AZ

Vens Ermənistanla hansı sənədləri imzalayacaq? Nazir müavini açıqladı...

ain.az bildirir, Azpolitika.az portalına istinadən.

Ermənistanın xarici işlər nazirinin müavini Vaan Kostanyan ABŞ vitse-prezidentinin bu ölkəyə səfərinin baş tutacağını təsdiqləyib.

"AzPolitika" xəbər verir ki, Kostanyan bu barədə jurnalist Petros Kazaryanla müsahibəsində danışıb. Onun sözlərinə görə, səfərin konkret tarixi hələ açıqlanmır, çünki bu məsələ yekun ikitərəfli protokolda təsbit edilməlidir. Bununla belə, səfərin özü artıq razılaşdırılıb.

Nazir müavini bildirib ki, səfər zamanı Ermənistan–ABŞ əməkdaşlığının çərçivələrini genişləndirən yeni bəyanatlar səsləndiriləcək. Xüsusilə dinc nüvə energetikası sahəsində əməkdaşlıq üzərində uzun müddətdir iş aparıldığı vurğulanıb. Kostanyanın sözlərinə görə, məqsəd gələcəkdə Ermənistanda kiçik modul nüvə reaktorunun quraşdırılması üçün baza formalaşdırmaqdır.

O qeyd edib ki, tərəflər energetika ilə yanaşı, mühüm minerallar, təhlükəsizlik və yüksək texnologiyalar sahələrində də əməkdaşlığı müzakirə edirlər. Ermənistanın resurs potensialı ilə bağlı dəqiq anlayışa ehtiyacı olduğunu bildirən Kostanyan ABŞ tərəfdaşlarının həm məlumat, həm də ekspert dəstəyi göstərəcəyinə ümid etdiklərini deyib. Onun sözlərinə görə, hazırda araşdırılan ehtimallar təsdiqlənərsə, bu, iki ölkə arasında strateji əməkdaşlığın yeni istiqamətini formalaşdıra bilər.

Texnoloji əməkdaşlığa da toxunan XİN başçısının müavini bildirib ki, Ermənistan artıq yüksək məhsuldarlıqlı avadanlıqların ixracı üçün ABŞ-dən iri lisenziyalar əldə edib. Onun sözlərinə görə, ABŞ-nin müvafiq qurumlarında növbələr uzun olsa da, ötən yay verilən siyasi siqnal İrəvana bu sahədə irəliləməyə imkan yaradıb. Hazırda bu tədarüklərin genişləndirilməsi istiqamətində iş aparılır ki, data-mərkəzlər və süni intellekt layihələri real texniki imkanlarla təmin olunsun.

Kostanyan Ukrayna müharibəsindən sonra Ermənistandakı bir sıra şirkətlərin ikili təyinatlı avadanlıqların idxalı ilə bağlı çətinliklərlə üzləşdiyini də etiraf edib. Onun sözlərinə görə, problemlərin böyük hissəsi artıq aradan qaldırılıb, qalan məsələlər üzrə isə konstruktiv dialoq davam edir. Prioritet biznes fəaliyyətinin tam şəffaf şəraitdə həyata keçirilməsidir.

Nazir müavini həmçinin qeyd edib ki, Ermənistan ABŞ-la yeni ikitərəfli sazişlər üzrə danışıqlara başlayan ilk ölkələr sırasındadır. Bu mexanizmlərə marağın böyük olduğunu vurğulayan Kostanyan İrəvanın prioritet mövqe əldə etməsini Vaşinqtonun Ermənistana olan etimadının göstəricisi kimi dəyərləndirib.

TRIPP proqramına toxunan Kostanyan bildirib ki, çərçivə sənədi hələ yanvar ayında tamamlanıb və hazırda detallar dəqiqləşdirilir, proses isə daha da dərinləşir.

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
40
azpolitika.info

1Mənbələr