorunması və inkişafı istiqamətində ardıcıl siyasətin həyata keçirilməsi zəruridir. Yalnız bu halda Azərbaycan dili milli birliyin möhkəmlənməsinə, mədəni irsin qorunmasına və dövlətçiliyin davamlı inkişafına layiqincə xidmət göstərə bilər.

Partiya sədri hesab edir ki, müasir qloballaşma dövründə müxtəlif dillər arasında qarşılıqlı təsirin güclənməsi təbii qarşılana bilər. Lakin bu proses bəzən ana dilinin saflığına mənfi təsir göstərir:

“Xüsusilə internetdə xarici sözlərin həddindən artıq istifadəsi, internet televiziyalarında dil normalarına laqeyd yanaşma və danışıq mədəniyyətində sadələşmə narahatlıq doğuran məqamlardır. Bu səbəbdən dövlət dilinin qorunması yalnız mədəni məsələ deyil, həm də informasiya təhlükəsizliyi məsələsi kimi dəyərləndirilməlidir”.

Partiya sədri bildirir ki, Azərbaycanda dövlət dilinin inkişafı və qorunması istiqamətində son illərdə ardıcıl addımlar atılıb. Son tədbirlərdən biri kimi “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasını göstərmək olar. Belə ki, konsepsiyada mədəniyyətin altı əsas sahəsi müəyyənləşdirilib və onlardan bəziləri ilk dəfə rəsmi sənədlərdə ayrıca istiqamət kimi təsbit olunub. Bu sahələr sırasında Azərbaycan dili və Azərbaycan ədəbiyyatını xüsusi vurğulamaq lazımdır.

“Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının təsdiqlənməsi ölkənin mədəni inkişaf strategiyasında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir. Bu sənəd təkcə yaxın illərin deyil, bütövlükdə uzunmüddətli dövrün mədəni prioritetlərini müəyyənləşdirən yol xəritəsi rolunu oynayır.

Prezident İlham Əliyevin çıxışlarında dilimizin saflığının və zənginliyinin qorunmasının daim önə çəkilməsi də bu istiqamətin strateji əhəmiyyətini təsdiqləyir. Rəsmi çıxışlarda da dəfələrlə vurğulanıb ki, dövlət dili yalnız ünsiyyət vasitəsi deyil, həm də milli kimliyin, tarixi yaddaşın və mədəni irsin əsas daşıyıcısıdır. Bu baxımdan Azərbaycan dilinin inkişafı, düzgün istifadəsi və gələcək nəsillərə saf şəkildə ötürülməsi mədəni siyasətin prioritet istiqamətlərindən biri kimi dəyərləndirilir”.

Adəm İsmayıl Bakuvi qeyd edir ki, dövlət dilinin saflığının qorunması yalnız dövlət qurumlarının deyil, bütövlükdə cəmiyyətin ortaq məsuliyyətidir:

“Ailə, məktəb, media və mədəniyyət mühiti ana dilinə hörmətin formalaşmasında həlledici rol oynayır. Qeyd edim ki, Vəhdət Partiyası daim Azərbaycan dilinin təbliği və düzgün istifadəsinin təşviqi istiqamətində ardıcıl fəaliyyət göstərir. Ötən il partiyanın təşkilatçılığı ilə dövlət dilinin saflığının qorunmasına həsr edilmiş geniş toplantı keçirilib. Ekspertlərin, ziyalıların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə dövlət dilinin qorunması mövzusunda geniş müzakirələr aparılıb”.

Vəhdət Partiyasının sədri vurğulayır ki, xarici təsirlərin artdığı bir dövrdə dövlət dilinin zənginliyinin saxlanılması və qorunması istiqamətində görüləcək işlər  - bütövlükdə cəmiyyətin intellektual inkişafına xidmət edəcək. 2040-cı ilə qədər mədəniyyət sahəsində fəaliyyətin əsas istiqamətlər üzrə planlaşdırılması bu sahənin daha sistemli və dayanıqlı inkişafına şərait yaradacaq.


Telegram kanalımız
Seçilən
40
1
yenisabah.az

2Mənbələr