AZ

Əbu-Dabidə ilk Əliyev-Paşinyan görüşünün davamı 8 avqust oldu - bu dəfə nə olacaq?...



Rəşad Bayramov: “Vasitəçilər dəyişə bilər, formatlar fərqlənə bilər, lakin prosesin mərkəzində Bakı dayanır”

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfəri bir sıra prizmadan məhsuldar oldu. Birincisi, səfər çərçivəsində iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafı mövzuları müzakirə edildi.

İkincisi, Prezident Əbu-Dabidə Azərbaycanın və BƏƏ silahlı qüvvələri arasında birgə hərbi təlimlərini izlədi. Üçüncüsü, Əliyev Əbu-Dabidə Ermənistan baş naziri Nikol Paşinyanla görüşdü və iki lider sülh quruculuğunun növbəti mərhələsini müzakirə etdilər. O da qeyd edilməlidir ki, Əliyev və Paşinyan ötən ilin 8 avqust Vaşinqton görüşündən bir ay əvvəl də məhz Əbu-Dabidə görüşmüşdülər.

Bütün bunların fonunda, növbəti gözləntilər hansı istiqamətdə və nə ola bilər? Ekspertlərin bu yöndə dəyərləndirməsi nədən ibarətdir?

Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən AMİP Ali Məclisinin sədri Rəşad Bayramov hesab edir ki, Prezident İlham Əliyevin BƏƏ-yə səfəri bir neçə mühüm siyasi, hərbi və diplomatik prizmadan məhsuldar olmaqla yanaşı, Azərbaycanın regional və beynəlxalq gündəlikdəki mövqeyini bir daha nümayiş etdirdi: “Səfər təkcə ikitərəfli münasibətlərin inkişafı baxımından deyil, həm də Ermənistanla sülh prosesi kontekstində diqqətçəkən mesajlarla yadda qaldı deyə bilərik. İlk növbədə, Azərbaycan–BƏƏ münasibətləri artıq klassik diplomatik çərçivəni aşaraq strateji tərəfdaşlıq mərhələsinə keçdiyi aydın görünür. Tərəflər arasında enerji, nəqliyyat, investisiya, maliyyə və yüksək texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olundu. Xüsusilə “yaşıl enerji” gündəliyi fonunda BƏƏ-nin Azərbaycanın alternativ enerji layihələrində rolunun artması real gözlənti kimi çıxış edir. Bu, Azərbaycanın enerji strategiyasının şaxələndirilməsi ilə yanaşı, Körfəz kapitalının Cənubi Qafqaza daha sistemli daxil olmasına zəmin yaradır. Şübhəsiz ki, səfərin mühüm komponentlərindən biri də Prezident İlham Əliyevin Əbu-Dabidə Azərbaycan və BƏƏ silahlı qüvvələri arasında keçirilən birgə hərbi təlimləri izləməsi oldu. Bu addım rəmzi xarakter daşımır. Əksinə, Azərbaycanın təhlükəsizlik siyasətində çoxtərəfli və balanslı tərəfdaşlıq xəttinin davam etdirildiyini göstərir. Azərbaycan regional təhlükəsizlik arxitekturasında yalnız ənənəvi müttəfiqlərlə deyil, eyni zamanda Yaxın Şərqin nüfuzlu aktorları ilə də əməkdaşlıq imkanlarını genişləndirir. Bu isə həm hərbi hazırlıq, həm də geosiyasi manevr imkanları baxımından Azərbaycanın mövqeyini möhkəmləndirir”.

R. Bayramovun fikrincə, səfərin ən çox diqqət çəkən məqamlarından biri isə Prezident Əliyevin Paşinyanla Əbu-Dabidə keçirdiyi görüş oldu: “Bəli bu, liderlərin sözügedən şəhərdə ilk təması deyil. Onlar ötən ilin avqustunda Vaşinqton görüşündən təxminən bir ay əvvəl də məhz Əbu-Dabidə bir araya gəlmişdilər. Bu fakt Əbu-Dabinin tədricən Azərbaycan–Ermənistan danışıqları üçün neytral və rahat platformaya çevrildiyini göstərir. Mövcud reallıq onu deməyə əsas verir ki, tərəflər artıq sülh prosesində prinsipial məsələlərdən daha çox texniki detallara fokuslanır. Sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və sülh müqaviləsinin mətnində hələ də açıq qalan maddələrin razılaşdırılması növbəti mərhələnin əsas mövzuları kimi önə çıxır. Bu baxımdan, Əbu-Dabi formatı daha praqmatik müzakirələr üçün əlverişli mühit yaradır. Bütün bunların fonunda səfər həm də beynəlxalq auditoriyaya ünvanlanan mesajlarla zəngin oldu deyə bilərik. Azərbaycan bir daha göstərdi ki, regional proseslərdə təşəbbüskar rol oynayır və sülh gündəliyini öz maraqları və tərəfdaşları əsasında formalaşdırır. Vasitəçilər dəyişə bilər, formatlar fərqlənə bilər, lakin prosesin mərkəzində Bakı dayanır. Düşünürəm ki, yaxın perspektivdə Azərbaycan-BƏƏ münasibətlərində konkret layihələrin icrası, Ermənistanla danışıqlarda texniki irəliləyişlər və regional təhlükəsizlik kontekstində Azərbaycanın mövqeyini gücləndirən addımların davamı gözlənilir. Bu səfər isə həmin proseslərin yalnız başlanğıcı kimi qiymətləndirilə bilər”.

Vidadi ORDAHALLI

Seçilən
22
baki-xeber.com

1Mənbələr