AZ

Məktəbləri necə TƏHLÜKƏSİZ EDƏK? – “İdrak” olayının təkrarlanmamağı üçün…

Bu gün Bakı şəhərində yerləşən “İdrak” liseyində baş verən silahlı insident bir daha məktəblərdə təhlükəsizlik məsələsini gündəmə gətirib. Binəqədi rayonunda qeydə alınan hadisə ictimaiyyətdə ciddi narahatlıq doğurub və təhsil müəssisələrində nəzarət mexanizmlərinin nə dərəcədə effektiv olması məsələsini ön plana çıxarıb. Məlumata görə, 10-cu sinif şagirdi müəllimə silahdan atəş açıb. Yaralanan müəllim dərhal xəstəxanaya çatdırılıb və hazırda Kliniki Tibbi Mərkəz-də müalicə olunur. Həkimlərin verdiyi məlumata əsasən, onun vəziyyəti stabildir və nəzarət altındadır.

Liseyin direktoru Mönsüm Alışov hadisənin ehtiyatsızlıq nəticəsində baş verdiyini bildirib. Onun sözlərinə görə, şagird ov tüfəngini məktəbə çantasında gətirib və hadisə sinif otağında təsadüfən baş verib. Direktor həmçinin qeyd edib ki, həmin şagirdlə bağlı əvvəllər heç bir ciddi intizam problemi müşahidə olunmayıb və davranışları normal olub. Buna baxmayaraq, silahın məktəb ərazisinə gətirilməsi təhlükəsizlik baxımından ciddi boşluqların mövcudluğunu göstərir.

Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev hadisəni NOCOMMENT.az-a şərh edərək bildirib ki, bu cür insidentlər sistemli problemlərin nəticəsidir. Onun sözlərinə görə, bəzi məktəblərdə giriş-çıxışa nəzarət zəif təşkil olunub və müasir təhlükəsizlik standartlarına tam cavab vermir. Ekspert qeyd edib ki, şagirdin silahı rahat şəkildə təhsil müəssisəsinə gətirməsi nəinki məktəb rəhbərliyinin, həm də ümumilikdə təhlükəsizlik sisteminin yetərsizliyindən xəbər verir: “Məktəblər artıq sadəcə tədris məkanı deyil, eyni zamanda xüsusi qorunan ərazi statusuna malik olmalıdır. Bu məqsədlə giriş qapılarında mühafizəçilərin sayının artırılması, videomüşahidə sistemlərinin yenilənməsi, metal detektorların quraşdırılması və valideynlərlə daha sıx əməkdaşlığın qurulması vacibdir. Xüsusilə yeniyetmələrin psixoloji vəziyyəti daim nəzarətdə saxlanılmalı, risk qrupuna aid olan şagirdlərlə məktəb psixoloqları və sosial pedaqoqlar tərəfindən mütəmadi iş aparılmalıdır.

Ekspert həmçinin bildirib ki, təhlükəsizlik təkcə fiziki nəzarətlə məhdudlaşmamalıdır. Məktəblərdə psixoloji mühitin sağlamlaşdırılması, zorakılığın qarşısının alınması, şagirdlər arasında konfliktlərin erkən mərhələdə həll edilməsi də əsas prioritetlərdən biri olmalıdır. Onun sözlərinə görə, əgər şagirdlərin emosional problemləri vaxtında aşkarlanarsa, gələcəkdə daha ağır hadisələrin qarşısını almaq mümkün olar: “Baş verən insident göstərir ki, təhsil müəssisələrində təhlükəsizlik məsələsi yenidən və daha ciddi şəkildə nəzərdən keçirilməlidir. Bu sahədə dövlət qurumları, məktəb rəhbərlikləri, müəllimlər və valideynlər birgə fəaliyyət göstərməli, vahid nəzarət mexanizmi formalaşdırılmalıdır. Yalnız bu halda məktəblər şagirdlər və müəllimlər üçün tam təhlükəsiz mühitə çevrilə bilər”.

Qeyd edək ki, hazırda faktla bağlı araşdırmalar davam edir və hadisənin bütün təfərrüatları hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Seçilən
40
nocomment.az

1Mənbələr