AZ

Kinderland romanı Azərbaycan dilində nəşr olundu (FOTO)

ain.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

Tanınmış rumın yazıçısı Liliana Korobkanın "Kinderland” romanı "Park” nəşriyyatında işıq üzü görüb. Bu əsər vasitəçi dil olmadan rumın dilindən Azərbaycan dilinə birbaşa tərcümə edilmiş ilk romandır. Tərcümə Jalə İsmayıla məxsusdur.

Qeyd edək ki, "Kinderland” romanı altı dilə tərcümə olunub. Əsərin qəhrəmanları kənddə yaşayan on iki yaşlı Kristina, onun kiçik qardaşları Daniel və Marçeldir. Uşaqların ata-anası işləmək üçün xaricə gediblər. Balacalar bütün çətinliklərin öhdəsindən təkbaşına gəlməyə çalışır və gecə-gündüz valideynlərinin evə qayıtmasını gözləyirlər.

"Kinderland”ın müəllifi Liliana Korobka 1975-ci ildə Moldovada anadan olub. Filologiya üzrə fəlsəfə doktorudur. Hazırda Kommunizm Cinayətləri və Rumın Miqrasiyası Araşdırmaları İnstitutunun əməkdaşıdır. Senzura haqqında bir neçə kitabın müəllifi və redaktorudur. L.Korobka 2007-ci ildən Rumıniya Yazıçılar Birliyinin, 2017-ci ildə Rumıniya PEN-klubunun üzvüdür. Əsərləri ingilis, alman, italyan, serb, sloven, Niderland və digər dillərə tərcümə edilib.

Yazıçı 2003-cü ildə "Neqrissimo” romanı ilə debüt edib. Roman "Ədəbi Rumıniya” jurnalının "Promotey” və Moldova Yazıçılar İttifaqının "Debüt nəsir” mükafatlarını qazanıb. L.Korobka "Bir il cənnətdə” (2005), "Kinderland” (2013) və "Evdə qalmış qızlar imperiyası” (2015), "Senzorun dəftəri” (2017), "Yolun başı” (2018), "Parabüzən” (2019) romanlarının müəllifidir. "Kinderland” romanı çap olunduğu il "Rumın kitabı” nəşriyyatının "Bookfest 2013”də bestselleri olub. Roman 2017-ci ildə Lyublyana Dövlət Teatrında səhnələşdirilib. "Kinderland” romanı Rumıniya Mədəniyyət Radiosunun nəsr üzrə mükafatını qazanıb.

Liliana Korobka Vilenisada keçirilən (Sloveniya) Beynəlxalq Ədəbiyyat Festivalının "Büllur mükafat”ının sahibidir. Rumıniya, Almaniya, Avstriya, Fransa və Polşada mədəniyyət qurumlarının qrant və təqaüdlərini qazanıb, müxtəlif illərdə Frankfurt Kitab Yarmarkasında, Leykerbad Ədəbiyyat Festivalında Rumıniyanı təmsil edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
55
qaynarinfo.az

1Mənbələr