AZ

Müharibə martda bitə bilər

Vaşinqton və Kiyev mart ayında Rusiya və Ukrayna arasında sülh razılaşmasının əldə olunmasını müzakirə ediblər.

Redaktor.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrinə istinadən məlumat yayıb. 

Bildirilir ki, ABŞ və Ukrayna arasında danışıqlar zamanı müzakirə edilən sxemə əsasən, əldə olunacaq hər hansı razılaşma Ukraynada referenduma çıxarılacaq. ABŞ və Ukrayna rəsmilərinin may ayında seçkilərin və referendumun keçirilməsi imkanını müzakirə etdikləri qeyd olunur. 

Mənbələrin məlumatına görə, noyabr ayında baş tutacaq aralıq seçkilər yaxınlaşdıqca, ABŞ Prezident Donald Tramp çox güman ki, daxili məsələlərə daha çox diqqət ayıracaq, bu isə danışıqlarda iştirak edən amerikalıların vaxtının az olmasından xəbər verir. 

Lakin danışıqların gedişi ilə tanış olan bir neçə mənbə təklif olunan qrafikin real olmadığı qənaətindədir. Belə ki, 
Ukraynanın seçki orqanları mövcud şəraitdə seçkilərin təşkilinin təxminən 6 ay çəkəcəyini proqnozlaşdırırlar. 

Kiyev referendumun bütövlüyünü qorumaq üçün seçki kampaniyası dövründə atəşkəs tələb edir, lakin ortada Kremlin döyüş əməliyyatlarını dayandırmaq vədlərini pozmaq tarixçəsi də var.

“Ukraynanın mövqeyi ondan ibarətdir ki, ABŞ və tərəfdaşları Ukrayna üçün təhlükəsizlik təminatları verməyincə heç nə razılaşdırıla bilməz” - mənbə deyib.

Məlumata görə, Zelenski yaxın gələcəkdə seçkilərin keçirilməsi ideyasına açıqdır. Bununla belə, yaxın gələcəkdə Ukraynada sülhün bərqərar olmasının qarşısındakı əsas maneə Donbas bölgəsinin taleyinə dair aydınlığın olmamasıdır.

“Ərazi məsələsində hələ də heç bir irəliləyiş yoxdur”, - vəziyyətlə tanış olan mənbənin açıqlamasında deyilir.

Seçilən
1
4
redaktor.az

5Mənbələr