Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.
Azərbaycan əsrlər boyu müxtəlif etnik və dini qrupların birgə yaşadığı bir ölkə olub. Bu gün də Azərbaycan öz tolerantlıq ənənələrini qoruyub saxlayır. Ölkəmizdə müsəlman, xristian və yəhudi icmaları birgə sülh və qarşılıqlı hörmət şəraitində yaşayırlar. Xatırlamıram ki, Azərbaycanda dini, irqi ayrı-seçkiliyə yol verilsin. Yəni burada bütün dinlərin nümayəndələri bir-birinə qarşılıqlı hörmət göstərir. Ölkəmizdə kilsələr, sineqoqlar, məbədlər, məscidlər və s. azad, sərbəst şəkildə fəaliyyət göstərir. Biz hər kəsin dininə hörmət edirik. Məzhəb söhbəti etmir, heç kimi alçaltmırıq…
İlahiyyatçı Əkrəm Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki,
Azərbaycanda əhalinin dini mənsubiyyəti cəmiyyətin ictimai və mədəni həyatına əsasən sakit və tarazlı şəkildə təsir göstərir.
“Tarixi baxımdan bu torpaqlarda İslam əsas din olsa da, xristianlıq, yəhudilik və digər inanclar əsrlər boyu yanaşı mövcud olub. Bu faktın özü artıq bir sosial reallıqdır. Məsələn; Şamaxı Cümə məscidi, Qəbələdəki alban kilsələri və Qubadakı sinaqoqlar eyni coğrafiyada müxtəlif inancların izlərini daşıyır. Bu, dinin cəmiyyətdə parçalama yox, mədəni rəngarənglik yaratdığını göstərir. Sosioloji tədqiqatlar da göstərir ki, əhalinin böyük hissəsi özünü müsəlman hesab etsə də, gündəlik davranışlarında din daha çox əxlaqi ölçü kimi qalır, sərt ictimai nəzarət mexanizminə çevrilmir”–deyə ilahiyyatçı qeyd edib.
“Azərbaycan cəmiyyətində din, əsasən şəxsi inanc kimi qəbul olunur. Bunun səbəbi tarixi təcrübədir. Sovet dövründə uzun illər dinin ictimai müstəvidən sıxışdırılması insanlarda dini daha çox vicdan məsələsi kimi formalaşdırıb. Müstəqillikdən sonra dini azadlıq bərpa olunsa da, cəmiyyət onu siyasi alətə çevirməyə meylli olmayıb”–deyə Əkrəm Həsənov bildirib.
“Quranda “Dində məcburiyyət yoxdur” ayəsi açıq şəkildə göstərir ki, inanc zorla ictimailəşdirilən ideologiya deyil. Bu yanaşma xalqın psixologiyası ilə də uyğunlaşır. Din daha çox yasda, toyda, dua və mərasimlərdə özünü göstərir, dövlət idarəçiliyində isə əsas meyar dünyəvi hüquqdur”-deyə Əkrəm Həsənov qeyd edib.
İlhaiyyatçı vurğulayıb ki, dövlət–din münasibətləri dünyəvilik prinsipi çərçivəsində tənzimlənir: “Konstitusiyada dövlətin dünyəvi olması təsbit edilib və bütün dinlər qanun qarşısında bərabər sayılır. Bu, bir tərəfdən dini icmaların fəaliyyətinə şərait yaradır, digər tərəfdən dini dövlət hakimiyyətinə çevrilməkdən qoruyur. Dövlətin dini qurumlara maddi və hüquqi dəstək verməsi dinin nəzarətsiz buraxılması deyil, əksinə, onun radikallaşmasının qarşısını almaq məqsədi daşıyır. Bu yanaşma, İslam hüququ baxımından da məqbuldur. Çünki klassik fiqh mənbələrində ictimai asayişin qorunması əsas məqsədlərdən biri kimi göstərilir”.
İlahiyyatçı hesab edir ki, fərqli dinlərin və məzhəblərin birgə yaşaması Azərbaycanda tolerantlığın real nümunələri ilə özünü göstərir: “Qubada dağ yəhudilərinin əsrlərdir müsəlmanlarla yanaşı yaşaması, Bakıda pravoslav kilsələrinin və katolik icmasının fəaliyyət göstərməsi, eyni zamanda məscidlərin açıq olması bu modelin praktik təzahürüdür. Bu, sadəcə rəsmi şüar deyil, gündəlik həyatın içində müşahidə olunan bir davranış formasıdır”.
“Tarixi mənbələrdə də qeyd olunur ki, orta əsrlərdə Şirvan və Arran bölgələrində müxtəlif dinlər arasında ciddi qarşıdurma qeydə alınmayıb. Bu fakt tolerantlığın süni yox, tarixi köklərə söykəndiyini göstərir”-deyə Əkrəm Həsənov qeyd edib.
İlahiyyatçının fikrincə, gənc nəsildə dinə münasibət əvvəlki nəsillərlə müqayisədə dəyişib: “Bir tərəfdən dini biliklərə maraq artıb, digər tərəfdən isə dinə münasibət daha rasional və seçici xarakter alıb. Gənclər artıq dini təkcə ailədən yox, internetdən, xarici mənbələrdən öyrənir. Bu isə həm imkan yaradır, həm də risk. İmkan ondan ibarətdir ki, insan din haqqında daha geniş məlumat əldə edir. Risk isə ondadır ki, yanlış və radikal mənbələr təsir göstərə bilər. Quranda düşünməyə, ağlı işlətməyə çağırış edilməsi bu nöqtədə xüsusi əhəmiyyət kəsb edir. Dini kor-koranə deyil, dəlillə qəbul etmək gənclər üçün daha uyğun modeldir”.
Əkrəm Həsənov qeyd edib ki, Azərbaycanda din nə sırf siyasi ideologiyadır, nə də cəmiyyətdən kənarlaşdırılmış bir anlayışdır: “Din daha çox mənəvi dayaqlardan biri kimi yaşayır. Tarixi təcrübə, hüquqi sistem və ictimai psixologiya bu balansı qorumağa imkan verir. Bu modelin əsas üstünlüyü ondadır ki, insan həm öz inancını yaşaya bilir, həm də başqasının inancına hörmət etməyi öyrənir. Bu da təkcə dini tolerantlıq yox, ümumiyyətlə sağlam cəmiyyətin göstəricisidir”.
İradə Cəlil, Bizimyol.info
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA)
Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.
İstiqamət: 6.3.15. dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.