AZ

İdrak Liseyində baş verən hadisə təhsilimizin SOS çağırışıdır


Bu gün İdrak Liseyində baş verən hadisə təhsilimizin, ailə tərbiyəsinin və cəmiyyətimizin ağır siqnalıdır. Bu artıq xəbər deyil. Bu SOS çağırışıdır.
Sosial şəbəkələr, onlayn oyunlar və nəzarətsiz virtual dünya uşaqlarımızın zehnini tədricən işğal edir. Onların dəyərlərini, davranışlarını və dünyagörüşünü formalaşdıran artıq valideyn və müəllim deyil ekranlardır. Real həyat oyuna çevrilib. Oyunda uduzan uşaq, gerçək həyatda aqressiyaya meyllənir. Amma məsələ təkcə texnologiyada deyil. Biz müəllimi nüfuzdan saldıq. Bir vaxtlar müəllim sinfə daxil olanda ayağa qalxardıq, ehtiram göstərərdik, sözündən çəkinərdik. Müəllim bizim üçün təkcə dərs deyən yox, tərbiyə verən, yol göstərən bir şəxs idi. Bu gün isə bəzi məktəblərdə müəllim şagird qarşısında aciz vəziyyətdədir. Avtoritet sarsılıb. Hörmət itirilib.
Müəllimə “cəza vermək olmaz” adı altında müəllimi gücsüzləşdirdik, şagirdi isə sərhədsiz qoyduq. Nəticə göz qabağındadır, intizam yox, məsuliyyət yox, hörmət yox. Bəlkə də məktəblərdə bizdən gizlədilən onlarla oxşar olay var. Susmaqla, görməzlikdən gəlməklə problemi həll etmirik əksinə, onu böyüdürük.
Müəllimə hörmət mütləq qaytarılmalıdır. Məktəbdə intizam bərpa olunmalıdır. Valideyn məsuliyyəti artırılmalıdır. Uşağın tərbiyəsi ekranlara yox, dəyərlərə tapşırılmalıdır. Çünki müəllimi qorumaq təhsili qorumaqdır. Təhsili qorumaq isə millətin gələcəyini qorumaqdır.
Seçilən
52
1
newscenter.az

2Mənbələr