ain.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.
Bu gün Bakıdakı "İdrak" Liseyində 10-cu sinif şagirdinin riyaziyyat müəllimi Şəhla Kamilovaya atasının ov tüfəngi ilə atəş açaraq ona ağır xəsarət yetirməsi sıradan bir insident, adi kriminal olay deyil. Məsələ burasındadır ki, dünyanın müxtəlif ölkələrində məktəblərdə müntəzəm atışmalar baş versə də, lakin bu cür hadisələr bizim ölkəmizdə istisna hal hesab olunur. Çünki bu cür davranışlar ilk növbədə mental psixologiyamıza, milli dəyərlərimizə zidd sayılır. Bizim cəmiyyətimizdə sosial və ailədaxili münaqişələrin məktəbə daşınması kimi neqativ ənənələr yoxdur. Bu baxımdan bu gün "İdrak" Liseyində baş verən qanlı hadisənin cəmiyyətdə ciddi rezonans doğurması təbiidir. Biz 14-15 yaşlı bir yeniyetmə məktəblinin silaha necə və niyə əl atmasının, onun müəllimi nə üçün hədəf almasının motivlərini, səbəblərini hələki dəqiq bilmirik. Baş vermiş hadisənin detalları heç şübhəsiz ki, hüquq-mühafizə orqanları tərəfindən ciddi surətdə araşdırılacaq və nəticələr də ictimaiyyətə açıqlanacaq. İstintaqın nəticələri tam aydın olduqdan sonra ölkədə ən prestijli özəl təhsil müəssisələrindən biri hesab olunan "İdrak" liseyində törədilmiş bu cinayətin real səbəbləri haqqında əsaslı fikir yürütmək olar. Ona görə də indiki halda bu hadisə ilə bağlı əlimizdə rəsmi təsdiqini tapmış bilgilər olmadan səsləndirdiyimiz mülahizə və təxminlərimizdə, zənnimcə, bir qədər ehtiyatlı olmalıyıq. Xüsusən də təhsili, məktəbləri, müəllimləri hədəfə almaqdan çəkinməliyik. Müəllimə atılan güllənin bütövlükdə təhsilimizə dəyməsinə yol verməməliyik. Emosiyalara qapılıb təhsil sistemini hədəfə almamalıyıq. Çünki bu gün baş vermiş bu qanlı hadisənin fonunda bütövlükdə təhsil sisteminin hədəfə alınması yanlış mövqedir. Heç bir məktəb öz daxilində belə bir tükürpərdici olayın baş verməsini istəməz. Görünən budur ki, bu cür dəhşətli faciənin ilkin qaynağı məktəb yox, ailədir. Bəzi valideynlərin uşaq tərbiyəsinə və məktəbə, müəllimlərə münasibətində ciddi boşluqlar var. Belə ki, bəzi valideynlər öz övladlarına yalnış dəyərlər aşılayır və onları zorakılığa kökləyirlər. Bahalı məktəbdə oxumaq heç bir halda uşaqlarda harınlığa yol açmamalı və aqressiv davranışlara zəmin yaratmamalıdır. Ailələr məktəblər üçün potensial cinayətkar yox, insan yetişdirməlidir.Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.