AZ

"İdrak"dakı hadisə ilə bağlı YENİ AÇIQLAMA: Silahın sahibinə bu qədər cəza veriləcək...

Təhsil ocaqlarında təhlükəsizlik məsələsi yenidən gündəmin mərkəzinə çıxıb. Bakıda yerləşən “İdrak” liseyində baş verən silahlı insident cəmiyyətdə ciddi narahatlıq yaradıb. Liseyin 10-cu sinif şagirdi müəllimini ov tüfəngi ilə güllələyib. Hadisə təkcə məktəbdaxili təhlükəsizlik boşluqlarını deyil, eyni zamanda, odlu silahların saxlanılması və nəzarəti ilə bağlı mövcud problemləri də üzə çıxarıb.

Xüsusilə azyaşlı və ya yetkinlik yaşına çatmayan şəxslərin odlu silaha çıxış imkanının olması cəmiyyətdə suallar doğurur: silah kimə məxsus olub, hansı şəraitdə saxlanılıb və necə olub ki, şagirdin əlinə keçib? Bu suallar fonunda əsas diqqət hadisədə istifadə olunan silahın sahibinin hüquqi məsuliyyətinə yönəlir.

Moderator.az xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Şamil Paşayev bildirib ki, ilk növbədə hadisənin hansı silahla törədildiyi dəqiqləşdirilməlidir.

Onun sözlərinə görə, əgər hadisə ov tüfəngi ilə baş veribsə, bu zaman silahın yivli və ya yivsiz olması mühüm əhəmiyyət daşıyır:

“Silah yivli və sənədsizdirsə, bu halda silah sahibinə qarşı qanunsuz olaraq odlu silah saxlama, daşıma, gəzdirmə və başqa şəxsə vermə maddələri ilə məsuliyyət yarana bilər. Yivli odlu silah olduqda cinayət məsuliyyəti, yivsiz olduqda isə inzibati məsuliyyət tətbiq edilir”.

Hüquqşünas qeyd edib ki, məsuliyyət yalnız silahın növü ilə məhdudlaşmır. Silahın diqqətsiz saxlanılması faktı da ciddi hüquqi nəticələr doğura bilər.

“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 230-cu maddəsinə əsasən, odlu silahın diqqətsiz saxlanılması nəticəsində başqa şəxsin ondan istifadə etməsi və bunun ağır nəticələrə səbəb olması halında silah sahibi iki ilədək islah işləri, iki ilədək azadlığın məhdudlaşdırılması və ya iki ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər”.

Seçilən
1
1
moderator.az

2Mənbələr