AZ

Əcəmi Naxçıvaninin eşq manifesti: Möminə xatun türbəsi

525.az saytına istinadən ain.az xəbər verir.

XII əsrin Naxçıvanı səltənət saraylarının sükutu altında əbədiyyəti bir türbənin daşlarına həkk edən möhtəşəm bir sevgi yaşayırdı. Bu sevgi nə nağıl mövzusu idi, ne şeir məzmunu. Nə sözə sığırdı, nə dastana. Bu sevgi Əcəmi Əbubəkr oğlu Naxçıvaninin memarlıq dilində danışan gerçək bir manifesti idi. Atabəylər dövlətinin hökmdarı Şəmsəddin Eldəniz öz gücü ilə deyil, məhz həyat yoldaşı Möminə xatuna olan sədaqəti ilə tarixə düşmüşdür. Renessans qadını Möminə xatunun 1175-ci ildə dünyadan köçməsi böyük hökmdar Şəmsəddin Eldənizi dərin bir səssizliyə qərq etmişdir. Lakin o, sevgisinin səsini susdurmamış, əksinə, elə bir günbəz ucaltmaq əmri vermişdi ki, abidənin üzərində hökmdarın kədəri, sevgisinin böyüklüyü və sədaqəti əks olunsun. Həyat yoldaşı Möminə xatunun dünyadan köçməsinə dözə bilməyən Şəmsəddin Eldəniz onun ölümündən bir ay sonra vəfat edib. Əcəmi Naxçıvani Şəmsəddin Eldənizin Möminə xatuna duyduğu bu sevginin ifadəsinin memarı olub. Atabəy Şəmsəddin Eldənizin ürəyində daşlaşan həsrətini o, onbucaqlı türbənin hər üzünə naxış-naxış işləyib. Hər üz bir xatirə olmuş, hər xətt bir nəfəs, hər ornament bir dua. Türbənin onbucaqlı prizmatik gövdəsi, göyə doğru ucalan forması və sonsuzluğu əks etdirən ritmik ornamentləri insanı bir şeyi düşünməyə vadar edir: "Biz öz sevdiyimiz insana eyni sədaqəti göstərə bilərikmi?"

Şərqin dahi sənətkarı Əcəmi Naxçıvani bu əsərdə dövrünün ən mütərəqqi memarlıq üslubunu tətbiq edib. Abidə üzərindəki müxtəlif həndəsi və nəbati ornamentlər, kufi yazılar, kitabələr təkcə bəzək elementləri deyil, zamanın nəfəsi, hökmdarın eşqinin səsidir. Əcəmi Naxçıvani bu abidəni sadəcə tikməmiş, sanki Şəmsəddin Eldənizin sevgisini bu abidənin dili ilə əbədiləşdirib. Ulu hökmdar Atabəy Şəmsəddin Eldəniz Əcəmi Naxçıvanidən çox uca bir abidə inşa etməsini istəmişdi. Bu, onun qəlbindəki sevgisinin ucalığının tərənnümü idi. Əcəmi Naxçıvanin inşa etdiyi türbənin göyə doğru qalxan forması Möminə xatunun ruhunun Tanrıya tərəf yönəlməsinin təsviri idi. Abidə üzərində kərpiclərin düzülüşü, ornamentlərin ritmi, kufi yazıların axarı sanki Şəmsəddin Eldənizin sevdiyi qadının ruhuna son dəfə söylədiyi cümlə idi: "Sən yanımda deyilsən, lakin mən səni əbədiyyətə yazdım".

Əcəmi Naxçıvaninin 1175-1186-cı illərdə ucaltdığı Möminə xatun türbəsi tək bir insanın deyil, bütöv bir mədəniyyətin sevgiyə münasibətini ifadə edir. Bu unikal əsər sadəcə bir memarlıq abidəsi deyil, bir hökmdarın içində gizlətdiyi sonsuz dərinlikdə sevginin təcəssümüdür. Sanki Şəmsəddin Eldənizin sevgi məktubunu ustad memar daşda oxuna bilən dilə çevirmişdi. Onbucaqlı gövdə sanki on parçaya bölünmüş həsrəti xatırladır. Sanki hər bir üz Şəmsəddin Eldənizin Möminə xatunsuz keçirdiyi günləri, gecələri, aldığı nəfəs sayısını ifadə edir.

Bu gün Möminə xatun türbəsinin qarşısında dayanan hər bir insan yalnız bir memarlıq abidəsi görmür. Sonsuz sevgini yaşayan hər kəs bu abidədə bir kişinin qadını üçün yaratdığı ən saf, ən təmiz eşq manifestini görür. Türbə qarşısındakı hər bir kəs zamanın necə donub qaldığını, sevginin isə necə əbədiyyətə çevrildiyini hiss edir. Möcüzələr yurdu olan Naxçıvandakı bu türbə bizi bir daha inandırır ki, eşq sadəcə yaşanmır, bəzən daşda da əbədiləşir. Qədim tariximizin sərt illərinin içindən keçərək bu günə gəlib çatan Möminə xatun türbəsi bizə bir həqiqəti xatırladır: "Sevgi bəzən bir ömürlük deyil, bir dövlətlik, bir tarixlik, bir əbədiyyətlik olur". Atabəylər dövlətinin ulu hökmdarı Şəmsəddin Eldəniz həyat yoldaşı Möminə xatunu itirdi, lakin onu unutmadı, unutdurmadı. Və dahi Şərq memarı Əcəmi Naxçıvani onun hisslərinə daşdan bir səs verdi. Bu səbəbdən Möminə xatun türbəsi bu gün sadəcə tarixi memarlıq abidəsi deyil, Şərqdə ilk dəfə bir kişinin qadınına yazdığı ən uca şeir, daşa çevrilmiş sədaqətin ən parlaq nümunəsidir. Bu möhtəşəm memarlıq abidəsi təkcə XII əsr sənətkarlığının nümunəsi deyil, həm də bir ailənin, bir dövlətin və bir dövrün mənəvi əzəmətini daşıyan eşq və sədaqət rəmzidir.

Möminə xatun türbəsi Naxçıvanın memarlıq irsində yalnız bir tarixi artefakt deyil, həm də zamanın içində qorunmuş mənəvi miras kimi dəyərləndirilir. Və bu yüksək dəyərin qorunmasına dövlət səviyyəsində də diqqət göstərilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 22 may 2025-ci il tarixli Sərəncam imzalayaraq türbənin bərpası və konservasiyası üçün Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ilkin olaraq 1 milyon manat vəsait ayırdı. Bu mühüm addım yalnız abidəyə fiziki qayğının ifadəsi deyil, Atabəy Şəmsəddin Eldənizin möhtəşəm sevgisini, böyük həsrətini, Möminə xatunun xatirəsini, Əcəminin dahiliyini gələcək nəsillərə çatdırmaq istəyidir.

Möminə xatun türbəsi daşdan hörülmüş bir abidə olmaqdan daha artıqdır. O, sevginin tarixə, sədaqətin əbədiyyətə çevrildiyi nadir nümunələrdəndir. Əcəmi Naxçıvani bu əsərdə təkcə memarlıq dahisi kimi deyil, insan hisslərinin dərinliyini anlayan bir sənətkar kimi çıxış edib. Şəmsəddin Eldənizin şəxsi kədəri və sevgisi burada fərdi çərçivəni aşaraq ümumbəşəri məna qazanıb. Bu türbə bizə xatırladır ki, güc yalnız qılıncda deyil, sədaqətdə, əbədiyyət yalnız daşda deyil, sevgidə yaşayır. Möminə xatun türbəsi zamanın sınağından çıxaraq bu gün də eyni sualı ünvanlayır: "İnsan öz sevgisini tarix qədər uca yaşada bilirmi?"  

Brilyant CƏFƏRLİ

(AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutu)

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
25
525.az

1Mənbələr