AZ

Sənədsiz evlər problemi yenidən gündəmdə

Yazını böyüt
Yazını kiçilt

Bütün sənədsiz evləri avtomatik olaraq qanunsuz kateqoriyasına salmaq və söküntü gündəmi yaratmaq həm real deyil, həm də səmərəsizdir

Tam və dolğun əmlak reyestrinin formalaşması müstəqil dövlət üçün vacib atributdur

Azərbaycanda sənədsiz və ya sənədləşdirilməsi mümkün olmayan tikililərlə bağlı səsləndirilən rəqəmlər cəmiyyətdə ciddi suallar doğurub. “Daşınmaz əmlakın dövlət kadastrı və reyestri sahəsində 2025-ci ildə görülmüş işlərə dair təqdimat” zamanı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Nigar Alimova ölkədə təqribən 400–500 min civarında sənədsiz və ya sənədləşdirilməsi mümkün olmayan tikilinin mövcud olduğunu bildirib.

Onun sözlərinə görə, bu sahədə dəqiq statistikanın aparılması üçün genişmiqyaslı inventarlaşdırma işlərinə ehtiyac var. Qeyri-yaşayış tikililəri üzrə mövcud müraciətlərə əsaslanan ilkin təxminlər isə fərdi yaşayış tipli tikililərin sayının qeyd edilən rəqəmdən xeyli çox ola biləcəyini göstərir.

O bildirib ki, Azərbaycan Prezidentinin torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında Fərmanının icrası çərçivəsində ölkədə 60 928 ailə dövlət vəsaiti hesabına elektron çıxarışla təmin edilib: “413 423 ədəd dövlət aktı əsasında hüquq sahibi olan vətəndaşlar elektron çıxarışla təmin edilib. Eyni zamanda, Prezidentin qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərmanın icrası çərçivəsində 23 587 qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair yerquruluşu planı tərtib edilərək aidiyyəti üzrə təqdim edilib. 4 602 qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqları qeydiyyata alınaraq hüquq sahibləri elektron çıxarışla təmin edilib”.

Bu açıqlamada əsas diqqətçəkən məqam sənədləşdirilməsi mümkün olmayan evlərlə bağlıdır. Maraqlıdır, görəsən, həmin tikililərin aqibəti necə olacaq? Bu qədər evin sökülməsi nə dərəcədə realdır?

Məsələni iqtisadi və hüquqi aspektdən dəyərləndirən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı-ekspert Vüqar Oruc bildirir ki, səsləndirilən rəqəmlər ictimaiyyətdə yanlış təsəvvür yaratmamalıdır. Onun sözlərinə görə, “sənədləşdirilməsi mümkün olmayan tikililər” anlayışı hüquqi termin kimi bütün sənədsiz evləri əhatə etmir və bu anlayışın geniş mənada şərh edilməsi düzgün deyil. Ekspert vurğulayır ki, bütün sənədsiz evləri avtomatik olaraq qanunsuz kateqoriyasına salmaq və söküntü gündəmi yaratmaq həm real deyil, həm də səmərəsizdir.

O, qeyd edir ki, sənədsiz evlərin böyük əksəriyyəti Bakıətrafı qəsəbələrdə və şəhərətrafı yaşayış massivlərində yerləşir. Bu evlər illər əvvəl vətəndaşlara daha ucuz olduğu üçün kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində inşa edilib. Həmin dövrdə insanlar hüquqi incəliklərdən çox, yaşayış ehtiyacını əsas götürüblər. Nəticədə torpağın təyinatı ilə faktiki istifadə arasında uyğunsuzluq yaranıb.

Vüqar Orucun sözlərinə görə, bu gün həmin evlərdə yaşayan vətəndaşlar özlərini mülkiyyətçi kimi aparır, kommunal ödənişləri edir, evlərdən daimi yaşayış üçün istifadə edirlər. Sadəcə olaraq, bu mülkiyyət hüququ rəsmi sənədlə təsdiqlənməyib. “Bu evlərin böyük hissəsi artıq real yaşayış fondunun tərkib hissəsidir. Onları birdən-birə ‘qanunsuz tikili’ kimi qiymətləndirib söküntü mövzusunu gündəmə gətirmək nə realdır, nə də sosial baxımdan məqbul”, – deyə ekspert vurğulayır.

Onun fikrincə, bu problemin yeganə rasional həlli əmlak amnistiyasıdır. Sənədsiz evlərin çoxu hüquqi mexanizmlər tətbiq edilməklə sənədləşdirilə bilər. İstisnalar da var. Yüksəkgərginlikli elektrik xətlərinin altındakı, kommunikasiya sistemlərinin üzərində yerləşən, meşə zolaqlarında və ya dövlət üçün strateji əhəmiyyət kəsb edən obyektlərin yaxınlığında inşa edilən evlərin sənədləşdirilməsi mümkün deyil.

Ekspert bildirir ki, belə hallarda da avtomatik söküntü ən doğru seçim olmaya bilər. Əgər yüzlərlə evin köçürülməsi milyonlarla manat vəsait tələb edirsə, amma həmin problemi yaradan amilin – məsələn, yüksək gərginlikli elektrik xəttinin başqa yerə köçürülməsi bir neçə dəfə ucuz başa gəlirsə, dövlət üçün daha səmərəli yol məhz səbəbi aradan qaldırmaqdır. “Burada əsas meyar faydalılıq, məhsuldarlıq və büdcəyə qənaət olmalıdır”, – deyə Vüqar Oruc qeyd edir.

Onun sözlərinə görə, söküntü yalnız ən çıxılmaz hallarda, təhlükəsizlik və dövlət maraqları birbaşa risk altına düşdükdə gündəmə gələ bilər. Digər bütün hallarda isə prioritet sənədləşmə prosesinə start verməkdir. Çünki bu, həm sosial gərginliyin qarşısını alır, həm də dövlət üçün əlavə iqtisadi imkanlar yaradır.

Ekspert vurğulayır ki, sənədsiz evlərin leqallaşdırılması ölkə iqtisadiyyatı üçün də mühüm əhəmiyyət daşıyır. Sənəd alan evlər daşınmaz əmlak reyestrinin tərkib hissəsinə çevrilir, vergi bazasını genişləndirir, bank kreditləri üçün girov predmeti kimi istifadə oluna bilir və alqı-satqı bazarında tam hüquqlu obyekt statusu qazanır. Bu isə daşınmaz əmlak bazarında şəffaflığı artırır və qiymətlərin daha sağlam mexanizmlərlə formalaşmasına şərait yaradır.

Vüqar Oruc hesab edir ki, tam və dolğun əmlak reyestrinin formalaşması müstəqil dövlət üçün vacib atributdur. Hazırda ölkədə kifayət qədər sənədsiz tikilinin mövcudluğu bu prosesin hələ tamamlanmadığını göstərir və bu, arzuolunan vəziyyət deyil. Əmlak amnistiyası isə bu boşluğu aradan qaldırmaq üçün real fürsət yaradır.

Seçilən
68
hafta.az

1Mənbələr