AZ

Yaxşı adam olmağın pis tərəfləri Rə­van Cavid yazır

ain.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rəvan CAVİD

Başqalarının gözündə kim olduğumuzla özümüzü necə hiss etdiyimiz arasında bəzən böyük bir uçurum olur. İnsanlar bizi tanıyır, bir yerə qoyur, sonra da həmin yerin qaydalarını yazırlar. "O bacarır", "o güclüdür", "o heç vaxt yarı yolda qoymaz". Və bu cümlələr bir kompliment kimi başlayıb, yavaş-yavaş bir yükə çevrilir. Çünki hər komplimentin içində gizli bir gözlənti var.

Uşaqlıqdan başlayır bu. Yaxşı oxumalısan, ailəni utandırmamalısan, həmişə tərbiyəli olmalısan. Bir az böyüyəndə siyahı uzanır: yaxşı dost olmalısan, hamını dinləməlisən, anlayışlı olmalısan. Sonra sevgili olursan - onu başa düşməlisən, amma özünü də yormamalısan; güclü olmalısan, amma həssaslığını da itirməməlisən. Hər rol üçün ayrıca bir "mükəmməl" versiya var. Və sən bütün bu rolları eyni anda, səhvsiz oynamağa məcburmuş kimi hiss edirsən.

Amma həyat elə bir səhnə deyil. Burada dubllar var, səhvlər var, bəzən də tamaşa yarımçıq qalır. Biz uğursuzluqla qarşılaşanda, yorulanda, səhv edəndə insanlar məyus olur. Onların məyusluğu isə çox vaxt tənqidə çevrilir. "Səndən bunu gözləməzdim", "Sən belə deyildin", "Sən bacarmalıydın". Bu cümlələr insanın içində qəribə bir hiss yaradır: sanki uğursuz olmaq haqqımız yoxdur.

Psixologiyada buna yaxın bir anlayış var: şərtli qəbul (conditional regard). Yəni insanın dəyərinin, sevgiyə və qəbul olunmağa layiq olmasının müəyyən şərtlərə bağlanması. Uğurlu olanda, güclü olanda, başqalarının gözləntisini qarşılayanda alqış var. Amma büdrəyəndə, zəifləyəndə bu alqış kəsilir. Bu isə insanın içində təhlükəli bir inam yaradır: "Mən ancaq yaxşı olanda dəyərliyəm".

Bir başqa tərəfdən perfeksionizm var. Çox vaxt biz bunu "özünə tələbkar olmaq" kimi romantikləşdiririk. Halbuki sağlam perfeksionizmlə, insanı içəridən yeyən perfeksionizm arasında böyük fərq var. Sağlam olan səni inkişaf etdirir, digəri isə səni heç vaxt kifayət qədər yaxşı hiss etdirmir. Çünki hədəflər həmişə bir az da yuxarıdadır. Və bu hədəfləri çox vaxt sən yox, başqaları qaldırır.

İnsanların bizdən mükəmməl performans gözləməsinin bir səbəbi də sosial müqayisədir. Başqasının uğuru, başqasının "bacarması" bizdə normalı dəyişir. Sosial mediada hamı güclüdür, məhsuldardır, xoşbəxtdir. Bu da real həyatda bir təzyiq yaradır: "Hamı bacarırsa, sən niyə bacarmırsan?" Halbuki biz başqalarının yalnız vitrinini görürük, anbarını yox.

Bəzən də rol gərginliyi (role strain) yaranır. Eyni anda çoxlu rolu yaxşı oynamaq mümkün olmur. Yaxşı övlad olmağa çalışanda, bəlkə özünü unudursan. Yaxşı dost olmağa çalışanda, öz problemlərini susdurursan. Yaxşı sevgili olmaq üçün, bəzən sərhədlərini pozursan. Və bir gün baxırsan ki, hamı üçün "yaxşı" olmusan, amma özün üçün yox.

Burada sual ortaya çıxır: Biz bunlara məcburuqmu? Yaxşı övlad olmağa, yaxşı dost, yaxşı sevgili olmağa məhkumuqmu? Yoxsa bu "yaxşı" anlayışı çoxdan başqalarının istəklərinə uyğun yazılıb?

Psixologiya deyir ki, insanın sağlam qalması üçün özünəşəfqət (self-compassion) vacibdir. Yəni özünə dostun kimi davranmaq. Dostun uğursuz olanda ona dediklərini bir düşün: "Sən də insansan", "Hər kəs səhv edir", "Bu səni pis biri etmir". Amma iş özümüzə gələndə dilimiz sərtləşir. Özümüzə qarşı ən qəddar tənqidçi biz oluruq - bir də cəmiyyət.

Bir də impostor sindromu var. İnsan nə qədər uğurlu olsa da, içində bir səs deyir: "Bir gün anlayacaqlar ki, mən o qədər də yaxşı deyiləm". Bu sindrom da məhz yüksək gözləntilərin məhsuludur. Çünki sənə öyrədiblər ki, səhv etməməlisən. Səhv edəndə isə özünü saxtakar kimi hiss edirsən.

Əslində insanlar bizdən mükəmməllik gözlədiklərini düşünmürlər. Onlar sadəcə öz rahatlıqlarını gözləyirlər. Sənin güclü olmağın onların yükünü azaldır. Sənin bacarmağın onların qorxusunu sakitləşdirir. Amma bu, sənin məsuliyyətin deyil. Hər kəs öz həyatının yükünü daşımalıdır.

Bu o demək deyil ki, məsuliyyətsiz olaq, ya da "heç kimə borcum yoxdur" deyib hər şeyi dağıdaq. Amma fərq var: məsuliyyətlə yaşamaqla, başqalarının gözləntilərinin əsiri olmaq arasında böyük fərq var. Sağlam münasibətlərdə insanın zəifliyinə də yer olur. Yorulmasına da, susmasına da, bəzən bacarmamasına da.

Bəlkə də problem bizim "yaxşı" anlayışımızdadır. Yaxşı insan heç vaxt yıxılmayan deyil. Yaxşı insan yıxılanda da insan qalandır. Səhv edəndə də, özünü itirməyəndir. Və ən əsası, özünü başqalarının alqışına qurban verməyəndir.

Bir də işin görünməyən tərəfi var: insanlar çox vaxt sənin haradan gəldiyini unudurlar. Onlar nəticəni görür, prosesi yox. Sənin gecələr yatmadığını, qərarsız qaldığını, qorxduğunu, bəzən özünə belə inanmadığını bilmirlər - ya da bilmək istəmirlər. Çünki proseslə empatiya qurmaq çətindir, amma nəticəni mühakimə etmək asandır. Bu da bizi emosional əməyə məcbur edir. Yəni təkcə işimizi görmürük, eyni zamanda başqalarının hisslərini idarə etməyə çalışırıq. Güclü görünürük ki, başqaları narahat olmasın. Sakit görünürük ki, problem yaratmayaq. Bacaran görünürük ki, sual olunmayaq.

Amma emosional əməyin də bir tükənmə nöqtəsi var. Psixologiyada buna emosional tükənmişlik (burnout) deyilir. İnsan fiziki olaraq yox, daha çox ruhən yorulur. Hər kəs üçün "yaxşı" olmağa çalışmaq insanı içindən boşaldır. Çünki sən verdikcə, amma aldıqca yalnız tənqid və daha çox gözlənti görürsənsə, bir balanssızlıq yaranır. Bu balanssızlıq isə bir gün özünü ya əsəbi, ya laqeyd, ya da tamamilə geri çəkilmiş biri kimi göstərir.

Bir çoxumuz "yox" deməyi də bacarmırıq. Çünki "yox" dediyimiz anda sevilməyəcəyimizi, bəyənilməyəcəyimizi düşünürük. Bu da sərhəd problemidir. Sağlam psixologiyanın əsas şərtlərindən biri sərhəddir. Sərhəd o demək deyil ki, insanları uzaqlaşdırırsan. Sərhəd o deməkdir ki, harada bitdiyini bilirsən. Nəyə gücün çatır, nəyə çatmır - bunu dürüst şəkildə qəbul edirsən.

İnsanlar bəzən deyir: "Mən sənin yerində olsam, edərdim". Amma məsələ də elə budur - onlar sənin yerində deyil. Onlar sənin qorxularınla, imkanlarınla, yorğunluğunla yaşamır. Psixologiyada buna empatiya boşluğu deyilir. İnsan öz hazırkı vəziyyətindən çıxış edərək başqasını mühakimə edir. Və bu mühakimə çox vaxt haqsız olur.

Bir də ailə məsələsi var. Ailənin gözləntiləri başqa cür ağır olur. Çünki orada təkcə performans yox, minnət də işə qarışır. "Biz sənin üçün bunları etdik", "Sən bizim ümidimizsən". Bu cümlələr sevgi ilə deyilsə belə, içində böyük bir yük daşıyır. İnsan öz həyatını yaşayanda belə, kimisə yarı yolda qoyurmuş kimi hiss edir. Halbuki övlad olmaq, valideynlərin arzularını tam yerinə yetirmək demək deyil. Bu da psixoloji olaraq qəbul edilməsi çətin, amma vacib bir həqiqətdir.

Bəlkə də ən çətini budur: insanlar səndən gözləntilərini nadir hallarda açıq deyirlər. Amma sən hiss edirsən. Baxışlardan, susqunluqdan, münasibətin dəyişməsindən. Bu da səni daim "özünü oxumağa" məcbur edir. Mən yetərliyəmmi? Yenə nəyi səhv etdim? Bu da daimi özünü qiymətləndirmə halına gətirib çıxarır ki, bu da insanın daxili rahatlığını əlindən alır.

Bütün bunların fonunda insan bir şeyi öyrənməlidir: hər kəsin məyusluğu sənin məsuliyyətin deyil. Sən bəzən bacarmaya bilərsən. Bəzən geri addım ata bilərsən. Bəzən sadəcə yorğun ola bilərsən. Bu səni pis övlad, pis dost, pis insan etmir. Sadəcə insan edir.

Bəlkə də həqiqi azadlıq insanların səndən nə gözlədiyini tamamilə vecinə almamaq deyil. Həqiqi azadlıq bunu bilə-bilə, özünü itirməməkdir. Hər kəs üçün mükəmməl olmağa çalışmaq əvəzinə, özün üçün dürüst olmaqdır. Çünki sonda bir sual qalır: hamını razı saldın, bəs özün harada qaldın?

İnsanlar həmişə nəsə gözləyəcək. Bu, dəyişməyəcək. Amma sən hər gözləntini qarşılamaq məcburiyyətində deyilsən. Bəzən ən sağlam seçim kimisə məyus etməkdir - özünü yox. Çünki sən özünlə hər gün yaşayırsan. Onların səsi bir gün kəsilə bilər, amma öz iç səsin səninlə qalacaq.

Və o səs sənə deyəndə ki, "yoruldum", "bacarmıram", "bu gün yaxşı deyiləm" - bəlkə də ilk dəfə onu dinləmək lazımdır. Mükəmməl olmaq üçün yox. Sadəcə insan qalmaq üçün.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
525.az

1Mənbələr