Pensiyalarla bağlı gözlənilən artımlar ictimaiyyətdə ciddi maraq doğurur.
Milli Məclisin iclasında deputat Vüqar Bayramovun açıqladığı göstəricilər 2026-cı ildə pensiya təminatında nəzərəçarpacaq artımın olacağını deməyə əsas verir. Rəsmi statistikaya görə, 2024-cü ildə orta aylıq əməkhaqqı 8,1 faiz artıb, 2025-ci ilin ilk 11 ayında isə bu artım 9,3 faizə yüksəlib. Fevral ayının əvvəlində 2025-ci ilin yekun nominal orta aylıq əməkhaqqı artım faizinin açıqlanacağı və ilkin gözləntilərə əsasən bu göstəricinin 9,2 faiz olacağı proqnozlaşdırılır. Bu isə mövcud qanunvericiliyə uyğun olaraq bütün növ əmək pensiyalarının indeksləşdirilməsi deməkdir.
Gözlənilən indeksasiya 1 milyon 100 mindən çox vətəndaşı əhatə edəcək və artımlar yanvar ayından hesablanacaq. Yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyası alanların hamısı bu artımdan faydalanacaq. Proqnozlara əsasən, 2026-cı ildə Azərbaycanda orta aylıq pensiya təxminən 590 manat, yaşa görə orta pensiya isə 629 manat olacaq ki, bu da 2025-ci illə müqayisədə 7,9 faizdən artıq artım deməkdir.
Məsələ ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli NOCOMMENT.az-a bildirib ki, pensiyaların indeksləşdirilməsi sosial dövlət prinsiplərinin tərkib hissəsidir və bu mexanizm pensiyaçıların gəlirlərinin inflyasiya fonunda dəyərdən düşməsinin qarşısını almağa yönəlib.

Onun sözlərinə görə, Azərbaycanda pensiya artımları birbaşa olaraq əməkhaqqı artımı ilə əlaqələndirildiyindən, 2025-ci ildə maaşlarda qeydə alınan 9 faizdən artıq artımın pensiyalara da eyni istiqamətdə təsir etməsi tam məntiqlidir;
“Yaşa görə orta pensiyanın 629 manata çatması rəsmi statistik baxımdan müsbət göstərici kimi qiymətləndirilə bilər, lakin bu rəqəmin real həyat şəraitində nə dərəcədə yetərli olması ayrıca müzakirə mövzusudur. Son illərdə ərzaq, kommunal xidmətlər, dərman preparatları və tibbi xidmətlərin qiymətlərində artım müşahidə olunur və pensiyaçıların xərclərinin əsas hissəsi məhz bu sahələrə yönəlir. Bu baxımdan pensiyalardakı nominal artım inflyasiya səviyyəsindən aşağı olarsa, real alıcılıq qabiliyyəti arta bilməz. Pensiya sisteminin dayanıqlılığı yalnız indeksasiya ilə məhdudlaşmamalıdır”.
Onun sözlərinə görə, pensiya məbləğinin artırılması ilə yanaşı, pensiyaçıların sosial paketinin genişləndirilməsi, güzəştlərin artırılması və xüsusilə səhiyyə sahəsində əlavə dəstək mexanizmlərinin tətbiqi vacibdir.
Ekspert hesab edir ki, yaşlı əhalinin böyük hissəsi xroniki xəstəliklərdən əziyyət çəkdiyindən, dərman təminatı və tibbi xidmətlərə çıxış məsələsi pensiya artımlarından daha az əhəmiyyətli deyil:
“Uzunmüddətli perspektivdə pensiya sisteminin maliyyə yükü artmaqda davam edəcək və bu da struktur islahatlarını qaçılmaz edir. Qeyri-formal məşğulluğun azaldılması, əməkhaqlarının leqallaşdırılması və pensiya fonduna daxilolmaların artırılması pensiya məbləğlərinin real şəkildə yüksəldilməsi üçün əsas şərtlərdir. 2026-cı ildə gözlənilən pensiya artımları sosial baxımdan müsbət addım olsa da, bu artımların davamlı və real rifah artımına çevrilməsi üçün paralel iqtisadi və sosial islahatların həyata keçirilməsi zəruridir”.