AZ

AEBA: Ukraynanın enerji şəbəkəsinə hücumların güclənməsi riskləri artırır

Ötən həftəsonu Ukraynanın enerji sistemi yenidən hücumlara məruz qalıb və bu, atom elektrik stansiyalarının fəaliyyətinə ciddi təsir göstərib.

Xezerxeber.az xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi bu barədə açıqlama verib.

Onun sözlərinə görə, Ukraynanı qonşu dövlətlərlə birləşdirən ötürücü xətlər sıradan çıxıb, nəticədə ölkə daxilində enerji təchizatı xətləri zəncirvari şəkildə şəbəkədən ayrılıb. Gərginliyin dəyişməsi səbəbindən AES-lərdən birində enerji bloku şəbəkədən ayrılaraq avtomatik dayandırılıb. Digər AES-lərdə isə enerji blokları gücü azaltmağa məcbur olub.

Çernobıl AES-in xarici elektrik təchizatı tamamilə kəsilib və obyekt təxminən bir saat ərzində fövqəladə hallar üçün nəzərdə tutulmuş dizel generatorları hesabına fəaliyyət göstərib.

R.Qrossi bildirib ki, bu cür hadisələr elektrik şəbəkəsinin vəziyyətinin pisləşməsi fonunda nüvə təhlükəsizliyi üçün daimi risklərin mövcud olduğunu bir daha açıq şəkildə göstərir.

AEBA rəhbəri Ukraynadakı atom elektrik stansiyalarının enerji təchizatının etibarlılığını artırmaq və yeni nasazlıqlara davamlılığı gücləndirmək üçün genişmiqyaslı təmir işlərinə ehtiyac olduğunu vurğulayıb. O, bu işlərin həyata keçirilməsi üçün maksimum təmkin nümayiş etdirilməsinə və nüvə təhlükəsizliyinin yeddi prinsipinə tam əməl olunmasına çağırıb.

Ötən həftənin əvvəlində Çernobıl AES-in müşahidə zonasında 44 pilotsuz uçuş aparatı qeydə alınıb. Çərşənbə axşamı AEBA-nın Roven AES-dəki komandası stansiyanın müşahidə zonasında iki pilotsuz aparat aşkar edildikdən sonra otelə sığınmağa məcbur qalıb. Həmin ərazidə həftə ərzində daha altı pilotsuz aparat da qeydə alınıb.

Qrossi bildirib ki, son iki həftə ərzində Xmelnitski və Cənubi Ukrayna atom elektrik stansiyalarında AEBA əməkdaşlarının rotasiyası təhlükəsiz rejimdə həyata keçirilib.

Seçilən
1
2
xezerxeber.az

3Mənbələr