“Çelsi”nin yarımmüdafiəçisi Koul Palmer İngiltərə Premyer Liqasının 25-ci turunda “Vulverhempton”a qarşı keçirdikləri oyunda 2 tarixi rekorda imza atıb.
Arena.az xəbər verir ki, 23 yaşlı futbolçu 3:1 hesablı qələbəyə sevindikləri qarşılaşmanın ilk hissəsində het-trik edib.
O, qollardan birini oyundan, ikisini isə penaltidən vurub.
Bununla da Palmer İngiltərə Premyer Liqası tarixində ilk hissədə üç dəfə het-trik etmiş ilk oyunçu kimi tarixə düşüb.
Bundan əlavə, gənc futbolçu “Çelsi”nin heyətində het-trik sayına görə klub rekordunu təzələyib. O, “zadəganlar”ın forması ilə Premyer Liqada dördüncü dəfə bir matçda üç qol vurmağa nail olub.
Koul Palmer “Mançester Siti”nin məzunudur. Hücumameyilli yarımmüdafiəçi “Çelsi”yə 2023-cü ilin sentyabr ayında 47 milyon avro məbləğ müqabilində məhz “Mançester Siti”dən keçib. Palmerin London təmsilçisi ilə müqaviləsinin müddəti 2033-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Palmer “zadəganlar”ın heyətində bütün yarışlarda 17 oyuna çıxıb, 8 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.
Palmer “Çelsi”nin heyətində ümumilikdə 114 oyun keçirib, 51 qol vurub, 31 məhsular ötürmə verib.
Koul Palmer 2023-cü ilin noyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 12 oyun keçirib, 2 qol vurub, 1 məhsudlar ötürmə verib.
Palmer İngiltərənin U-21 yığması ilə Avropa çempionu (2023) olub. Koul “Mançester Siti” ilə də UEFA Çempionlar Liqasını (2022/2023), İngiltərə Premyer Liqasını (2021/2022, 2022/2023), UEFA Super Kubokunu (2023/2024), İngiltərə Kubokunu (2023), İngiltərə Liqa Kubokunu (2021) qazanıb. “Çelsi” ilə isə Palmer Konfras Liqasının (2024/2025) və FIFA Klub Dünya Kubokunun (2025) qalibi olub.
“Transfermarkt” internet-portalı 23 yaşlı ingilis hücumameyilli yarımmüdafiəçinin transfer dəyərini 120 milyon avro məbləğində qiymətləndirir.
