AZ

Alen Simonyan niyə Moskvaya gedib? - FOTO

Ermənistan parlamentinin spikeri Alen Simonyanın Moskvaya səfəri açıq şəkildə qarşıdan gələn seçki kampaniyasının məntiqinə uyğunlaşdırılıb – iyunun 7-nə Ermənistan Milli Assambleyasına seçkilər təyin edilib.

Ermənistanda hakim olan “Vətəndaş Müqaviləsi” Partiyasının mövqelərini möhkəmləndirmək, hökumət üzərində nəzarəti qorumaq və spiker kreslosu da daxil olmaqla əsas postları saxlamaq baxımından bu seçkilər prinsipial əhəmiyyət daşıyır.

Faktiki olaraq söhbət Nikol Paşinyan komandasının hakimiyyətin əsas rıçaqları üzərində nəzarətinin uzadılmasından gedir.

Bu baxımdan Moskvaya müraciət praqmatik görünür. İrəvanın ümumi Qərbyönlü kursu fonunda bu, daha çox məcburi taktiki manevrdir: Ermənistana Rusiya ilə münasibətlərin situativ normallaşdırılması, həmçinin məhz Rusiya Federasiyasında cəmləşmiş ən böyük erməni diasporunun dəstəyi lazımdır.

Moskvanın Simonyana baxışı

Alen Simonyanın Moskvaya əvvəlki səfəri hələ 2021-ci ilin oktyabrında baş tutmuşdu. Onun Rusiya rəhbərliyi ilə münasibətləri mürəkkəb olaraq qalır: Moskvanın siyasi dairələrində Simonyan Ermənistan siyasi isteblişmentinin ən sərt, bəzən isə açıq şəkildə antirusiya ritorikasını təmsil edən fiqur kimi qəbul olunur. Bununla belə, rəsmi görüşlərdə spiker qəsdən barışdırıcı ton nümayiş etdirir. Bu ziddiyyət İrəvanın hazırkı xarici siyasət xəttinin ikili xarakterini aydın şəkildə əks etdirir.

Yüksək tonlu söhbət

Bu gərginliyin konturları Simonyanın Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşünün yekunlarına dair yayılan press-relizlərdə və sonrakı brifinqdə özünü göstərdi. Erməni nümayəndə heyətinə İrəvan siyasətçilərinin guya “şimaldan hücumlara hazırlıq”, KTMT tərəfindən “ekzistensial təhlükə”, eləcə də iki ölkənin ictimai məkanında “etimadsızlıq və düşmənçilik yayan qüvvələr” barədə son bəyanatları xatırladıldı. Başqa sözlə, Moskvada Simonyana açıq şəkildə bildirildi ki, bu cür ritorikanın nəticələri var.
 

Ayrıca olaraq Ermənistan Apostol Kilsəsi ətrafındakı vəziyyət məsələsi qaldırıldı. Simonyan kilsəyə qarşı təqiblər olacağı təqdirdə şəxsən müdaxilə etməyə hazır olduğunu bildirsə də, ruhanilərə qarşı açılan cinayət işlərinin guya yalnız ehtimal olunan hüquq pozuntuları ilə bağlı olduğunu vurğuladı.


Bu arada Ermənistan İstintaq Komitəsi ruhanilərin nümayəndələri arasında mütəmadi axtarışlar aparır: dörd yepiskop həbsdədir, daha yeddi nəfər isə hakimiyyəti zorla ələ keçirməyə çağırışlarla bağlı ittihamlarla ölkəni tərk etməmək haqqında iltizam altındadır. Moskva üçün bu mövzu təkcə dini deyil, həm də siyasi-simvolik əhəmiyyət daşıyır.

Eyni zamanda, Lavrov faktiki olaraq daha əvvəl Vladimir Putin tərəfindən səsləndirilmiş formulu təkrarladı: Rusiya Ermənistanın “suveren seçiminə” hörmətlə yanaşır. Bu ifadə diqqətlə formalaşdırılmış siqnal kimi səsləndi – Moskva İrəvanın istənilən xarici siyasət vektoru ilə barışmağa hazırdır, lakin praqmatizm və qarşılıqlı maraqların nəzərə alınmasını gözləyir.

Eyni xətti Federasiya Şurasının sədri Valentina Matviyenko da davam etdirdi. O, “əsrlərlə formalaşmış dostluq ənənələrinin” əhəmiyyətini və onların Cənubi Qafqazın sabitliyinə verdiyi töhfəni vurğuladı. Burada diplomatik dil kifayət qədər konkret hesablamanı gizlədir: hazırda Moskvanın əsas arqumenti iqtisadi qarşılıqlı asılılıqdır.

İllüziyasız iqtisadiyyat

Bu maraqların praktik ifadəsi rəqəmlərdə açıq görünür. Ötən ilin sonunda Avrasiya İnkişaf və Yenidənqurma Bankı regionun sənaye potensialına dair araşdırma dərc edib və orada açıq şəkildə göstərilib ki, MDB və Avrasiya İqtisadi İttifaqına üzv hansı ölkələr anti-Rusiya sanksiyalarının yan keçilməsi hesabına daha çox qazanc əldə edir.

Liderlər sırasında Qırğızıstan və Ermənistan yer alıb. Rusiyaya “ikinci səviyyəli emal” məhsullarının – avadanlıq, cihazlar, texnoloji komponentlər – ixracı, xüsusilə Ukraynada müharibə başlayandan sonra dəfələrlə artıb. Moskva ilə İrəvan arasında ticarət dövriyyəsinin 2024-cü ildə rekord həddə – 11,7 milyard dollara – yüksəlməsi, daha sonra isə gözlənilən azalmanın baş verməsi məhz bununla izah olunur.

Faktiki olaraq Ermənistan mühüm tranzit və vasitəçi mərkəzə çevrilib. Moskva üçün bu, iqtisadi buferdir, İrəvan üçün isə gəlir mənbəyi və danışıqlarda arqumentdir.

Digər tərəfdən, Rusiya müəyyən mənada Ermənistan üzərindən həyata keçirilən paralel idxal hesabına da ayaqda qalır.

İki stulda oturmaq mümkün olacaqmı?

Simonyanın səfəri daha bir strateji mövzunu da aktuallaşdırdı: İrəvanın eyni vaxtda Avrasiya İqtisadi İttifaqında qalmaq və institusional olaraq Avropa İttifaqı ilə yaxınlaşmaq istəyi. Əgər əvvəllər bu, siyasi akrobatika təsiri bağışlayırdısa, indi daha çox hesablanmış diplomatik strategiyaya çevrilir.

Sergey Lavrovun Ermənistanın mümkün Aİ üzvlüyünün Aİİ-də iştirakla uyğun gəlmədiyinə dair iradına cavab olaraq Simonyan vurğuladı ki, İrəvan Avrasiya inteqrasiyasından çıxmağı planlaşdırmır və bütün tərəflər üçün faydalı formula tapacağına ümid edir.

Nəzəri baxımdan iki məkanın “uzlaşdırılması” ideyası tamamilə mənasız deyil, xüsusən də uzunmüddətli perspektivdə. Bu, müəyyən mənada 2012–2013-cü illərdə Moskvanın Brüssellə iqtisadi təsir zonalarının bölüşdürülməsi barədə dialoq cəhdlərinə qayıdışdır. Həmin vaxt Aİ Rusiyanın narahatlıqlarını nəzərə almadan postsovet məkanının avropalaşdırılması siyasətini üstün tutdu. Bunun nəticələri hamıya məlumdur.

Uzun məsafəyə hesablanan oyun

Ermənistan strategiyası “uzun oyun” kimi qurulub. İki blokla paralel qarşılıqlı əlaqənin real mexanizmləri yalnız 2030-cu illərdə mümkün ola bilər – həm Rusiyada, həm də Ermənistanın özündə artıq fərqli siyasi konfiqurasiyada. Əslində, İrəvan gözləmə məkanı formalaşdırır və imkanları tədricən toplayır.

Bu mənada Ermənistan modeli Türkiyənin Avropa ilə münasibətlərinə bənzəyir: Brüsselə yaxınlaşma prosesi 1980-ci illərdən bəri davam edir, vaxtaşırı aktivləşir, lakin formal üzvlüklə nəticələnmir.

Hətta Ermənistan Avropa İttifaqının üzvü olmasa belə, hər iki istiqamətdən fayda götürən hibrid əməkdaşlıq modeli qura bilər. Məsələn, öz ərazisində Avrasiya İnkişaf Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı kimi institutların paralel fəaliyyətini təmin etməklə.

Bu yanaşma Qazaxıstan üçün də maraqlı ola bilər. Orada artıq Avropa İttifaqı ilə genişləndirilmiş tərəfdaşlıq sazişi mövcuddur və Avropa istiqaməti ölkənin xarici ticarətinin üçdə birindən çoxunu təmin edir.

Strateji perspektivdə belə bir model yalnız Moskva ilə Avropa paytaxtları arasında münasibətlərin tədricən normallaşması şəraitində mümkün ola bilər.

Hazırda isə Alen Simonyanın Moskvaya səfəri vaxt udmaq, gərginliyi azaltmaq və Şərqlə Qərb arasında manevr imkanlarını qorumaq məqsədi daşıyan ehtiyatlı bir cəhd kimi görünür – hər iki tərəflə əlaqələri qırmadan. (Haqqin.az)


Seçilən
7
2
news365.az

10Mənbələr