AZ

Alimlər Makedoniyalı İsgəndərin əsasını qoyduğu itirilmiş şəhəri yenidən aşkar ediblər

Tiqr çayı üzərində salınmış və qədim dünya ticarətində həlledici rol oynamış Aleksandriya əsrlər sonra elmi dövriyyəyə qaytarılıb...

Poliqon xəbər verir ki, əsrlər boyu toz, müharibə zonaları və dəyişən çay məcraları altında gizlənən qədim dünyanın ən mühüm şəhərlərindən biri yenidən kəşf olunub. Tiqr üzərində Aleksandriya adlanan bu şəhər vaxtilə Mesopotamiyanı Hindistan və digər uzaq ölkələrlə birləşdirən iri ticarət mərkəzi olub, lakin antik dövrün sonlarından sonra tarixi yaddaşdan silinib. Konstans Universitetinin professoru Stefan Hauzerin rəhbərlik etdiyi beynəlxalq tədqiqat qrupu bu itirilmiş meqapolisi uğurla müəyyənləşdirərək onun qədim qlobal ticarətdəki həlledici rolunu üzə çıxarıb.

“Planet Today”in məlumatına görə, e.ə. IV əsrdə Makedoniyalı İsgəndər Əhəmənişlər imperiyasını məğlub edərək Qədim Yaxın Şərqin siyasi və iqtisadi mənzərəsini köklü şəkildə dəyişib. Tarixi mənbələr onun Hind vadisindən Mesopotamiyaya qayıdışını və Suzadan Babilə su yolu ilə səfər planlaşdırdığını qeyd edir. Məhz bu zaman İsgəndər strateji bir problemi dərk edib: Mesopotamiyanın cənubunda güclü lil yığılması Fars körfəzinin sahil xəttini getdikcə cənuba çəkir, mövcud limanları isə yararsız hala salırdı.

Bu problemi həll etmək üçün İsgəndər Tiqr və Karun çaylarının birləşdiyi ərazidə, qədim sahil xəttindən təxminən 1,8 kilometr aralıda yeni liman şəhəri – Tiqr üzərində Aleksandriyanı salıb. Sonralar Xaraks Spasinu və ya Xaraks Mayşan adı ilə tanınan bu şəhər Roma müəlliflərinin əsərlərində xatırlanıb, hətta Suriyanın Palmira şəhərində tapılan yazılarda da adı çəkilib. Bununla belə, onun dəqiq yerləşdiyi məkan əsrlər boyu naməlum qalıb.

Müasir dövrdə ilk ipucları 1960-cı illərdə britaniyalı tədqiqatçı Con Hansmanın Kral Hərbi Hava Qüvvələrinin aerofotoşəkillərində iri yaşayış məskəninin və şəhər divarlarının konturlarını aşkar etməsi ilə ortaya çıxıb. Lakin İran sərhədi yaxınlığında siyasi qeyri-sabitlik və silahlı münaqişələr səbəbindən onilliklər ərzində araşdırmalar mümkün olmayıb. Bu ərazi ,hazırda Cəbəl-Həyabər adlanan sahə hətta İran–İraq müharibəsi zamanı hərbi düşərgə kimi istifadə olunub.

Yalnız 2014-cü ildən etibarən xarici arxeoloji ekspedisiyalar ehtiyatla İraqın cənubuna qayıda biliblər. Ur qədim şəhəri yaxınlığında çalışan britaniyalı arxeoloqlar yerli hakimiyyət orqanları tərəfindən Cəbəl-Həyabərə yönləndirilib. Sərt təhlükəsizlik tədbirlərinə baxmayaraq, tədqiqatçılar dağıntıların miqyasından heyrətləniblər: kilometrlərlə uzanan, bəzi yerlərdə hündürlüyü səkkiz metrə çatan nəhəng şəhər divarları aşkar edilib.

2016-cı ildə rəsmi tədqiqat kampaniyasına start verilib və qısa müddət sonra layihəyə Yaxın Şərqin ellinistik arxeologiyası üzrə aparıcı mütəxəssislərdən biri olan Stefan Hauzer qoşulub. Təhlükəsizliklə bağlı risklər səbəbindən alimlər əvvəlcə qeyri-invaziv üsullara üstünlük veriblər. Bir neçə il ərzində 500 kilometrdən çox məsafə piyada qət olunub, minlərlə keramika və kərpic fraqmenti sənədləşdirilib. Dron çəkilişləri əsasında yaradılan rəqəmsal model isə gözlənilməz nəticə göstərib: Tiqr üzərində Aleksandriya nəhəng və dəqiq planlaşdırılmış meqapolis olub.

Hauzer bu şəhəri Misirdəki Aleksandriyanın şərq analoqu kimi xarakterizə edir. Hər iki şəhər çay sistemləri ilə dəniz ticarət yollarının kəsişməsində salınaraq daxili bölgələrlə açıq dəniz arasında qapı rolunu oynayıb. Təxminən 550 il ərzində Tiqr üzərində Aleksandriya qədim uzaqməsafəli ticarətin ən mühüm mərkəzlərindən biri kimi fəaliyyət göstərib.

Geofiziki tədqiqatlar şəhərin planının bərpasında əsas rol oynayıb. Sezyum maqnitometrlərindən istifadə edən alimlər torpağı qazmadan küçələri, divarları, kanalları və hətta sənaye obyektlərini müəyyən ediblər. Nəticələr qədim dövrdən məlum olan ən iri yaşayış məhəllələrindən bəzilərinin sistemli şəbəkə formasında, şəhərin şimal divarından kilometrlərlə kənara uzandığını göstərib.

Eyni zamanda planın vahid olmadığı da üzə çıxıb. Arxeoloqlar ən azı dörd fərqli istiqamət müəyyən ediblər ki, bu da tikintinin bir neçə mərhələdə aparıldığını və funksional zonaların mövcudluğunu göstərir. Şəhərdə geniş yaşayış sahələri, monumental məbəd kompleksləri, sobalı və metaləritmə qurğuları olan emalatxanalar, kanallarla birləşdirilmiş daxili liman, həmçinin ehtimal ki, bağlar və ya əkin sahələri ilə əhatələnmiş saray kompleksi mövcud olub.

Peyk görüntüləri şəhərin şimalında iri suvarma sistemini də üzə çıxarıb ki, bu da əhalinin ərzaqla təmin edilməsi üçün genişmiqyaslı taxıl istehsalına dəlalət edir. E.ə. 300-cü ildən b.e. 300-cü ilədək Mesopotamiya ilə Hindistan arasında ticarət kəskin şəkildə artaraq Əfqanıstan və Çinə qədər uzanıb. Bu dövrdə Tiqr boyunca Seleuki və Ktesifon kimi imperiya paytaxtları formalaşıb və böyük idxal tələbatı yaranıb.

Hauzerin sözlərinə görə, Hindistandan gələn ticarətin demək olar ki, hamısı Tiqr üzərində Aleksandriyadan keçib. Cənubda yeni limanlar tikildikdən sonra belə, yüklər əvvəlcə bu şəhərdə boşaldılıb. Lakin şəhərin taleyi onu bəsləyən çayla sıx bağlı olub. Geoloji araşdırmalar Tiqrin tədricən qərbə doğru dəyişdiyini və şəhəri su arteriyasından ayırdığını göstərir. III əsrə gəldikdə isə Aleksandriya həm çaydan, həm də Fars körfəzindən uzaq düşüb, sahil xətti təxminən 180 kilometr cənuba çəkilib.

Su yoluna çıxışını itirən şəhər iqtisadi və siyasi əhəmiyyətini itirərək tərk edilib. Bununla belə, onun mirası itib-batmayıb: sonralar müasir Bəsrə şəhəri regionun əsas limanı rolunu öz üzərinə götürüb. Hazırda yeni qazıntılar planlaşdırılır. Professor Hauzerin qeyd etdiyi kimi, Tiqr üzərində Aleksandriya hələ də bir çox sirri qoruyur və onun yenidən kəşfi qədim qloballaşma anlayışımıza ciddi düzəlişlər edir.

Poliqon.info

Seçilən
36
poliqon.info

1Mənbələr