AZ

ABŞ-İran danışıqları dalana dirənə bilər - İsrail sərt tələblər irəli sürdü…



İsrail mediasına görə, Təl-Əviv administrasiyası ABŞ ilə İran arasında dolayı danışıqlarda hərtərəfli tələblər irəli sürüb. İsrailə görə, İranın nüvə proqramı tamamilə ləğv edilməli, uranın zənginləşdirilməsi sıfıra endirilməli və zənginləşdirilmiş uran ölkədən çıxarılmalıdır. Tələblərə həmçinin İran raketlərinin mənzilinin 300 kilometrə qədər məhdudlaşdırılması və "Şiə oxu" kimi tanınan regional birliyin dağıdılması daxildir.

“Maariv”in yazdığına görə, İsrail administrasiyası bu məqamların ciddi və real nəzarət altında həyata keçirilməsini istəyir. Siyasi mənbələr həmçinin bildiriblər ki, ABŞ-ın İranla yalnız nüvə məsələsinə yönəlmiş bir razılaşmaya doğru irəliləməsi ilə bağlı Təl-Əvivdə ciddi narahatlıq var. İsrail tərəfi hesab edir ki, belə bir razılaşma İsrailə qarşı birbaşa təhdidləri görməzdən gələcək.

“Maariv”ə danışan İsrail siyasi mənbəsi bildirib ki, Təl-Əvivin narahatlı ABŞ-ın qısa müddətdə özü üçün əlverişli olan, lakin İsrailə qarşı təhdidləri cavabsız qoyan bir razılaşmanı qəbul etməsidir. Bu narahatlıqlardan sonra İsrailin Baş naziri Netanyahunun Vaşinqtona səfər tarixi irəli çəkilib. Qeyd olunub ki, Netanyahu 11 fevralda ABŞ Prezidenti Trampla görüşərək ballistik raket məhdudiyyətlərinin və İranın bölgədəki müttəfiqlərinə dəstəyinin danışıqlar qaldırılmasını tələb edəcək. Netanyahunun ofisi bildirib ki, hər hansı bir razılaşma bu iki məsələni əhatə etməlidir.

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir bildirib ki, İsrail nüvə və ballistik raket qabiliyyətinə malik İranı qəbul etməyəcək: “Netanyahu Trampla danışacaq və onu inandıracaq. Amerika administrasiyası sonda Qəzza zolağının yenidən qurulmasının real olmadığını anlayacaq".

Qeyd edək ki, ABŞ və İran arasında dolayı nüvə danışıqları Omanın paytaxtı Maskatda yenidən başlayıb. Danışıqlar 2025-ci ilin iyun ayında İsrail və ABŞ-ın İrana planlaşdırılan hücumlarından sonra dayandırılmışdı. İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Araqçi, ABŞ nümayəndə heyətinə isə Prezident Trampın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Uitkoff rəhbərlik edirdi. Omanın xarici işlər naziri Bədr bin Həmid əl-Busaidi danışıqlarda vasitəçilik edirdi.

Danışıqlardan sonra İranın xarici işlər naziri Abbas Araqçi açıq şəkildə prosesə ehtiyatla yanaşdıqlarını bildirib: "Biz onlara etibar etmirik və pusqu ehtimalını tam olaraq gözləyirik. Bu, aldatma ola bilər, qoy heç kim aldanmasın".

Arakçi İran rəhbərliyinin bu danışıqlardan asılı vəziyyətdə qalmayacağını deyib və bildirib ki, bütün qurumlar sanki danışıqlar getmirmiş kimi davranmalıdır.

Arakçi danışıqlar zamanı ABŞ Mərkəzi Komandanlığının komandanının Maskatda olmasına da sərt təpki verib. İran tərəfi danışıqlar prosesində heç bir hərbi rəsminin iştirakını qəbul etmədiklərini açıq şəkildə bildirib. Arakçi təmasların birbaşa deyil, diplomatik nəzakət çərçivəsində məhdud görüşlər yolu ilə aparıldığını söyləyib.

İran xarici işlər naziri ABŞ tərəfinin ciddiliyi ilə bağlı həm müsbət, həm də mənfi əlamətlər gördüklərini bildirib. Bəzi sanksiyaların və hərbi fəaliyyətlərin davam etməsi səbəbindən şübhələrin davam etdiyini bildirən Arakçi bütün əlamətlərin birlikdə qiymətləndiriləcəyini və danışıqların taleyinin buna uyğun olaraq həll ediləcəyini bildirib.

TAHİR

Seçilən
28
baki-xeber.com

1Mənbələr