AZ

Avropadan Rusiyaya yarım milyardlıq zərbə Leyen açıqladı

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

Avropa Komissiyasının sədri Ursula fon der Leyen Rusiyaya qarşı Avropa İttifaqının yeni, 20-ci sanksiya paketini təqdim edib.

Globalinfo.az-ın xəbərinə görə, xüsusi bəyanatda bildirilib ki, yeni məhdudiyyətlər energetika, maliyyə xidmətləri və ticarət sahələrini əhatə edir.

Energetika sektorunda Aİ Rusiyaya məxsus neftin dəniz yolu ilə daşınmasına tam qadağa tətbiq etməyi planlaşdırır. Bu addım Rusiyanın enerji gəlirlərini daha da azaltmaq və neft üçün yeni alıcılar tapmasını çətinləşdirmək məqsədi daşıyır. Qadağanın “Böyük Yeddilik” (G7) ölkələri ilə koordinasiyalı şəkildə həyata keçirilməsi nəzərdə tutulur.

Bundan əlavə, “kölgə donanması”na daxil olan daha 43 gəmi sanksiya siyahısına salınacaq və beləliklə, ümumi sayı 640-a çatacaq. Aİ Rusiyanın tanker almasını çətinləşdirəcək, eləcə də qazdaşıyan gəmilər və buzqıranlar üçün texniki xidmət və digər xidmətlərin göstərilməsinə geniş qadağalar tətbiq edəcək. Bu tədbirlər 19-cu sanksiya paketi çərçivəsində razılaşdırılan mayeləşdirilmiş təbii qaz (LNG) idxalına qadağanı tamamlayır.

Maliyyə sektorunda isə Rusiyanın alternativ ödəniş kanalları yaratmaq imkanlarını məhdudlaşdırmaq məqsədilə əlavə addımlar atılacaq. Sanksiya siyahısına daha 20 regional Rusiya bankı daxil ediləcək. Eyni zamanda kriptovalyuta əməliyyatları, bu sahədə fəaliyyət göstərən şirkətlər və platformalar da nəzarət altına alınacaq. Yeni paket üçüncü ölkələrin bəzi banklarını da əhatə edə bilər.

Aİ həmçinin ixrac məhdudiyyətlərini genişləndirir. Döyüş meydanında istifadə olunan mallar və texnologiyalar, o cümlədən partlayıcı maddələrin istehsalında istifadə edilən materiallar üzrə əlavə qadağalar tətbiq olunacaq. Bundan başqa, ammonyak idxalına kvota qoyulması təklif edilir.

Bəyanata əsasən, daha əvvəl sanksiyalara düşməyən metalların, kimyəvi maddələrin və kritik mineralların idxalına da yeni qadağalar nəzərdə tutulur. Bu məhdudiyyətlərin ümumi dəyərinin 570 milyon avrodan çox olduğu bildirilir.

“The Wall Street Journal” nəşrinin yazdığına görə, 20-ci sanksiya paketi çərçivəsində Rusiyaya məxsus neftin dəniz yolu ilə daşınması üzrə xidmətlərə də qadağa qoyula bilər. Paketin fevralın 24-dək qəbul olunması gözlənilir.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
40
globalinfo.az

1Mənbələr