AZ

Əcəb tərcüməçi...

Təkcə sözü, mətni deyil, fikri, sözün arxasındakı “aləmləri” də tərcümə edirik. İstər bu dilə, istərsə də o dildən...

Azərbaycanda tərcüməçilərin sertifikatlaşdırılması məsələsi konkret məqsəd olmasa da, müzakirə, hətta təşviq edilə bilər. Təki bu yöndə olduqca aktiv müzakirələr aparıb fikir formalaşdırmağa çalışmaq cəhdləri yaxın keçmişdə taksi sürücülərini daha da mədəniləşdirmək cəhdlərinə bənzəməsin...

Dünya təcrübəsində tərcüməçilərin sertifikatlaşdırılmasına dair konkret mexanizmlər var. Sertifikat, əsasən, notariat və digər bu kimi mühüm sənəd və əqdlərin, hətta qanun və təlimatların tərcüməsi zamanı tələb oluna bilər. Bu təcrübənin tətbiqi zəruridir.

Sertifikat nədir? Keyfiyyət nişanına bənzər təsdiqləmə sənədi. Amma tərcüməçiyə verilən sertifikat heç də kondisionerə və ya soyuducuya verilən sertifikat kimi deyil. Burada insan məsuliyyətinin bir parçası var  və xidmət sahəsinin keyfiyyətini artıra biləcək kateqoriyaya da daxil edilə bilər. Əqdləri əcnəbi dillərdən (və digər dillərə) tərcümə edəcək insana sertifikat verilməsi heç də qəbahət deyil.

Bədii tərcümədə isə vəziyyət tamamən dəyişir. Burada söhbət təkcə insandan, peşədən deyil, həm də dildən və dillərə tərcümədən, əqli mülkiyyətdən gedir...

Bədii tərcümənin sərhədləri yoxdur. Necə ki, dillər sərhədsizdir, bədii tərcümə də eləcə - təkcə söz ehtiyatından, qrammatikadan ibarət deyil, onun özünəməxsus funksionallığı var. Təp-təzə mətn tərcümə etmək, təxminən, təp-təzə bədii mətn yaratmaq kimidir: bir vacib element istisna olmaqla. Tərcümə - başqasının mətnini başqasının dilindən öz dilinə çevirmək sənətkarlığıdır. Və hər üçünü sevərək, anlayaraq, bilərək etməkdir...

Əlbəttə, adlı-sanlı, şanlı-şöhrətli, dəyərli tərcüməçilərimizi sadalamağa başlasaq, başqa səmtə getməli olacağıq. Lakin sovet dövrü istisna olmaqla hələ də oturuşmuş tərcümə məktəbimizin formalaşa bilmədiyini də müşahidə etməkdəyik. Bədii tərcümə sənətində də institutlaşma, sənayeləşmə, müasirləşibən texnolojiləşmə təkcə yeniləşmə deyil, çağırışdır, tələbdir, hətta təhdidlərə sinə gərmək deməkdir.

Bu yerdə dərhal kitab sənayesi xatırlanır. Nəşriyyatlar nəinki yada düşür, hətta hədəfə götürülür. Axı onlar tərcümə və redaktələrlə məşğul olur, az qala hər gün yeni bir kitab istehsal edirlər. İş sənayeləşib, kəmiyyət var, keyfiyyət isə tələblərə tam cavab vermir.

Bəlkə, kurslar, ali məktəblərdə ixtisaslaşmış fak?ltələr (məhz bədii tərcümə üzrə!) çatışmır? Ödənilən qonorar çox aşağıdır? Məncə, digər, daha əhəmiyyətli suallar da ortaya çıxa bilər, lakin nə bu sualların, nə də veriləcək cavabların heç biri vəziyyəti dəyişmir. Bədii tərcümə işlərimiz heç də ürəkaçan deyil. Bəs nə edək?

Bu işdə şəxsi təcrübə və müşahidələrə üstünlük verməklə, açıq, qərəzsiz və qəzəbsiz müzakirələr aparmağın tərəfdarıyam. Nə etsək də, bu yazımda da zirək Sİ-dən (Süni İntellekt) imtina edə bilmərik...

Artıq neçə ildir, həm bədii, həm də qeyri-bədii tərcümələrdə, axtarış mətnlərinin cavablanmasında, məmnuniyyətlə Sİ-nin imkanlarından istifadə edirəm. Nəinki məmnuniyyətlə, hətta məcburi qaydada, “Google translate”-ə  mütləq töhfə verirəm. Hər dəfə bunu edir, uzun, səbrlə müşahidələr aparıram. Yəqin ki, mənim kimi digər “fədakar”lar sayəsində bu platformanın zənginləşdiyini, söz və terminologiya ehtiyatının artdığını müşahidə edirəm. Baxmayaraq ki, bir çox tərcüməçilər, ümumiyyətlə, redaktə və tərcümə işlərində Süni İntellektdən istifadə etməyi qəbahət sayırlar...

Budur, dünya dəyişir, biz də onun içində yaşayırıq. Dünya nəşriyyatları Sİ-nin daha avtomatlaşdırılmış tərcümə mexanizmlərinə keçib, tərcümələrin daha asan, daha tez, konveyer üsulu ilə həyata keçirilməsi üçün standartlaşmalar axtarırlar. Biz isə hələ də Sİ-dən xoflanırıq. Hara aparacaq, necə olacaq, burada da insanı əvəz edə biləcəkmi?

 “Azərbaycan Mədəniyyəti - 2040” Konsepsiyasında ayrıca yer alan əlaqələndirilmiş fəaliyyət, elmi-texniki tərəqqi, infrastrukturun inkişafı, urbanik dəyişikliklərin dilə verəcəyi töhfələr kimi tezislər də məhz bu suallara cavab tapmaq üçün irəli sürülür.

Lakin biz bu suallar ətrafında düşünərkən belə, qlobal şəbəkə mədəniyyətimizlə dolub-daşır, bizim yaratdıqlarımızla zənginləşməyə çalışır. Bəlkə, elə üzərimizə düşən də budur? Yazıb-yaratmaq və daha çox tərcümə etmək? Zənginləşdirib töfhə vermək? Mətnlər yazıldıqca maşınların da öz sualları ortaya çıxacaq. Deməli, bu, təkcə mətnin özünə deyil, tərcüməsinə də aid ediləcək.

Müşahidələrim məni yanıltmırsa, getdikcə bədii tərcüməçilik bədii redaktorluğa dönür: çevirdiyin dili o qədər dərin bilməlisən ki, oralarda qol-qanad açıb uçmaq imkanların olsun. Bu, içəriyə, özünə dönüşdür. Biləcəridən o yana qaçmağa da hacət yoxdur...

Gərək, elə tərcümə edəsən, desinlər, ADAM əcəb tərcüməçidir...

Məqsəd Nur

Seçilən
27
yeniazerbaycan.com

1Mənbələr