Barmaqlarda ağrı və uyuşma, ön qollarda zəiflik, çiyinlərdə və boyun nahiyəsində gərginlik təkcə yorğunluğun nəticəsi deyil, eyni zamanda bədənin verdiyi xəbərdarlıq siqnalları da ola bilər. Bu hallar çox vaxt klaviaturanın özündən yox, ondan düzgün istifadə edilməməsindən qaynaqlanır.
Rusiyalı terapevt Alina Əzizova RT-yə verdiyi müsahibədə düzgün erqonomikanın qorunmasının və müntəzəm fasilələrin verilməsinin bu cür problemlərin qarşısını almaqda mühüm rol oynadığını bildirib.
Mütəxəssis klaviaturanı masanın kənarından təxminən 30 santimetr məsafədə yerləşdirməyi tövsiyə edir ki, dirsəklər masa üzərində və ya stulun qoltuqaltılarına rahat şəkildə, düzgün bucaq altında dayansın. Bundan əlavə, hər 30-60 dəqiqəlik işdən sonra əllər və barmaqlar üçün qısa isinmə hərəkətlərinin edilməsi vacibdir. Yumruqları sıxıb-açmaq, eləcə də biləkləri yumşaq şəkildə fırlatmaq kimi sadə hərəkətlər əzələlərin gərginliyini azalda bilər.
Ekspertin sözlərinə görə, əsas təhlükə bir çoxlarının düşündüyü kimi barmaq oynaqlarının çap zamanı aşınması və ya zədələnməsi deyil. Oynaqlar incə motor bacarıqları üçün nəzərdə tutulub və çap prosesi onlara ciddi yük yaratmır. Əsl risk ətraf toxumaların - əzələlərin, vətərlərin və sinirlərin - uzun müddət həddindən artıq yüklənməsi ilə bağlıdır. Bu isə fasiləsiz və uzunmüddətli çap zamanı, xüsusilə də əlin səhv vəziyyətdə saxlanılması, məsələn, biləyin daim əyilmiş halda qalması nəticəsində yaranır.
Belə statik yüklənmə karpal tunel sindromunun inkişafına səbəb ola bilər. Bu sindrom median sinirin bilək nahiyəsində yerləşən dar anatomik kanalda sıxılması ilə əlaqədardır. Əzizovanın sözlərinə görə, bu vəziyyət bir sıra xarakterik əlamətlərlə müşayiət olunur.
Belə ki, baş barmaqda, şəhadət barmağında və orta barmaqda, həmçinin ovucda ağrı və uyuşma yaranır. Bu hisslər sıxılma, sancı və ya partlama formasında özünü göstərə, eyni zamanda xüsusilə gecə saatlarında daha da güclənə bilər.