AZ

Evdə ailənin vaxtı yoxdur, məktəbdə müəllimin Uşaqla kim danışsın?

525.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Səhər tezdən oyanır. Çantası hazırdır, dərsləri yerindədir, kursun saatını əzbər bilir. Böyüklərin gözündə “ideal uşaqdır”. Amma axşam sakitlik çökəndə heç kim ondan soruşmur: “Bu gün səni nə sevindirdi?”, ya da “Özünü necə hiss edirsən?” Beləcə, uşaq yavaş-yavaş susmağa öyrəşir.

Biz uşaqlarımızı tələsik böyüdürük. Daha yaxşı oxusunlar deyə, daha çox öyrənsinlər deyə, gələcəkdə “yerləri möhkəm olsun” deyə. Amma bu tələskənlikdə bir şeyi çox vaxt gözdən qaçırırıq: uşaq akademik nəticələrdən, uğurlardan, "5", "10", "100" baldan ibarət deyil, ölçü vahidi deyil, bizim təsdiqimiz üçün vasitə və ya alət də deyil, o, bir insandır. Duyğuları, sualları, qorxuları, arzuları olan bir insan.

Azərbaycan ailələrində uşağın gündəliyi doludur, amma iç dünyası boşdur. Ona “necə olmalı olduğunu” tez-tez deyirik, amma “necə olmaq istədiyini” nadir hallarda soruşuruq. O, məktəb dərslərini tez öyrənir, sinifdə birinci olduğunu bilir, bəs kim olduğunu nə vaxt kəşf edəcək? Ailədə valideynlərin vaxtı yoxdur uşaqla danışmağa, məktəbdə müəllimin. Bəs onunla kim danışsın, kim onu aydınlatsın, kim onu dinləsin?

Azərbaycan ailələrində uşaq:

dərsdə yaxşı,

kursda qabaqcıl,

davranışda “nümunəvi”,

evdə “sözə baxan” olmalıdır.

Uşaqdan hər şey olmaq istənilir, amma özün olmaq barədə soruşulmur, danışılmır.

Biz çox vaxt uşağa:

nə oxumalı,

necə davranmalı,

nə etməməli olduğunu deyirik.

Amma demirik:

niyə dürüst olmaq önəmlidir,

niyə məsuliyyət daşımaq lazımdır,

niyə başqasının sərhədinə hörmət edilməlidir.

Yəni qaydanı veririk, mənanı yox, izahı yox.

Bu da itaətkar, amma içində işıq olmayan insan yetişdirir.

Azərbaycan ailələrində tez-tez:

“filankəsin uşağı belədir”

“sənin yaşında o, bunu edirdi”

Bu isə uşağı öz yolunu axtarmaqdan çox, özünü başqası ilə ölçməyə alışdırır. Potensial isə müqayisə ilə yox, müşahidə və qəbul etmə ilə ortaya çıxır.

Qiyməti aşağı olan uşaqların valideynlərinin canını vahimə basır. "Filankəs getdi, biz qaldıq" deyə... Ancaq ən böyük çatışmazlıq məktəb nəticələrinin aşağı olması deyil, diqqətdir. Uşaqlarımızın ehtiyacı olan ilk şey daha bir kurs yox, eşidildiyini hiss etməkdir. Çünki insan əvvəl özünü tapır, sonra yolunu.

Bəli, uşaqlarımıza düzgün tərbiyə və yaxşı təhsil vermək, onlara gələcəkdə güclü şəxsiyyətlər olmaları üçün lazım olan təməl bilikləri öyrətmək hər bir ailənin prioritetidir. Ancaq çox vaxt bu yanaşma onların ruhi dünyasını və daxili aləmini gözdən qaçırır. Uşaqlar səliqəli, bacarıqlı, çalışqan olmalıdır, amma ən əsas ehtiyac - xoşbəxtlik arxa plana keçib.

Unuduruq ki, özünə dəyər verən, rahatlıq tapmış bir uşaq, ətrafına da müsbət təsir göstərir. Özgüvənli və psixoloji olaraq güclü olan uşaq, yəni yaşamaq bacarıqları olan uşaq həyatı və özünü daha yaxşı qavrayır, çətinliklərlə daha asan başa çıxır. Nə vaxtsa uğursuz olsa belə, bundan güc alaraq irəliləyə bilir. Ona görə də, uşağın fərdiliyini tanımaq və onun istəklərini anlamaya çalışmaq, təcrübələrini və hisslərini bölüşə bilməsi üçün ona şans vermək ailənin əsas qayğısı və vəzifəsi olmalıdır.

Uşağın gündəlik həyatında yaşadıqları, hiss etdikləri bizim üçün “kiçik” görünə bilər, amma onun həyatı üçün bunlar çox əhəmiyyətlidir. Əgər hər bir ailə uşaq yetişdirərkən onun dəyərli olduğunu və xoşbəxtliyinin əsas prioritet olduğunu nəzərə alsa, gələcəyimiz həm daha sağlam, həm də daha pozitiv olacaq. Uşaqlarınızın məktəb nəticələri, ictimai uğurları bir tərəfə, onların həqiqətən xoşbəxt olub-olmadığını soruşun. Çünki həyatda ən dəyərli uğur xoşbəxtlikdir.

Amerikalı psixoloq Abraham Maslounun ehtiyaclar piramidasına da əsaslansaq, uşaqların fiziki və təhlükəsizlik ehtiyacları ilə yanaşı, həm də sevgi və mənlik ehtiyaclarının qarşılanması önəmlidir. Maslouya görə, insan öz potensialını reallaşdırmaq və özünü dəyərli hiss etmək üçün müəyyən mərhələlərdən keçməlidir.

Maslounun ehtiyaclar nəzəriyyəsinə görə, bu ehtiyaclar bir piramida şəklində formalaşır və aşağı mərhələlər qarşılanmadan yuxarı mərhələlərə keçmək çətin olur. Bu baxımdan uşağın yalnız akademik və sosial uğurlarına fokuslanmaq, onun emosional və psixoloji ehtiyaclarını kölgədə qoya bilər. Halbuki bu ehtiyacların anlaşılması və tərbiyədə nəzərə alınması uşağın uzunmüddətli xoşbəxtliyi və sağlam inkişafı üçün əsasdır.

Sadə dillə desək, uşaq böyütmək təkcə onu doyurmaq, geyindirmək və oxutmaqdan ibarət deyil. Uşaq əvvəlcə özünü güvəndə hiss etmək, sonra sevildiyini bilmək, daha sonra isə dəyərli olduğunu hiss etmək istəyir. Bu hisslər olmadan ondan böyük nəticələr gözləmək mümkün deyil.

Əgər uşaq acdırsa, yuxusuzdursa və ya yorğundursa, onun daxili dünyası artıq qarışıq olur. Belə bir vəziyyətdə ondan diqqət, uğur və ya sakit davranış tələb etmək ədalətli deyil. Çünki uşaq üçün ilk ehtiyac yaşamaq və rahat olmaqdır.

Uşaq özünü güvənli hiss etmədikdə daim ehtiyatlı davranır. Səhv etməkdən, cəzalanmaqdan, sevgini itirməkdən qorxur. Halbuki güvənli mühitdə böyüyən uşaq rahat nəfəs alır, özünü ifadə etməyə cəsarət tapır.

Sevgi hiss etməyən uşaq içində boşluq daşıyır. Bu boşluğu doldurmaq üçün ya həddindən artıq uyğunlaşır, ya da diqqət çəkməyə çalışır. Uşaq üçün sevgi sözlərdən çox, ona ayrılan vaxtda, göstərilən diqqətdə və dinlənildiyini hiss etməsində yaşanır.

Uşaq dəyər gördükcə özünə inanmağa başlayır. Yalnız uğurlarına görə deyil, varlığına görə qiymətləndirildiyini hiss etdikdə onun daxili gücü formalaşır. “Sən bacardın” qədər, “sən dəyərlisən” cümləsi də onun üçün həyati əhəmiyyət daşıyır.

Məhz bundan sonra uşaq özünü tanımağa başlayır: nəyi sevdiyini, nəyə meyilli olduğunu, necə bir insan olmaq istədiyini kəşf edir. Özünü reallaşdıran uşaq kiməsə oxşamaq üçün deyil, öz potensialını yaşamaq üçün addım atır.

Ona görə də, uşaqlarımıza verə biləcəyimiz ən böyük hədiyyə daha çox dərs, daha çox kurs deyil. Onları hiss etmək, görmək və olduqları kimi qəbul etməkdir. Çünki insan əvvəl insan olur, sonra uğurlu.

Əziz ana və atalar, siz də uğur maşını yox, insan yetişdirmək istəyirsinizsə, lütfən bu sualları özünüzə verin:

1. Övladımı ən son nə vaxt dinləmişəm - düzəltmək üçün yox, anlamaq üçün?

Cavab vermək üçün yox, sadəcə eşitmək üçün.

2. Uşağımın nədən qorxduğunu bilirəmmi?

Yoxsa yalnız nədə zəif olduğunu görürəm?

3. Onun uğurlarınımı daha çox xatırlayıram, yoxsa necə bir insan olduğunumu?

Məsələn: mərhəmətli, ədalətli, həssas...

4. Uşağımın “yox” deməsinə nə qədər icazə verirəm?

Yoxsa itaəti tərbiyə, susmağı hörmət sayırıq?

5. Övladımın arzuları mənim yarımçıq arzularımdır, yoxsa onun öz seçimi?

6. Onu tez-tez müqayisə edirəm, yoxsa müşahidə?

7. Uşağım səhv edəndə ona nə öyrədirəm: qorxmağı, yoxsa məsuliyyət götürməyi?

8. Mən bu gün uşağıma özüm kimi olmağı, yoxsa özü kimi qalmağı daha çox öyrətdim?

9. Uşağım böyüyəndə məni nəyə görə xatırlasın istəyirəm: tələbkar olduğuma, yoxsa güvən verdiyimə görə?

10. Əgər sabah bütün qiymətlər silinsəydi, mənim uşağımın əlində nə qalardı?

Bu suallar cavab üçün deyil, bir anlıq dayanmaq üçündür, düşünmək üçündür, anlamaq üçündür. Çünki insanı dəyişdirən nəsihət yox, vaxtında verilmiş suallar olur.

Sevinc Fədai

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
36
525.az

1Mənbələr