ain.az, Azertag saytına istinadən bildirir.
Moskva, 6 fevral, AZƏRTAC
Moskva şəhərində Rusiya Elmlər Akademiyasının Mərkəzi Alimlər Evində “EkoMir–2025” beynəlxalq müsabiqəsinin laureatlarının mükafatlandırma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Rusiya Təbiət Elmləri Akademiyası tərəfindən hər il təşkil olunan və hər bir insanın Yer üzündə həyatın qorunmasına verdiyi şəxsi töhfənin təşviqinə yönəlmiş müsabiqə ekoloji fəaliyyətin müxtəlif istiqamətlərini əhatə edən 11 əsas nominasiya üzrə keçirilib. Tədbirdə Rusiyanın elmi ictimaiyyətinin və ictimai təşkilatların nümayəndələri, eləcə də ekologiya sahəsində təşəbbüs və layihələr həyata keçirən dünyanın 26 ölkəsindən tədqiqatçı alimlər iştirak ediblər.
Seçim mərhələlərinin yekunlarına əsasən, “Ekologiya və insan sağlamlığı” nominasiyası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Təbiət Ehtiyatları İnstitutunun Hidrogeologiya və mineral sular laboratoriyasının müdiri, kimya üzrə fəlsəfə doktoru Fizzə Məmmədova “Naxçıvanın mineral suları əhalinin sağlamlaşdırılmasının mənbəyi kimi” adlı tədqiqatına görə Rusiya Təbiət Elmləri Akademiyasının diplomu ilə təltif olunub. Mükafat Azərbaycanın Rusiyadakı səfirliyinə təqdim edilib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.