AZ

Jurnalist hadisə yerində- "İdrak"da...

BAKI, 7 fevral. TELEQRAF

Xeyr, elə deyil.

Xəbər çıxan kimi jurnalistlərin hadisə yerində olması tamamilə doğrudu, təbiidi, peşə tələbidi.

Ölkədə, ölkənin paytaxtında, paytaxtın ən məşhur guşələrinin birində - köhnə "Karl Marks" deyilən yerdə, Azadlıq prospektinin düz kənarında özünə məskən seçmiş liseydə qeyri-spesifik hadisə baş verib və şagird müəlliməsinə silahdan atəş açıbsa, jurnalist ofisdə oturub "müvafiq orqanlar"dan gələn press-relizi gözləyə bilməz. Əsla!

Jurnalist üçün hər bir şəxs, hər bir müşahidə, hər bir qaraltı-bozartı informasiya mənbəyi ola bilər və buna məhdudiyyət qoymaq düzgün deyil.

Məşhuri-cahan liseyin qarşısına media mənsubları toplanıbsa, bir təmsilçi, bir nümayəndə, bir hüquqi və ya fiziki şəxs nədən çıxıb olsun uzun, olsun gödək, yaxud təfərrüatlı və ya müxtəsər açıqlama vermədi?

Binasının alnına nəhəng hərflərlə İDRAK LİSEYİ yazılmış müəssisə qapalı məkan deyil, öz təqdimatında yazıldığı kimi üç dildə, üç pillədə təhsil verən sözün həm də hərfi mənasında nəhəng müəsissədi. Təhsil ocağıdı!

Burada oxuyan şagirdlərin, pedaqoji-texniki heyətin sayını müəyyənləşdirən rəqəmi internet resurslarında tapa bilmədik, hər halda liseydə məktəbəqədər uşaqlara da dərs verilirsə, çox şeyi təxəyyül hesabına bərpa edib gerçəklik yaratmaq olur.

İlk dəqiqələrdə liseydə heç nə baş vermədiyi, olayın kənarda (!) törədildiyi iddiaları böyük ehtimalla hadisə yerində olan jurnalist ordusunun şahidliyi və yaydığı xəbərlər hesabına puç oldu. Allah bilir, press-relizdə nə yazacaqdılar.

Hadisəni onun təhqiqatı və istintaqı üçün qapalı edən zərurətə gəldikdə, sadə düşüncəylə də belə bir əsaslandırma inandırıcı görünmür. Hadisə bəsit bir kriminal hekayətdi: Özəl təhsil müəssisəində oxuyan 10-cu sinif şagirdi odlu silahla liseyə daxil olub, asanca mühafizə turniketindən keçib və müəlliməyə atəş açıb.

Müəllimə boynundan yaralanıb - cərrahi əməliyyatla bağlı məlumatda zədələrin bu nahiyədə olduğu deyilir.

Müəllimə sağdı, şagird isə saxlanılıb. Vəssalam. Hər şey kriminalistlərin ovcunun içində.

Bəs ictimaiyyət? Budu məsələ! İctimaiyyətə hansı təfərrüat açıqlanacaq? Silah məktəbə hansı marşrutla gətirilib, metrodan keçibmi? Uşaq liseyə taksiylə gəlibmi? Silah kimin adınadı? Valideynlər kimdi? Müəllim-şagird konfliktinin kökündə nə dayanır? Təhsilimizdə, ailələrimizdə, uşaqlarımızın tərbiyəsində hansı səhvlərə yol verilib?

Bu mövzuları qapalı saxlamaq olarmı? Xeyr, yox, əsla.

Bu problemlərin ağırlığını, siqlətini press-relizlərə yerləşdirmək mümkün olmayacaq. Başımızı tovlamayın.

Seçilən
12
1
teleqraf.com

2Mənbələr