AZ

"SSRİ-nin UNO sirləri: 30 il gizli qalan arxivlər nəyi üzə çıxarır?" - "The New York Post"

"Soyuq müharibə" dövründə "uydurma" sayılan fenomenin pərdəarxası araşdırmaları..."

Sovet İttifaqında uçan naməlum obyektlərlə (UNO) bağlı onilliklər ərzində aparılmış gizli araşdırmaları əks etdirən sənədlər 30 ildən sonra ictimaiyyətə açıqlanıb.

Moderator.az xəbər verir ki, bu barədə "nyp.com" nəşri yazıb.

Nəşr yazır ki, 1993-cü ildə Rusiyadan gizlicə çıxarılan bu materiallar SSRİ rəhbərliyinin rəsmi ritorikasından kənarda, əslində naməlum uçan obyektlərə nə qədər ciddi yanaşdığını göstərir. Sənəd lər məşhur jurnalist Corc Knappın araşdırmalarına əsaslanır. 

O, arxivləri SSRİ dağıldıqdan sonrakı xaos dövründə, faktiki olaraq xüsusi xidmət orqanlarının "burnunun ucundan" çıxara bilib. İstehza ondadır ki, rəsmi Moskva hələ 1953-cü ildə UNO-ları "Amerika imperialistlərinin fantaziyası" adlandırsa da, paralel şəkildə tamamilə fərqli bir reallıq mövcud olub.

İdeoloji inkar və gizli elmi proqramlar

Rəsmi ideoloji mövqedə UNO mövzusu qəti şəkildə rədd edilsə də, arxivlər Sovet İttifaqında bu sahədə sistemli və çoxşaxəli elmi-tədqiqat proqramlarının mövcud olduğunu təsdiqləyir:

- "Şəbəkə-AN" (1979-cu ildən): Anomal hadisələrin mərkəzləşdirilmiş şəkildə toplanması və təsnifatı.
 
- "Qalaktika-MD" (1981-1985): Naməlum obyektlərin ətraf mühitə və texnikaya təsirinin öyrənilməsi.

- "Pluton-7” (1989-1990): UNO-ların fiziki xüsusiyyətlərinə fokuslanan proqram.

- "Sap-3": Artıq postsovet dövründə də davam etdirilən araşdırma mərhələsi.

1993-cü il tarixli daxili hesabatda qeyd olunur ki, 1978-ci ildən sonra SSRİ ərazisində UNO müşahidələrinin sayı kəskin şəkildə artıb. Bu isə xüsusi xidmət orqanlarını şahid ifadələrinə nəzarəti gücləndirməyə vadar edib.

"Etibarlı" sayılan üç əsas hadisə

Arxivlər minlərlə raportdan ibarətdir. Lakin şahidlərin peşəkar olması və ifadələrin ardıcıllığı baxımından üç hadisə xüsusilə seçilir.

- Nalçik üzərində "meduza" (fevral 1989)

Şəhərin yüzlərlə sakini - hərbçilər, astronomlar və yerli hava limanının əməkdaşları təxminən 140 metr enində, meduzanı xatırladan nəhəng obyekti müşahidə ediblər. Obyekt yer səthindən cəmi 100 metr yüksəklikdə asılı vəziyyətdə qalıb.

Ətrafı güclü qırmızı işıq bürüyüb, daha sonra bu işıq yaşıl parıltılara parçalanıb və yenidən birləşib. Bir müddət sonra ona daha kiçik, yüksək manevr qabiliyyətli başqa bir aparat qoşulub və hər ikisi göydə yoxa çıxıb.

- Anatoli Malışevin iddia edilən təması (iyul 1975)

18 yaşlı həvəskar rəssam Anatoli Malışev meşədə rəsm çəkərkən gümüşü disk formasında obyekt gördüyünü və üç humanoid tərəfindən aparıldığını iddia edib. Onlardan biri şabalıdı saçlı qadın olub.

Malışevin sözlərinə görə, onu Yer kürəsindən üç işıq ili uzaqlıqda yerləşən, daxildən işıqlanan bir planetə aparıblar. Psixiatrik müayinə "möhkəm sinir sistemi"ni təsdiqləsə də, intellektual səviyyəsi orta göstəricidən aşağı qiymətləndirilib. Buna baxmayaraq, müstəntiqlər onun illər boyu ifadəsini dəyişməməsini dürüstlük əlaməti kimi qeydə alıblar.

- Derjavinsk "nəhəngləri" (iyun 1979)

Qazaxıstanda pioner düşərgəsində olan uşaqlar və onların rəhbəri gecə vaxtı təxminən üç metr boyunda, qara və arıq varlıqlarla qarşılaşdıqlarını bildiriblər. Varlıqların gözləri parlaq çəhrayı rəngdə işıq saçırmış.

Ertəsi gün müəllimlərdən biri və bir qız uşağı həmin "nəhənglərdən" birini düşərgənin yaxınlığında stulda oturmuş vəziyyətdə gördüklərini deyiblər. Bir il sonra aparılan təkrar dindirilmələr zamanı uşaqların ifadələrinin xırda detallara qədər üst-üstə düşməsi müstəntiqləri təəccübləndirib.

Cavabdan çox sual

Açılan sənədlər "bunlar kim idi?" sualına qəti cavab vermir. Lakin bir məqam aydındır: Sovet elmi və təhlükəsizlik elitası UNO fenomeninə son dərəcə ciddi yanaşıb. Araşdırmaçı jurnalist Ceremi Korbellin qeyd etdiyi kimi, bu materiallar "soyuq müharibə" tarixinə yeni prizma gətirir - görünür, supergüclər təkcə silahlanma yarışında deyil, eyni zamanda yerüstü olmayan texnologiyalar uğrunda da səssiz rəqabət aparıblar.

Seçilən
54
1
moderator.az

2Mənbələr