Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.
Son üç gündür Bakıda əsən güclü külək yenidən tanış mənzərəni ortaya çıxarıb: aşan ağaclar, zədələnən avtomobillər, bağlanan yollar və təhlükə altında qalan insanlar. Rəsmi qurumlar isə bunu təbii hadisə kimi təqdim etməyə çalışır. Doğrudanmı problem küləkdir, yoxsa illərlə yığılıb qalan məsuliyyətsizlik?
Bakıda külək yeni hadisə deyil. Paytaxt coğrafi mövqeyinə görə həmişə küləkli şəhər olub. Deməli, problem gözlənilməz hava şəraiti yox, bu şəraitə uyğun olmayan şəhərsalma və yaşıllaşdırma siyasətidir. İllərdir paytaxtda aparılan “yaşıllaşdırma” işləri daha çox görüntü xarakteri daşıyıb. Torpağa uyğun olmayan ağac növləri əkilib, kök sistemi zəif olan fidanlar düzgün bərkidilmədən asfaltın, bordürün arasına yerləşdirilib. Nəticə isə hər güclü küləkdə eyni olur. Ağaclar kökündən qopur.
Ən təhlükəli məqam odur ki, aşan ağaclar təkcə təbiətə yox, birbaşa insan həyatına risk yaradır. Park edilmiş avtomobillər zədələnir, piyadalar üçün real təhlükə yaranır, bəzi hallarda isə faciə baş verməsi an məsələsi olur. Buna baxmayaraq, məsul qurumların reaksiyası adətən hadisədən sonra başlayır. Ağac kəsilir, yol təmizlənir və məsələ bağlanır.
Niyə bu ağaclar vaxtında yoxlanılmır? Niyə qurumuş, köhnəlmiş, təhlükə yaradan ağaclar planlı şəkildə dəyişdirilmir? Niyə güclü külək xəbərdarlıqları fonunda qabaqlayıcı tədbirlər görülmür?
Digər problem, məsuliyyətin parçalanmasıdır. Bir qurum yaşıllaşdırmaya cavabdehdir, digəri kommunikasiyaya, üçüncüsü təhlükəsizliyə. Nəticədə isə ortada konkret cavabdeh qalmır. Külək əsir, ağac aşır, vətəndaş zərər görür, amma məsuliyyət “hava şəraitinin üzərinə” atılır.
Əslində, Bakını yıxan külək yox, sistemli nəzarətsizlik və formal yanaşmadır. Əgər şəhər real olaraq küləkli iqlimə uyğun planlaşdırılsaydı, bu gün eyni mənzərə hər il, hər mövsüm təkrarlanmazdı.
Bu hadisələr bir daha göstərir ki, paytaxtda yaşıllaşdırma təkcə ağac əkməklə bitmir. Ağaca qulluq, onun təhlükəsizlik baxımından monitorinqi və şəhər mühitinə uyğun seçimi aparılmadıqca, hər güclü külək Bakının zəif nöqtələrini yenidən üzə çıxaracaq.
Leyla Mirzə, Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.