
SEPAH-la bağlı universitet müəllimi bu dəfə Güney Azərbaycanı hədəf aldı və etirazlar davam edərsə, Azərbaycan ordusunun müdaxilə edəcəyini iddia etdi.
Gunaz.tv
SEPAH-a bağlı İmam Hüseyn Universitetinin müəllimlərindən biri olan Məcid Behestani, daxili mediada yayımlanan “Və nəhayət, müharibə” adlı yazısında həbs olunmuş etirazçıların edam edilməsini təklif edib və hətta ABŞ-ın “Abraham Lincoln” aviadaşıyıcısı üzərində maqnit bombası partladılmasını “müharibənin taleyini dəyişəcək variant” kimi təqdim edib.
Behestani ABŞ-ın İrana hücumu halında bir sıra saxlanılan etirazçıların edam edilməsini açıq şəkildə gündəmə gətirib. O, yazısında iddia edir ki, ABŞ daim İran hakimiyyətini zəiflətmək, ölkəni parçalamaq, hətta çevriliş və birbaşa müharibə planları həyata keçirmək niyyətində olub.
SEPAH-a bağlı bu müəllim ABŞ-ın mümkün hədəfləri sırasında yüksək vəzifəli şəxslərin öldürülməsi, nüvə infrastrukturunun tam məhv edilməsi və raket potensialının sıradan çıxarılmasını sadalayır və müharibənin uzanacağı təqdirdə daxili etirazların və “separatçı qrupların” fəallaşacağı barədə xəbərdarlıq edir.
Lakin yazının ən təhlükəli və qalmaqallı hissəsi, təhlükəsizlik təhdidlərinin birbaşa Güney Azərbaycanın Türk xalqına yönəldildiyi məqamdır. SEPAH üzvü Güney Azərbaycan Türklərini faktiki olaraq “daxili düşmən” kimi təqdim edir, müharibənin uzanması fonunda “daxili etirazların” və “ayrılıqçı hərəkatların” fəallaşacağını iddia edir və İranın şimal-qərbində pan-türk hərəkatını açıq şəkildə hədəfə alır.
Behestani daha da irəli gedərək təhlükəsizlik–hərbi ssenari qurur və iddia edir ki, bu etirazlar yatırıldıqdan sonra “Əliyevin ordusu”nun “türk qardaşlarını qorumaq” adı ilə müdaxilə etməsi mümkündür. Bu iddia analitik yanaşmadan çox, İran hakimiyyətinin Güney Azərbaycan xalqına qarşı milli repressiyanı və zorakılığı legitimləşdirmək üçün açıq zəmin yaratmasıdır.
Bu dil və yanaşma SEPAH və İran təhlükəsizlik qurumlarının illərdir apardığı siyasətin davamıdır: Güney Azərbaycan türk millətinin kimlik, dil, ləyaqət və siyasi hüquq tələbləri “separatizm” və “milli təhlükəsizlik təhdidi” adı altında boğulur.
Halbuki reallıq açıqdır: Güney Azərbaycan xalqı daim öz müstəqilliyini və öz müqəddəratını təyin etmə haqqını tələb edib. Bu, beynəlxalq hüquqda tanınmış bir haqqdır və təhdid, edam və hərbi ssenarilərlə yox edilə bilməz. Bir milləti təhlükəsizlik problemi kimi təqdim etmək güc əlaməti deyil, legitimlik böhranının etirafıdır. Tarix isə göstərib ki, kimliklərin zorla susdurulması azadlıq və istiqlal istəyini daha da kökləndirir.
Məcid Behestani, 1983-cü il təvəllüdlü, siyasi elmlər üzrə mütəxəssis və SEPAH-a bağlı İmam Hüseyn Universitetində “İslam İnqilabı Mərkəzi”nin dosentidir. O, doktorluq dərəcəsini Tehran Universitetində alıb və əsas tədqiqat sahələri İran–ABŞ münasibətləri, xarici siyasət və təhlükəsizlik məsələləridir.

https://t.me/mbehestani/683