Səudiyyə Ərəbistanının tanınmış idman şərhçisi Vəlid Əl-Fərəc “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldonu klub rəhbərliyindən narazılığına görə tənqid edib.
Publika.az xəbər verir ki, “A Bola” qəzeti Əl-Fərəcdən sitat gətirib:
“Kriştiano Ronaldo öz yerini bilməlidir. Bu ölkəyə Ronaldonun Ərəbistanı yox, Səudiyyə Ərəbistanı deyilir. O, səfir vəzifələrini məşqçi vəzifələri ilə qarışdırır. Ronaldo məyusedicidir. O, muzdlu işçidir, Avropada qazandığından daha çox maaş alır. Liqaya hörmət etməlidir, əks halda getməli olacaq.
Hətta 500 yaşı olsaydı belə, Ronaldo heç vaxt Ağ Evə girə bilməzdi. Əgər o, Səudiyyə Ərəbistanı nümayəndə heyətinin tərkibində olmasaydı, qapıya belə yaxınlaşmazdı”.