Ötən həftə rəsmi şəkildə açıqlanıb ki, Bakının şimal istiqamətində yerləşən qəsəbələri şəhər mərkəzi ilə birləşdirəcək “Mehdiabad – 28 May” tramvay xəttinin çəkilməsi planlaşdırılır. Dövlət Proqramında prioritet kimi yer alan bu layihə təkcə yeni nəqliyyat xəttinin yaradılması deyil, paytaxtda ictimai nəqliyyatın rolunun gücləndirilməsi və avtomobil asılılığının azaldılması məqsədi daşıyır. Xətt metro və dəmiryolu ilə inteqrasiya ediləcək, gündəlik minlərlə avtomobil səfərinin azalmasına səbəb olacaq. Bəs tramvay xətlərinin tətbiqi Bakıya nə vəd edir və bu layihə nəqliyyatdakı mövcud problemlərin həllinə hansı töhfəni verə bilər?
“Şəhərin istənilən istiqamətinə rahatlıqla gedə biləcəklər”
Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayevin sözlərinə görə, tramvay xəttinin çəkilməsi artıq planlaşdırılıb. Xətt Abşeron yarımadasının şimal hissəsindən başlayaraq Mehdiabad, Məmmədli və Binəqədidən keçməklə “28 May” stansiyasınadək uzanacaq: “Başqa istiqamətlərdə də tramvay xətlərinin çəkilməsi nəzərdən keçirilə bilər. Lakin nəzərə almaq lazımdır ki, Bakı artıq formalaşmış şəhərdir: binalar və obyektlər tikilib, yeni xətlərin çəkilməsi üçün genişmiqyaslı söküntülərə ehtiyac yaranar. Bu isə hazırkı mərhələdə real görünmür. Qeyd olunan istiqamətdə isə mövcud nəqliyyat dəhlizi olduğuna görə tramvay xəttinin çəkilməsi mümkündür”.
Y.Mustafayevin fikrincə, bu xəttin çəkilməsi həmin istiqamətdən gələn sərnişinlərin şəhər mərkəzinə çatdırılmasında mühüm rol oynayacaq: “Çünki “28 May” nəqliyyat qovşağıdır və sərnişinlər buradan şəhərin istənilən istiqamətinə rahatlıqla gedə biləcəklər. Üstəlik, qeyd edilən istiqamətlərdə nə metro, nə də dəmiryolu xətti mövcuddur. Avtobuslar isə müxtəlif marşrutlar üzrə hərəkət edir. Bu səbəbdən atılan addımın sərnişindaşımaya ciddi töhfə verəcəyi gözlənilir. Sərnişinlərin yalnız avtobusdan istifadə etməməsi tıxacların azalmasına da müsbət təsir göstərəcək”.
“Tramvay avtomobilə rəqib olacaq”