AZ

Mbappe PSJ dən 6 milyon avro tələb edir

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Paris, 8 fevral, AZƏRTAC

PSJ ilə onun keçmiş hücumçusu Kilian Mbappe arasındakı hüquqi mübarizə yeni mərhələyə qədəm qoyub. Məhkəmə icraçısı Paris klubunun baş qərargahı olan “Factory”yə gələrək, təxminən 6 milyon avro məbləğində ödəniş tələbi təqdim edib. Sözügedən məbləğin Mbappeyə məxsus olduğu və ödənişli məzuniyyətlərə, eləcə də faizlərə uyğun gəldiyi bildirilir.

AZƏRTAC xəbər verir ki, bu addım dekabrın sonunda əmək mübahisələri üzrə məhkəmənin qərarından sonra atılıb. Həmin qərara əsasən, PSJ Kilian Mbappeyə klubda çıxış etdiyi dövrdə ödənilməmiş maaşlar və mükafatlar üçün ümumilikdə 60,9 milyon avro ödəməli idi. “L’Équipe” nəşrinin məlumatına görə, Paris klubu 55 milyon avronu ödəsə də, qalan 5,9 milyon avro hələ də köçürülməyib.

Məhkəmənin müvəqqəti icra qərarına baxmayaraq, bu məbləğin ödənilməməsi Mbappe tərəfini icra məmuru vasitəsilə hərəkətə keçməyə vadar edib. PSJ-nin tələbi yerinə yetirməsi üçün səkkiz gün vaxtı var. Əks halda, məbləğin birbaşa klubun bank hesablarından tutulması riski yaranır.

Paris-Sent-Jermen rəhbərliyi isə verdiyi açıqlamada maaş və mükafatların tam ödənildiyini bildirib və qalan məbləğlə bağlı danışıqların davam etdiyini vurğulayıb. Lakin Mbappe bu versiyanı təkzib edir. Klub fevralın 19-dək apellyasiya şikayəti verə bilər.

Mbappe ilə PSJ arasındakı qarşıdurma yalnız maliyyə məsələləri ilə məhdudlaşmır. Hazırda “Real Madrid”in formasını geyinən futbolçu daha əvvəl də keçmiş klubuna qarşı mənəvi təzyiq (psixoloji zorakılıq) iddiası ilə məhkəmə prosesi başladıb. İddiaların mərkəzində 2023-cü ilin yayında Mbappenin komandanın əsas heyətindən kənarlaşdırılaraq “loft” adlanan qrupda saxlanılması dayanır. Futbol dünyasında mübahisəli hesab edilən bu praktika bəzi oyunçuların əsas heyətdən təcrid olunmasını nəzərdə tutur.

Həmin vaxt dünya çempionu olan hücumçu hüquqi gərginliyi azaltmaq və diqqətini yalnız meydandakı çıxışına yönəltmək üçün bu şikayətdən imtina etmişdi. Kilian Mbappe PSJ ilə münasibətlərində sonuncu və həlledici bir hüquqi mübarizə aparmaq niyyətindədir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
9
azertag.az

10Mənbələr