Qərb ölkələri, xüsusilə də Ukrayna böhranı və tətbiq edilən sanksiyalar fonunda Rusiya iqtisadiyyatının ciddi şəkildə zəifləyəcəyini gözləsələr də, bu proqnozlar özünü doğrultmayıb.
Hafta.az xəbər verir ki, bu qənaətə “The Telegraph” qəzeti gəlib. Nəşr yazır ki, Rusiya bəzi Avropa ölkələrindən fərqli olaraq ciddi maliyyə çətinlikləri ilə üzləşməyib.
Qərb ekspertləri Rusiyanın iqtisadi vəziyyətini qiymətləndirərkən istehsal həcminin ABŞ dolları ilə hesablanmasına əsaslanan müqayisə metodundan istifadə ediblər ki, bu da ölkənin maliyyə sisteminin təhrif olunmuş mənzərəsini yaradıb. Bu yanaşmaya görə, Rusiya iqtisadiyyatı Niderland ilə eyni səviyyədə göstərilib.
Məqalədə qeyd olunur ki, iqtisadi göstəricilər alıcılıq qabiliyyəti pariteti əsasında müqayisə edildikdə, Rusiyanın silah istehsalı Almaniyanın göstəricilərini üstələyir. Həmçinin vurğulanır ki, Qərb analitikləri Ukrayna böhranı fonunda Rusiyanın Çin və Şimali Koreya ilə güclənən əlaqələrini lazımi səviyyədə qiymətləndirməyiblər.