
2000–2024-cü illər ərzində bütün yaş qruplarında həm kişilər, həm də qadınlar arasında tütün istifadəsində davamlı azalma müşahidə olunsa da, bu vərdişdən imtina mövzusunda qadınlar ön cərgədədir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə hər il 9 fevral "Ümumdünya Siqaretlə Mübarizə Günü" kimi qeyd olunur. ÜST-ün məlumatlarına görə, qlobal istehlak azalsa da, tütün epidemiyası hələ tam bitmiş hesab olunmur.
Statistik Göstəricilər
ÜST-nin 2025-ci il hesabatına əsasən, 2000-ci ildə 1,38 milyard olan tütün istifadəçisi sayı 2024-cü ildə 1,2 milyarda düşüb. 2010-cu ildən bəri istifadəçilərin sayı təxminən 27% azalıb. Buna baxmayaraq, hər beş yetkin insandan biri hələ də tütün asılılığından əziyyət çəkir.
Yeni Təhlükə: Elektron Siqaretlər
Elektron siqaretlərin istifadəsi dünya miqyasında sürətlə artmaqdadır. Hazırda dünyada 100 milyondan çox insan elektron siqaret istifadə edir. Təhlükəli məqam odur ki, 13-15 yaş qrupuna aid 15 milyon uşaq artıq elektron siqaret asılısıdır. Tütün sənayesi nikotin paketləri və qızdırılan tütün məhsulları ilə bu asılılığı yaymağa davam edir.
Qadınlar tütün istifadəsini azaltmaq məqsədinə kişilərdən daha tez nail olublar:
* Qadınlar 2025-ci il üçün müəyyən edilmiş hədəfə 5 il əvvəl, yəni 2020-ci ildə çatıblar.Qadınlar arasında tütün istifadəsi 2010-cu ildə 11% idisə, 2024-cü ildə bu göstərici 6,6%-ə enib.Kişilərin isə bu hədəfə yalnız 2031-ci ildə çatacağı proqnozlaşdırılır. Hazırda dünyadakı tütün istifadəçilərinin 4/5-dən çoxu kişilərdir.
Regional Mənzərə
Tütün istifadəsi coğrafi bölgələrə görə kəskin fərqlənir. Cənub-Şərqi Asiyada kişilər arasında istifadə 70%-dən 37%-ə düşüb. Avropa isə yetkinlərin 24,1%-lik istifadə göstəricisi ilə dünya üzrə ən yüksək pillədə qərarlaşıb. Afrika 9,5% ilə ən aşağı göstəriciyə malik olsa da, əhali artımı səbəbindən istifadəçi sayı artmaqdadır.