AZ

“Sanki kiməsə pul xərcləyirlər ki, İslam dini təhqir edilsin” - Kəbəni örtən parça Epşteynə göndərilib?

Epşteyn sənədlərində ABŞ Vircin adalarındakı obyektlərlə bağlı bəzi dini artefaktların adlarının çəkilməsi beynəlxalq mediada müzakirələrə səbəb olub. Yayılan məlumatlara görə, 2017-ci ildə Kəbəni örtən müqəddəs Kisva parçasından üç hissə Səudiyyə Ərəbistanından vasitəçilər üzərindən ABŞ-a, Epşteynə göndərilib. Kisva hər il dəyişdirilən, Kəbəni örtən qara və qızılı naxışlı parça olub, müsəlmanlar üçün yüksək dini əhəmiyyət daşıyır. İddia olunur ki, bu parçalar Epşteynlə əlaqəli obyektlərə, o cümlədən ABŞ Vircin adalarındakı mülklərinə çatdırılıb. Məktublarda Kisvanın dini və mənəvi əhəmiyyətinin xüsusi vurğulandığı, lakin Epşteyn tərəfindən hansı məqsədlə əldə edildiyinin izah olunmadığı bildirilir.

İlahiyyatçı Fazil Əhməd Pravda.az-a açıqlamasında bildirib ki, son 20–30 ildə İslam dinini gözdən salmaq məqsədilə bəzi nalayiq hərəkətlər və terror hadisələri törədilib: “Bu cür əməllər İslam dini ilə əlaqələndirilərək insanların dindən uzaqlaşdırılması və nifrət hissinin yaradılması halları tez-tez müşahidə olunur. Təsadüfi deyil ki, ABŞ-nin keçmiş dövlət katibi Hillari Klinton öz açıqlamasında deyib ki, İŞİD-i biz yaratdıq, amma müvəffəqiyyətsiz oldu. İŞİD də elə bir terror təşkilatıdır ki, müxtəlif ölkələrdə terror hadisələri törədib, üzərində də İslam adı olduğu üçün insanlarda bu dinə qarşı nifrət yaradıb. İslam sanki terror deməkdir. Bu formada fikir formalaşdırırlar. Ölkə Prezidentimiz də bu barədə dəfələrlə çıxışlar edib. İslama qarşı nifrəti tənqid edib. Ümumilikdə fikir versək, bəzi terror hadisələrini müsəlman törətdiyi halda adını “İslam terroru” qoyurlar. Amma eyni hadisəni, ondan daha şiddətlisini xristian törətdiyi zaman “Xristian terroru” adlandırmırlar. Sadəcə, terroru törədənin adı çəkilir. Məsələn, biri avtobus partladıb və ya Avropada dəfələrlə uşaqlara qarşı qətliam hadisələri törədilib. Ancaq bütün bunları edənləri dinlə əlaqələndirmirlər. Bu baş verənlərin özü də islamofobiyanın bariz nümunəsidir. Ona görə də bu məsələləri qınayıram”.

 

F.Əhmədin sözlərinə görə, müsəlman gərək elə hərəkət etsin ki, İslam dininə ləkə olmasın: “İstər ölkə daxilində, istərsə də ölkədən kənarda çalışmaq lazımdır ki, İslama ləkə gətirən hərəkətlərə yol verilməsin. Ərəbistanda Məkkə, Mədinə şəhərlərində xoşagəlməz hadisələrin baş verməsi, hansısa atributdan istifadə edilməsi kimi halların səbəbi oranı idarə edən şəxslərin İslam qayğısı çəkməməsi, dinə kifayət qədər dəyər verməməsinin nəticəsidir. Son 10 ildə Məkkə şəhərində və ya ora yaxın ərazilərdə İslam ənənələrinə uyğun olmayan diskoteka tipli konsertlərin təşkili baş tutur. Müqəddəs şəhərlərdə, Məkkənin, Kəbənin görüntüsü altında müxtəlif avropasayağı geyimlərin nümayiş olunması sanki xaricdən idarə edilmiş kimidir. İslamın müqəddəs mərkəzləri təhqir olunur. Sanki kiməsə pul xərcləyirlər ki, İslam dini təhqir edilsin, insanların gözündən inancları düşsün. Elə hadisələr baş verir ki, artıq müqəddəsliyə kölgə salır. Məkkəyə ziyarətə gedən zaman idarəçilər, mühafizəçilər insanlarla çox kobud rəftar edirlər. Buna dair minlərlə sübutlar var, görüntülər mövcuddur. Zəvvarlara qarşı münasibət həddindən artıq pisdir. Sanki onlara bu davranış forması tapşırılır, aşılanır. Bunun özü də islamofobiya yaradır. Çox istəyirik ki, bu münasibətlər dəyişərək əsl davranış formaları ilə əvəzlənsin”.

 

Şəhanə Quliyeva

Tarix: 9 Fevral 2026, 08:09   
Seçilən
15
pravda.az

1Mənbələr