ain.az, 525.az saytına istinadən bildirir.
Xuraman HÜSEYN
Onu bilmirəm
Kontrastsız, hər sözü, hərəkəti ilə
rəngsiz olduğunu göstərən,
monoton günlər yaşayan adamlar var.
Kiminsə xoş gününü istəməz,
uğuruna sevinməz.
Darıxarsan yanında,
danışmağa sözün olmayanda
üzünə baxmağa üzün də yorular.
Tükənər sözü,
üzündən təbəssüm,
dilindən xoş söz qeybə çəkilər,
suyu quruyan dənizə bənzəyər.
Günahkar qırışlar üzündə,
lal sükut dilində qalar
o dənizin dibində
hidrobiontların sümükləri qalan kimi.
Zülmət rəngində dərd, qəm olmasa,
xoş günlərin əlvan çalarları
göz oxşasa,
dünyanın ən gözəl guşəsində
yaşayardım mən də.
Nağıl danışmaq istəyərdim -
həyat nağılı.
Bilirəm,
göydən düşən üç almanın biri
dünəndə, biri bu gündə qalacaq,
biri də sabahı gözləyəcək.
Gözləyə biləcəkmi
o adamların arasında?
Bilmirəm.
Yenidən yeni
Zalım dünya
öz həyatını yaşayır.
İstədiklərimizi həmişə görə bilmərik ki,
neyləyək?
Bir hidrogel üzlük çəkək
dünyanın üzünə.
Dizaynını-düzənini gizlətmədən
yüngül zərbələrdən qorusun onu.
Gördüklərinə
tab gətirməyi bacaran gözlərimiz,
ürəyimiz ağrımasın sonra.
Həyat belədir -
naxələfi, namərdi ilə
onu qəbul edib
ömür sürməliyik -
lap sözümüzə baxmayan,
xarab olan,
təmir etdirdiyimiz
telefon, kompüter,
bəzən şifrəsini unudub, itirib,
sonra tapdığımız,
ya da
yenidən yeni
şifrə ilə özümüzə qaytardığımız
e-mail adresi kimi.
Dünyadan başqaİqlim dəyişir,
günəş əsirgəmir səxavətini
qarlı, şaxtalı qışdan,
göstərir adamlara
onlardan güclü olduğunu.
Soyuq evdə yalnızlığına sığınan,
xəyal qatarı ilə
uzaq ümid aləminə gedənlər var.
Kor taleyin eynəyinin şüşəsindən
həyatın tozunu silib
xatirə dəftərini oxuyurlar,
yaşayırlar istədiklərinə uzaqdan
baxa-baxa,
itirdikləri zamandan ötrü
darıxa-darıxa.
Ömür tilovu ilə
yayda qışı tutub çəkirlər,
qışda da yayı.
Günləri sayırlar
kredit borcları kimi.
Yay da gələcək, günəş doğacaq,
işıqpulu, qazpulu dərdini
qışdakı kimi çəkməyəcəklər.
Sonra yenə qış gələcək
və üzlərində bir qırış da artacaq,
qara tellərinin biri də ağaracaq,
düşmək üçün bir yorğun dişləri də
ağrıyacaq,
tərk etmək istəyəcək
yorğun damaqlarını -
sevdikləri
onları tərk edən kimi.
İqlim də sevgilər kimi
dəyişir.
Yenilik istəyəndə,
darıxmaqdan yorulanda
adamlar da dəyişir.
Nə varsa,
dəyişsin, eybi yox,
dünyadan başqa.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.