AZ

Bir dəfnin tarixçəsi İnsan mənzərələri silsiləsindən

ain.az, 525.az portalına istinadən məlumat yayır.

Əlisəfdər HÜSEYNOV

Nə vaxt, kimin yas məclisində kimdən eşitmişdi bu sözləri - dəqiq yadında deyildi. Amma xoşuna gəlmişdi, ürəyində razılaşmışdı deyilənlərlə: "Əgər yaxınlarından, doğmalarından kiminsə vəfat edəcəyi labüddürsə, nəbada o, canını tapşırmamış fikrini yas mərasiminin qayğıları ilə  yükləyəsən, onu Əzrayılla təkbətək qoyub mağarı harda quracağını, qab-qacağı, stol-stulu hardan gətirəcəyini planlaşdırasan. Əsas məsələ vəfat edəni ölümün caynağında tək qoymamaq, o  dünyaya ləyaqətlə - pak, müqəddəs Quranda yazıldığı kimi yola salmaqdır. Qalan şeylər sonra gəlir və vacib deyil".

Əslində anasını ölümə zərrə-zərrə yaxınlaşdıran son 6 ayın hər dəqiqəsində, hətta saniyəsində  Kərimin bu dilemma barədə fikirləşməyə, nəyisə əvvəlcədən götür-qoy etməyə nə macalı olmuşdu, nə də istəyi: əlacsız xəstəliyə tutulan anası gözləri qarşısında hər dəqiqə, hər an yavaş-yavaş əriyirdi və bu gedişi əngəlləmək, ləngitmək üçün mümkün olan hər şeyi edən  Kərimin gücü yalnız ona çatırdı ki, öz acizliyi ilə barışdığı anlarda  həyətə düşüb anasının çarpayısı yanında növbə ilə keşik çəkən arvadından, bacısından gizlin uşaq kimi ağlasın...

Atasını xatırlamırdı - 4 yaşı olanda Neft Daşlarındakı qasırğa vaxtı dəniz onu udmuş, heç meyiti də tapılmamışdı. Cəmi 3 sot torpağı olan bu dar-dütdək həyətdəki 2 çeşmə evdə bacısı və onu anası böyütmüşdü. Necə, hansı əziyyətin  hesabına - bunu bacı-qardaş özləri, anası, bir də göydəki Allah bilirdi.

İndi otağın ortasında heykəl kimi dayanıb anasının meyitinin yerini rahatlayan, üstünü adyalla örtən arvadına, "mama, ay mama..."  deyə-deyə gözünün yaşını tökən bacısına key-key baxanda qəfildən özünü səhər gözlərini açıb anasını yanında görməyən 3-4 yaşlı uşaq kimi hiss elədi və fikirləşdi ki, adamın istər 4 yaşı olsun, istər 60, 70 yaşı - fərqi yoxdur - ana elə anadır!

Həyətdə xəbər tutub gələn qonşu kişilərin hənirtisi eşidilirdi. Qonşu arvadlar isə təbii ki, meyit olan otağa doluşurdular və əgər qayını Əjdər onun qolundan tutub otağın küncünə çəkməsəydi, ora-bura vurnuxan qadınlardan kimsə gec-tez yüngül bir toxunuşla Kərimə qandıracaqdı ki, tir kimi ortada dayanmaqla arvadların öz işlərini görməsinə mane olur, çəkilsin bir tərəfə.

- Bura vax, olan oldu. İndi qəbir yeri, hüzür məclisi, dəfn haqqında fikirləşmək lazımdır, - Əjdər dedi. -  Bu gün heç, sabah günortaya qədər arvadı basdırmaq lazımdır. Sən burda durma, get qəbir məsələsi ilə məşğul ol. O biri işləri çalışaram ki, mən yoluna qoyum.

Bu sözlər Kərimi sanki silkələyib yuxudan ayıltdı: bir vaxt yas məclisində kimdənsə eşitdiyi həmin o "sonrakı işlər" gəlib qapını kəsdirmişdi və ana itkisinin ağrısını yaşaya-yaşaya bu işləri də layiqincə görmək lazım idi, çünki camaatın, elin gözündə arvadı urvatla yola salmaq belə məqamlarda göz yaşı tökməkdən heç də az əhəmiyyət daşımırdı.

Hazırda bu yas məclisini hamını qane edəcək səviyyədə yola verməyə Kərimin imkanı yox idi - olan-qalanını yeganə övladını ərə verəndə ona cer-cehiz almağa xərcləmişdi, pulu çatmadığından, hələ üstəlik, qaynının adına bankdan kredit də götürmüşdü və hal-hazırda üç min manat borc sanki ağır dəyirman daşına dönüb boynundan asılmışdı.

Amma bunun camaata, kimlərəsə nə dəxli vardı axı?

Üç, yeddi, qırx təşkil edib ehsan vermək Kərimi o qədər də narahat etmirdi, çünki indi çox yerlərdə ehsan vermək yığışdırılmışdı və dar ayaqda buna güvənib o da məclisini halva və çayla yola verə bilərdi. Qəbir məsələsində isə iş bir az qəlizləşirdi, çünki eşitmişdi ki, yaxın qəbiristanlıqda qəbir yeri pulla satılır. Amma indi qaynının sözündən sonra bacısı oğlunu da özü ilə götürüb qəbiristanlığa üz tutanda nəyə görəsə ona elə gəlirdi ki, ordakılar anasının vəfat etdiyini bilən kimi bu pul söhbəti də çıxıb gedəcək işinin dalınca. Məktəbdə birinci sinifdən uşaqlara vətən və ana anlayışlarının eyni məna daşıdığını öyrədirlərsə, necə başqa cür ola bilərdi axı? Üstəlik, peyğəmbərimizin dediyi qızıl kimi sözlər: "Cənnət anaların ayaqları altındadır". Ayaqlarının altı cənnətə, özü isə vətənə, yurda bərabər tutulan ananın kiçik bir qəbir yerini alver predmetinə çevirməkmi olardı? Kimin vicdanı buna yol verər axı?

...Qəbiristanlığın qapısından içəri girən kimi qarşılaşdığı mənzərə Kərimi çaşdırdı: elə bil uşaq vaxtı gördüyü qəbiristanlığa yox, üstündə hər yaşda, cinsdə olan insanların şəkilləri olan qara mərmər daşların  nümayiş etdirildiyi sirli məkana düşmüşdü. Hətta nisbətən uzaqda - alçaq təpələrin üstündə bir-iki heykəl siuleti də nəzərlərindən qaçmadı.

Sağ tərəfdə taxtadan tikilmiş bir köşk vardı və yaşlı bir kişi onun qarşısında sement qarışdırırdı.

- Bizim rəhmətə gedənimiz var, - Kərim dilləndi. - Qəbir üçün yer seçməliyik. Kimlə danışmalıyıq, kimə müraciət edək?

Kişi işinə ara verib dikəldi, "Allah rəhmət eləsin" deyib cibindən köhnə bir telefon çıxardaraq kiminsə nömrəsinə zəng göndərdi və "İndi gəlır" - deyib işinə davam etdi.

Doğrudan da, heç iki dəqiqə keçmədi ki, nataraz, cavan bir oğlan hardansa peyda olub gödəkçəsinin yaxasını bağlaya-bağlaya onlara yaxınlaşdı.

- Eşidirəm, dayı, nə qulluq?

Oğlanın səsindəki yumşaqlıq Kərimin xoşuna gəldi.

- Anam rəhmətə gedib, oğul. Sabah günortaya yaxın dəfn edəcəyik. Qəbir yeri lazımdır.

Oğlan Kərimin gözləmədiyi cavab verdi:

- İndiyə qədər yer almamısınız burda?

- Qəbiristanlıqdakı yer ətdir, kartofdur ki, alıb-satasan? Anam rəhmətə gedib ey, başa düşürsən?

Hiss olundu ki, bu dəfə oğlan gözləmədiyi sözlər eşitdi və başa düşdü ki, qarşısındakı adam hal əhli, yəni həmişəki müştərilərdən deyil. Ona görə dərhal cavab vermədi. Bir müddət heç biri dinmədi. Axırda oğlanın səsi çıxdı:

- Hamının anası rəhmətə gedir də, ay kişi. Kimin anası dünyanı tutub durur ki?  

"Dayı"nı "kişi" ilə əvəz edən oğlanın səsində əvvəlki yumşaqlıq hiss olunmurdu. Kərim başa düşdü ki, bu oğlan cavan olsa da, hər vəziyyətə uyğun oynamağı bacaran işbazdır və onu təsirli sözlərlə yumşaltmaq dəryada balıq sevdası kimi bir şeydir. Ona görə də söhbəti uzatmaq istəmədi:

- Sabah cənazəni bura gətirəcəyik. Bizə yer göstərin.

Bu dəfə oğlanın cavabı hazır idi:

- Təəssüf ki, boş yer yoxdur. Ona görə də kömək edə bilməyəcəyik.

Dişi bağırsaqlarını kəssə də, Kərim hələ coşub-əsmir, təmkinini qorumağa çalışırdı.

- Buralar yer deyil? - əli ilə boş sahələri göstərdi.

- Onlar hamısı alınıb, a kişi. Sahibləri var.

Bunları deyəndə oğlanın nəinki səsinin tonu tamam dəyişdi, hətta üzündə də qəribə soyuq bir ifadə yarandı və Kərimə elə gəldi ki, oğlan içində ona gülür.

Bir yandan acizliyindən, o biri tərəfdən də oğlanın buz kimi soyuq baxışlarından doğan hisslər Kərimin içində elə bil vəlvələ yaratmışdı ki, sinəsi az qalırdı partlasın.

- Yaxşı, biz indi neyləyək?.. - alçaqdan, boğuq səslə dediyi bu sözləri oğlana yox, bir növ özünə ünvanlamışdı. Amma araya çökən sükutu yenə də oğlanın səsi pozdu:

- Boş yeri olan qəbiristan axtarmaq lazımdır.

Qəfildən sinəsindən soyuq bir gizilti keçdi və bütün vücudu titrəməyə başladı. Başa düşdü ki, dilinə dirənən sözləri deməsə, boğazındakı qəhərlə bacara bilməyəcək və bu sırtıq oğlanın qarşısında ağlayıb özünü alçaldacaq.

- Sən yaşda, lap səndən kiçik oğlanlar bu torpağın hər qarışı uğrunda şəhid olublar, sağlamlıqlarını itiriblər, sizsə onları bu dünyaya gətirən, tərbiyə verən  anaların, ataların halal qəbirlərini pulla satırsınız. O şəhidlərin ruhları sizə qənim olsun, ahları sizi tutsun. Şərəfsizlər!

- Danışığına fikir ver, - deyə oğlan xoruzlandı. - Heç kim sizə ixtiyar verməyib ki, kimisə təhqir edəsiniz.

- Bəs sizə veriblər bu ixtiyarı? - Kərim daha özünü saxlaya bilməyib oğlanın gödəkçəsinin boynunu qamarladı. - Adamların ölümündən də pul qırxırsınız. Kim sizə verib bu haqqı?!

Bacıoğlu vəziyyətin mürəkkəbləşdiyini görüb irəli atılaraq Kərimin qolundan yapışdı.

- Lazım deyil, Kərim dayı, lazım deyil. - Açıq-aşkar görünürdü ki, mübahisənin əlbəyaxa mərhələyə keçə biləcəyindən narahatdır. - Gedək, bizi gözləyirlər ey...

- Şərəfsiz sənsən ki, anana qəbir yeri almağa duxun çatmır...

Oğlan gödəkçəsinin boynunu düzəldə-düzəldə bu sözləri Kərim eşitməsin deyə astadan bir növ özü üçün dedi.

lll

Öz acizliyini dərk etməsi insana çox pis təsir edir və indi Kərim də yolboyu özünün acizliyinə, gücsüzlüyünə görə uşaq kimi kövrəlmişdi. Qəhər onu boğurdu.

Həyətə girəndə dəfn xidmətindən gələnlər yas mağaranın ləvazimatlarını maşından boşaldırdılar. Kərim buna fikir verməyib eyvana qalxdı və elə həmin anda da meyit qoyulmuş otaqdan qarmaqarışıq arvad səsləri gəldi. Ucadan danışdıqlarına və bir-birlərinin sözlərini kəsdiklərinə görə konkret nədən danışdıqlarını anlamaq olmurdu. Onsuz da əsəbi vəziyyətdə olan Kərimin hövsələsi lap daraldı. İçəri girmək üçün əlini qapının dəstəyinə atanda qapı açıldı və sifəti pörtmüş bir arvad Kərimlə üz-üzə gəldi. Arvad duruxdu və güman ki, bu kişinin kim olduğunu bilib bir addım geri çəkilib ona yol verdi. Əlbəttə, başqa vaxt olsaydı, Kərim cavab jesti edər, hörmətlə "Buyurun" deyib kənara çəkilərdi. Amma indi o hayda deyildi. Ona görə də içəri keçdi və bir az karıxmış vəziyyətdə dayanmış yoldaşına üz titdu:

- Nə olub, Nə iclasdı belə?

Yoldaşı cavab verməyib üzünü baldızına, yəni Kərimin bacısına tərəf çevrildi, yalvarıcı nəzərlərlə xahiş etdi ki, sən de.

- Ay qardaş, ölüyuyan arvaddır. Dil tapa bilmirik onunla. On gün əvvəl yüz-yüz əlli manata yuyurdu, indi ayağını dirəyib bir başmağa ki, hər şeyin qiyməti artıb, daha yüz əlli manata yox, iki yüz əlli manata yuyuram...

Kərim nəyə görəsə gözlərini yumdu, ona elə gəldi ki, bu vəziyyətə düşməyinin səbəbi illər uzunu zərrə-zərrə beyninə, içinə çökmüş xıltdır, hərgah yaxasını bu bəladan qurtarmasa, vəziyyət daha da qəlizləşəcək, hətta mümkündür ki, sabah bu qapıdan iki meyit çıxarılacaq və xoşbəxtlikdən hansısa bir qüvvənin təsiri altında artıq kirəcləşib bərkiməkdə olan o xıltdan azad olmağın yolunu bircə anın içindəcə tapdı.

- Ötən il sənin qayınananın meyiti yuyulanda mən bilən ikiniz də orda olmuşdunuz. - Kərim başının hərəkəti ilə qaynı arvadına işarə elədi. - Ola bilməz ki, işiniz ancaq kənardan baxmaq olub. Heyva ağacının altında yer düzəldib pərdə çəkərik... Məncə, anamızın ruhu bundan daha xoş olar ki, onu doğma əllər yuyur...

Qərar gözlənilməz olsa da, burada qeyri-adi, fövqəladə bir şey də yox idi. Qeyri-adi qərar təxminən bir saat sonra arvadın yuyulub kəfənlənmiş meyiti heyva ağacının altından təkrar bu otağa gətiriləndən sonra səsləndi. Qaynı qəbir məsələsini təkrar ortaya atanda Kərim qətiyyətli səslə, tərəddüd etmədən dedi:

- Mən anamı rüşvətlə, minnətlə aldığım torpaqda yox, doğma yuvasında, dişi-dırnağı ilə əkib-becərdiyi yerdə, əkdiyi qızılgül kolunun yanındakı gilas ağacının altında dəfn edəcəm. Din, şəriət bu məsələdə heç bir məhdudiyyət, qadağa qoymayıb.

Sonra otaqdakıların reaksiyasına məhəl qoymayaraq ayağa qalxıb otaqdan çıxdı. Az sonra qaynını səslədi və bir neçə dəqiqədən sonra hər ikisi əllərində bel gilas ağacı tərəfə getdilər...

lll

Mən bu əhvalatı danışan hekayəçi kimi səhər bu həyətdə baş verən hadisələri - dəfnə gələnlərin əksəriyyətinin təəccübünü, üzlərindəki iztehzalı ifadələri, qulaqlara əyilən ağızları, o ağızlardan çıxan qınaqları, tənələri təsvir eləmirəm və qəti hökm də vermirəm ki, bu qeyri-adi dəfn hamı tərəfindən razılıqla qarşılanmalı, hamı Kərimə "Əhsən" deməli idi. Amma qeyd eləməyi vacib bilirəm ki, bu hadisənin səs-küyü uzun müddət müzakirə mövzusu olsa da, hətta qəzet səhifələrinə qədər gedib çıxsa da, bundan Kərimin heç tükü də tərpənmədi. Çünki dəfn gününün gecəsi anası yuxusuna girmişdi,   gilas ağacının altındakı koldan bir qızıgül dərib gülə-gülə oğluna uzadaraq demişdi ki, çox sağ ol, bala, verdiyim süd halal xoşun olsun.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
27
525.az

1Mənbələr