AZ

Azərbaycan və BƏƏ arasında münasibətlərdə yeni mərhələnin başlanğıcı və Əbu-Dabidən verilən sülh mesajı


Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycanı təkcə dini bağlar deyil, eyni zamanda möhkəm siyasi, iqtisadi, eləcə də mədəni-humanitar əlaqələr birləşdirir. İki ölkə arasında müntəzəm olaraq həyata keçirilən yüksək səviyyəli səfərlər, imzalanan müqavilələr bu əlaqələri daha da inkişaf etdirir, onu yeni bir mərhələyə daşıyır. Bu mənada, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fevralın 3–4-ü tarixlərində BƏƏ-yə işgüzar xarakterli səfəri də ikitərəfli əlaqələrin inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edirdi.

Azərbaycan Prezidenti BƏƏ-yə səfəri çərçivəsində bu ölkədən olan həmkarı Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüşdü. Görüşün nəticəsi olaraq Azərbaycan və BƏƏ prezidentlərinin iştirakı ilə “Cənub Qaz Dəhlizi” QSC-də İqtisadiyyat Nazirliyinə məxsus qeyri-nəzarət payının müəyyən hissəsinin Əbu-Dabi Milli Neft Şirkətinin investisiya qolu olan XRG şirkətinə satışı ilə bağlı alqı-satqı müqaviləsinə dair sənəd imzalandı. Bu, BƏƏ ilə Azərbaycan arasında iqtisadi, xüsusilə enerji sahəsində əməkdaşlığın daha da dərinləşdiyinin göstəricisidir.

Ümumiyyətlə, Əbu-Dabi ilə enerji sahəsini əhatə edən bir neçə əməkdaşlıq istiqaməti mövcuddur. BƏƏ-nin “Masdar” şirkəti indiyə qədər Azərbaycanla birgə ölkəmizdə bir neçə böyük layihə həyata keçirib. Bu proses hazırda da mərhələli şəkildə davam edir. Məsələn, 230 MVt-lıq Qaradağ Günəş Elektrik Stansiyası artıq fəaliyyət göstərir. Qaradağ Günəş Elektrik Stansiyası Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır. Bundan başqa, “Masdar” və SOCAR qarşılıqlı investisiyalarla 1 QVt gücündə əlavə günəş və külək enerjisi layihələrinin tikintisini planlaşdırır. Göründüyü kimi, BƏƏ ilə Azərbaycan arasında enerji sektorunda əməkdaşlıq kifayət qədər genişdir və dövlət başçısının bu dəfəki səfəri çərçivəsində imzalanan sənəd bu əlaqələrin inkişafına əlavə zəmin yaradacaq. Xüsusilə alternativ enerji, yaşıl enerjinin inkişaf etdirilməsi istiqamətində iki ölkə arasında kifayət qədər potensial var.
Bakı ilə Əbu-Dabi arasında hərbi sahədə əməkdaşlıq da yeni bir mərhələyə qədəm qoyub. Dövlət başçısının BƏƏ-yə səfəri çərçivəsində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi arasında müdafiə əməkdaşlığı razılaşması barədə niyyət məktubunun imzalanması buna əyani sübutdur.

Artıq hərbi əməkdaşlığın ilkin addımlarını görürük. Fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan iki ölkənin Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə Əbu-Dabidə keçirilən “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təlimini izlədilər. Hərbi sahədə əməkdaşlıq, ilk növbədə, təcrübə mübadiləsi baxımından əhəmiyyətlidir. Bildiyimiz kimi, BƏƏ müasir hərbi texnologiyalar, pilotsuz uçuş aparatları, kiber təhlükəsizlik və yüksək dəqiqlikli silah sistemləri sahəsində ciddi təcrübəyə malikdir və Azərbaycan üçün bu təcrübədən yararlanmaq ordunun modernləşdirilməsi və texnoloji imkanlarının artırılması baxımından önəmlidir.

Azərbaycan Prezidentinin BƏƏ-yə səfərində ən yadda qalan məqamlardan biri də dövlət başçımıza “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdim edilməsi oldu. Bu mükafat həm Azərbaycan dövləti, həm də onun dövlət başçısı cənab İlham Əliyevə beynəlxalq səviyyədə göstərilən yüksək ehtiramın və etimadın təsdiqi idi. Bu, həm də ölkələr və xalqlar arasında dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq prinsiplərinə verilən qiymətdir.

Hər kəsə məlumdur ki, Azərbaycan Prezidenti uzun illərdir regionda sülhün, sabitliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində ardıcıl çalışır. Dövlət başçısı istər keçmiş Qarabağ münaqişəsi mövcud olduğu illərdə, istərsə də İkinci Qarabağ müharibəsindən sonra ancaq sülh çağırışı edib, Ermənistanla sülh müqaviləsinin imzalanmasının tərəfdarı olub. Cənab Prezident mükafatın təqdimetmə mərasimi zamanı çıxışında da sülhün vacibliyini ifadə etdi, bunun regionumuz və onun inkişafı üçün zəruriliyini vurğuladı. Azərbaycan lideri bütün ali tribunalarda olduğu kimi, Əbu-Dabidən də dünyaya sülh mesajı verdi, bu siyasətə sadiqliyini bir daha beynəlxalq aləmə bəyan etdi. “Zayed İnsan Qardaşlığı Mükafatı” da məhz həmin siyasətin beynəlxalq aləmdə yüksək səviyyədə dəstək gördüyünü və qiymətləndirildiyini göstərir.

Nəsib Məhəməliyev,
Milli Məclisin deputatı
Seçilən
90
newscenter.az

1Mənbələr