AZ

2025-ci ildə ən çox satılan avtomobil markaları açıqlandı


2025-ci ildə qlobal avtomobil bazarında istehlakçıların əsas seçimi tam elektrik avtomobilləri ilə ənənəvi daxili yanma mühərrikləri arasında yerləşən hibrid texnologiyalara yönəlib.
Yeniavaz.com
 BMG agentliyinə istinadən xəbər verir ki, məhz bu “qızıl orta” strategiyası Yaponiya avtomobil nəhəngi “Toyota”ya satışlarda növbəti rekordu qıraraq dünya liderliyini qorumağa imkan verib.
“Toyota Qrup”u (“Toyota”, “Lexus” və “Daihatsu”) 2025-ci ildə ilkin məlumatlara görə 10,5 milyon avtomobil sataraq birinci yeri tutub. Şirkətin hibrid modellərin geniş çeşidli inkişafına və kütləvi istehsalına fokuslanması, bir çox Qərb brendlərinin yalnız elektrik avtomobillərinə keçid fonunda satış tempinin zəiflədiyi bir dövrdə özünü tam doğruldub.
İlin ən diqqətçəkən hadisələrindən biri Çin istehsalçısı BYD-nin qlobal avtomobil bazarında ilk üçlüyə daxil olması olub. Bu, tarixdə ilk dəfədir ki, Çin avtomobil brendi “Ford”, “General Motors” və “Honda” kimi köklü sənaye nəhənglərini geridə qoyub. 4,4 milyon avtomobil satışı ilə üçüncü yerə yüksələn BYD-nin uğuru yalnız Çin bazarı ilə məhdudlaşmayıb. Şirkətin Cənub-Şərqi Asiya, Latın Amerikası və Avropa bazarlarına aqressiv ixrac strategiyası, eləcə də münasib qiymətə texnoloji cəhətdən inkişaf etmiş batareyalar təklif etməsi ənənəvi istehsalçılar üçün ciddi rəqabət mühiti yaradıb.
Avropa bazarının lideri “Volkswagen Group” isə Çində artan rəqabət və elektrik avtomobil xəttinin yenidən qurulması ilə bağlı çətinliklərə baxmayaraq, 9,2 milyon satışla ikinci mövqeyini qoruyub saxlayıb. Cənubi Koreyanın “Hyundai-Kia” Motor Qrupu 3,9 milyon satışla ilk beşlikdə yerini möhkəmləndirib ki, bu da əsasən ABŞ və Hindistan bazarlarında SUV modellərinə olan yüksək tələbatla izah olunur.
Maraqlıdır ki, 2025-ci ildə dünya üzrə satılan hər ikinci avtomobil krossover və ya SUV olub. Bu göstərici praktiklik və universallığın hələ də istehlakçı prioritetləri arasında ön sırada qaldığını göstərir.
“Stellantis” və “General Motors” kimi Qərb avtomobil istehsalçıları 2025-ci ildə daha çox mənfəətin qorunmasına və istehsal xərclərinin optimallaşdırılmasına diqqət yetiriblər. Eyni zamanda, “Tesla” ilə Çin brendləri arasında başlayan qiymət müharibəsi bütün bazar iştirakçılarını qiymət siyasətlərini yenidən nəzərdən keçirməyə vadar edib. “Tesla” “Model Y” dünyanın ən çox satılan fərdi modellərindən biri olaraq qalsa da, ümumi korporativ satış həcminə görə şirkət hələ də çoxprofilli istehsalçılardan geri qalır. Bunun əsas səbəbi isə bazarda hibrid və daha əlçatan daxili yanma mühərrikli modellərin üstünlük təşkil etməsidir.
2025-ci ildə ən çox avtomobil satan qruplar:
Toyota Qrup – 10,5 milyon
Volkswagen Qrupu – 9,2 milyon
BYD Qrupu – 4,4 milyon
Hyundai-Kia Motor Qrupu – 3,9 milyon
General Motors – 3,5 milyon
Stellantis – 3,2 milyon
Ford Motor – 3,1 milyon
Honda Motor – 2,9 milyon
Nissan Motor – 2,7 milyon
Seçilən
70
yeniavaz.com

1Mənbələr