AZ

Gürcüstan xarici təsirlə mübarizədə ən uğurlu təcrübəyə malikdir Kobaxidze

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

Gürcüstan xarici təsirlə mübarizə sahəsində ən yaxşı təcrübələrdən birinə malikdir və bu təcrübəni Avropa Şurası ilə bölüşməyə hazırdır.

Bizimyol.info xəbər verir ki, bu barədə ölkənin Baş naziri İrakli Kobaxidze açıqlama verib.

Onun sözlərinə görə, Avropa Şurası aparılan araşdırma çərçivəsində üzv dövlətlərdən, o cümlədən Gürcüstandan xarici informasiya manipulyasiyası və müdaxiləsi ilə bağlı məlumat təqdim etməyi xahiş edib. Gürcüstan artıq bu istiqamətdə müvafiq sənədi hazırlayıb.

“Avropa Şurasının bu mövzuya maraq göstərməsindən məmnunuq. Gürcüstan həqiqətən də xarici təsirlə mübarizədə ən uğurlu təcrübələrdən birinə sahibdir. Bildiyiniz kimi, şəffaflıq haqqında qanun məhz bu məqsədə xidmət edir və sonrakı qanunvericilik təşəbbüsləri də eyni məqsədlə hazırlanıb. Biz Avropa Şurası ilə bu sahədəki təcrübəmizi bölüşməyə tam hazırıq”, – deyə Kobaxidze bildirib.

Baş nazir qeyd edib ki, Gürcüstan xarici təsirin qarşısının alınması istiqamətində əlavə addımlar atmağa davam edir və “Qrantlar haqqında” qanuna edilən dəyişikliklər də məhz bununla bağlıdır.

“Qanunun yan keçilməsi üçün müəyyən imkanlar mövcud idi. İrəli sürülən qanun layihəsi mahiyyət etibarilə bu cür mexanizmlərin neytrallaşdırılmasına xidmət edir”, – deyə o vurğulayıb.

Avropa Şurasının rəsmi saytında yer alan məlumata görə, sözügedən araşdırma xarici təsirlə bağlı müəyyən hərəkətlərin cinayət məsuliyyəti baxımından hüquqi çağırışlarını və boşluqlarını təhlil edir, həmçinin dezinformasiya və xarici təsirlə mübarizə məqsədilə preventiv, maarifləndirici və təhsil tədbirlərinə dair mümkün yanaşmaları müəyyənləşdirir.

Araşdırma, Avropa Şurasının xarici informasiya manipulyasiyası və müdaxiləsi (FIMI), o cümlədən dezinformasiya ilə bağlı ayrıca hüquqi alət hazırlamasının məqsədəuyğunluğunu da nəzərdən keçirir. Sənəddə seçkilərə müdaxilə, media üzərində nəzarətin cəmlənməsi, media azadlığı, demokratik və informasiya savadlılığı, mütəşəkkil cinayətkarlıq, kibercinayətkarlıq, korrupsiya, süni intellektdən və digər texnologiyalardan sui-istifadə kimi risklər araşdırılır.

Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
bizimyol.info

1Mənbələr