Bakı, 9 fevral, Xatirə Cəfərova, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyində may ayında açılacaq “Güllələnmiş türkoloqlar” sərgisi XX əsr türkologiya elminin görkəmli nümayəndələrinin irsinə və repressiya qurbanı olmuş alimlərin taleyinə həsr edilir. Sərgi 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın materialları əsasında hazırlanacaq və həmin qurultayın iştirakçıları, təşkilatçıları və elmi mühitini əks etdirən zəngin arxiv sənədlərini bir araya gətirəcək.
Bu barədə AZƏRTAC-a muzeyin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin aparıcı elmi işçisi tarix elmləri doktoru Bəhman Kərimov məlumat verib. O qeyd edib ki, Birinci Türkoloji Qurultay türk dillərinin, ədəbiyyatının və tarixinin öyrənilməsi istiqamətində mühüm dönüş nöqtəsi sayılır. Bakı şəhərində keçirilmiş bu mötəbər toplantı Türk dünyasından olan alimləri, dilçiləri, ədəbiyyatşünasları və ictimai xadimləri bir araya gətirmiş, ortaq elmi platformanın formalaşmasına təkan vermişdi. Qurultayda əlifba islahatı, terminologiya, dilin inkişaf istiqamətləri və elmi metodologiya kimi mühüm məsələlər müzakirə olunmuşdu. Lakin sonrakı onillikdə bu toplantının bir çox iştirakçısı siyasi repressiyaların qurbanına çevrildi.
Sərgidə Qurultayın rəsmi rəhbərliyi və Rəyasət Heyətində təmsil olunmuş şəxslərin materialları xüsusi bölmə kimi təqdim olunacaq. Qurultayın sədri, Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin sədri Səməd ağa Ağamalıoğlu elmi və maarifçilik hərəkatının aparıcı simalarından biri kimi ziyarətçilərə tanıdılacaq. Həmçinin dövlət və partiya xadimi Ruhulla Axundovun, ictimai xadim Həbib Cəbiyevin, professor Bəkir Çobanzadənin, Mustafa Quliyevin, SSRİ MİK sədri Qəzənfər Musabəyovun və maarifçi Fərhad Ağazadənin fəaliyyətini əks etdirən sənədlər və fotomateriallar nümayiş etdiriləcək.
Ekspozisiyanın əsas xəttini repressiya nəticəsində həyatını itirmiş və ya ağır təqiblərə məruz qalmış türkoloq alimlərin irsi təşkil edəcək. Görkəmli ədəbiyyatşünas və mətnşünas Salman Mümtazın klassik ədəbi irsin toplanması və nəşri sahəsində gördüyü işlər, dilçi və terminoloq Hənəfi Zeynallının elmi fəaliyyəti, böyük türkoloq Bəkir Çobanzadənin müqayisəli dilçilik sahəsində xidmətləri sərgidə geniş yer alacaq. Bu alimlərin bir çoxunun şəxsi arxiv materialları, nəşrləri və haqqında sənədlər ziyarətçilərə təqdim olunacaq.
Sərgidə Türk dünyasının ideya və maarifçilik tarixində mühüm yer tutan şəxsiyyətlər də diqqət mərkəzindədir. Türk dünyasının böyük ideoloqu və maarifçisi İsmayıl bəy Qaspıralının fəaliyyəti, milli mətbuat və ictimai fikir tarixində müstəsna rolu olan Cəlil Məmmədquluzadənin irsi, maarifçi ziyalı Məryəm xanım Bayraməlibəyovanın təhsil sahəsində xidmətləri ayrıca təqdim olunacaq.
“Sərginin məqsədi yalnız repressiya qurbanlarının xatirəsini yad etmək deyil, həm də onların elmi irsini yenidən ictimai və akademik dövriyyəyə qaytarmaqdır. Toplanan materiallar göstərir ki, 1920–1930-cu illərdə türkoloji fikir məkanı son dərəcə dinamik və məhsuldar olub, lakin siyasi təzyiqlər nəticəsində bu inkişaf kəskin şəkildə yarımçıq qalıb.
“Güllələnmiş türkoloqlar” sərgisi ziyarətçilərə bir tərəfdən türkologiya elmin yüksəliş mərhələsini, digər tərəfdən isə bu elmin daşıyıcılarının üzləşdiyi faciəli taleyi ardıcıl və sənədli şəkildə təqdim edəcək. Bu təşəbbüs həm elmi yaddaşın qorunması, həm də milli-mədəni irsin qiymətləndirilməsi baxımından mühüm hadisə kimi dəyərləndirilir”, - deyə B.Kərimov bildirib.