AZ

"Bloomberg": Rusiya əmək bazarındakı böhran səbəbindən Hindistan və Şri-Lankaya müraciət edib

Rusiya əmək bazarındakı böhran fonunda Hindistan, Şri-Lanka və digər Asiya ölkələrinə rekord sayda işçi üçün müraciət edib.

"Report" xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Məlumata görə, 2025-ci ildə Rusiya Daxili İşlər Nazirliyi əcnəbilərə 240 mindən çox iş icazəsi verib. Bu, 2017-ci ildən bəri ən yüksək göstəricidir. Artımın böyük hissəsi Hindistan, Şri-Lanka, Banqladeş və Çin vətəndaşlarının payına düşür.

Nəşr qeyd edib ki, asiyalı işçilər yalnız qar təmizləyən kimi vəzifələrdə deyil, həm də tikinti meydançaları, restoran və otellərdə işləyirlər. Onlar üçün intensiv rus dili kursları təşkil edilir, hətta Rusiyanın bazarına yönəlmiş qaynaqçılar üçün Hindistanın cənubunda tədris mərkəzi açılıb.

Agentlik bildirib ki, vizasız Rusiyaya daxil ola bilən və tez-tez işəgötürən dəyişdirən Mərkəzi Asiya miqrantlarından fərqli olaraq, şirkətlər indi viza və müqavilələrlə işlərinə bağlı olan əməkdaşlarla maraqlanırlar. Belə əməkdaşlar rusiyalılardan ucuz başa gəlir, çünki ixtisaslı hindistanlı elektrik rus həmkarından 25 % az qazanır.

Qeyd edək ki, Moskva və Nyu-Dehli 2025-ci ilin dekabrında əmək miqrasiyası prosedurlarını sadələşdirən saziş imzalayıb. Hindistanlı işçilərin sayı bir neçə il ərzində 11 dəfə artıb: 2021-ci ildə onlara təxminən beş min iş icazəsi verilib, 2025-ci ildə isə 56 mindən çox hindistanlı iş icazəsi ilə təmin edilib.

Seçilən
39
2
far.az

3Mənbələr