AZ

WP: “ABŞ və Rusiya hərbi danışıqları bərpa edir”

AzVision.az xəbər verir ki, amerikalı məmurlara istinad edən “The Washington Post (WP)” nəşri belə məlumat yayıb.

Əlaqələrin bərpası Vaşinqton və Moskva arasında strateji nüvə silahlarının sayını və növlərini məhdudlaşdıran sonuncu razılaşma olan “Yeni START Müqaviləsi”nin başa çatdığı vaxta təsadüf edir.

ABŞ prezidenti Donald Tramp uzunmüddətli perspektivdə təsirli olacaq “yeni, təkmilləşdirilmiş və modernləşdirilmiş” müqavilə imzalamağa çağırıb.

“Hərbi dialoqu bərpa etmək qərarı Ukraynada müharibəyə son qoymaq üçün uzunmüddətli diplomatik səylərin birbaşa nəticəsidir. Sülh danışıqlarında hələ də əhəmiyyətli irəliləyiş əldə olunmasa da, ABŞ və Rusiya arasında son təmaslar gələcək dialoq üçün imkanlar yaranıb”,– amerikalı məmurlardan biri deyib.

Moskva:“Rusiya tərəfindən heç bir demarş olmayacaq”
Kreml bu qərarı rəsmi şəkildə şərh etməyib və Rusiyanın Vaşinqtondakı səfirliyi jurnalistlərin sorğularına dərhal cavab verməyib.

Ağ Evin mətbuat katibi Kerolayn Livitt isə, tərəflərdən heç birinin artıq qüvvədən düşmüş müqavilənin müddəalarına əməl etməyə hazır olduğunu hələ təsdiqləmədiyini bildirib.

- Hər şey hadisələrin necə inkişaf edəcəyindən asılı olacaq və Rusiya ilk növbədə milli maraqları rəhbər tutaraq nüvə silahları sahəsində strateji sabitliyə məsuliyyətli yanaşmanı davam etdirəcək”,– Kremlin sözçüsü Dmitri Peskov öz növbəsində vurğulayıb.

Nəşr xatırladır ki, Vaşinqton Moskva ilə hərbi dialoqu 2021-ci ilin sonlarında Rusiyanın Ukrayna sərhədləri yaxınlığında əhəmiyyətli qüvvələr topladığı vaxtdan dayandırıb. Bunun ardınca ABŞ avropalı müttəfiqləri ilə birlikdə Ukraynanın müdafiəsi üçün Kiyevi müasir silahlarla təchiz etməyə başlayandan sonra ikitərəfli münasibətlər kəskin şəkildə pisləşib.

Buna baxmayaraq, tərəflər “qaynar xətt” də daxil olmaqla məhdud rabitə kanallarını saxlayıblar və böhran anlarında yüksək vəzifəli məmurlar vaxtaşırı bir-biri ilə əlaqə yaradıblar.

Pentaqonun məlumatına görə, yenilənmiş hərbi dialoqa rusiyalı həmkarları ilə birlikdə ABŞ-nin Avropa Komandanlığının komandanı general Aleksus Qrinkeviç rəhbərlik edəcək. Danışıqların məqsədi “şəffaflığın artırılması və gərginliyin azaldılması” kimi təsvir olunur.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
17
2
azvision.az

3Mənbələr