Azərbaycan Basketbol Liqasının XVI turunda baş tutan "Abşeron Lions"la matçda "Şəki"nin ən böyük çatışmazlığı ribaundları ala bilməməsi olub.
Sportinfo.az xəbər verir ki, bunu baş məşqçi Bedri Meriç klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Mütəxəssis məğlubiyyətə baxmayaraq, komandasının oyunundan razı qaldığını bildirib:
"Rəqibi qələbəyə görə təbrik edirəm. Bu gün yaxşı oynadığımızı düşünürəm, tamaşaçılar üçün yüksək səviyyəli və maraqlı matç oldu.
Ən böyük çatışmazlıq ribaundları ala bilməməyimiz oldu. Rəqibimiz belə şanslardan 28 xal topladı ki, bu da çox böyük rəqəmdir".
Təcrübəli mütəxəssis oyunun həlledici anlarına da toxunub:
"Üçüncü periodda 10 xal geri düşsək də, sonradan hesabı bərabərləşdirdik, hətta sona iki dəqiqə qalmış önə keçdik.
Lakin son saniyələrdə sadə atışları qaçırdıq və rəqibə şans verdik. Bunlar olmasaydı, qalib gələ bilərdik.
Amma A qrupunun liderlərindən birinə qarşı göstərdiyi mübarizəyə görə oyunçularımdan razıyam. Mübarizə aparmağa davam edəcəyik".
Şəki Olimpiya İdman Kompleksində keçirilən oyun "Abşeron Lions"un 92:85 hesablı qələbəsi ilə yekunlaşıb.