AZ

Azərbaycan Dövlət İqtisad Universitetinin nümayəndələri Gürcüstanda səfərdədirlər

ain.az bildirir, Azertag portalına istinadən.

Tbilisi, 6 fevral, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin dekanları Elman Cəfərov və Hafiz Hacıyev, eləcə də universitetin beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Elvin Nəsirov Gürcüstanda səfərdədirlər.

AZƏRTAC xəbər verir ki, onlar Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə reallaşdırılan səfər çərçivəsində Marneuli, Bolnisi, Qardabani və Dmanisi rayonlarının Resurs mərkəzlərinin rəhbərləri və məktəb direktorları ilə görüşüblər.

Görüşlərdə əsas məqsəd Azərbaycan Dövlət İqtisad Universiteti, ixtisasların təsnifatı, universitetin təklif etdiyi təhsil proqramları, bakalavr pilləsində təhsilin şərtləri, təhsilin keyfiyyətinin yüksəldilməsinə hesablanmış proqramlar barədə məlumat vermək olub.

Görüşlərdə Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Ramiz Hacızadə iştirak edib.

Qarşılıqlı məlumat mübadiləsi çərçivəsində keçirilən görüşlərdə tərəfləri maraqlandıran suallara aydınlıq gətirilib.

Resurs mərkəzlərinin rəhbərləri və məktəb direktorları Azərbaycan universitetləri, xüsusilə də Azərbaycan Dövlət İqtisad Universiteti haqqında müəllim və şagirdlərə ətraflı məlumatların veriləcəyini bildiriblər.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
azertag.az

1Mənbələr