Avstraliyanın Yeni Cənubi Uels Universitetinin neyrobioloqları əsnəmənin təkcə yorğunluq və ya darıxma əlaməti olmadığını, beynin fəaliyyəti ilə birbaşa əlaqəli mühüm fizioloji proses olduğunu müəyyən ediblər. Araşdırma zamanı məlum olub ki, əsnəmə zamanı beyni və onurğa beynini qoruyan əsas mühitlərdən biri olan onurğa-beyin mayesinin hərəkət istiqaməti dəyişir.
Redaktor.az xəbər verir ki, tədqiqatın ilkin nəticələri "bioRxiv" portalında dərc edilib.
Araşdırma çərçivəsində alimlər 22 sağlam könüllünün baş və boyun nahiyəsində MRT müayinəsi aparıblar. İştirakçılardan əsnəmək, dərin nəfəs almaq, əsnəməni saxlamaq və normal nəfəs almaq xahiş olunub. Gözlənilənin əksinə olaraq, nəticələr göstərib ki, əsnəmə zamanı onurğa-beyin mayesi beyindən uzaqlaşır, yəni dərin nəfəsalma ilə müqayisədə əks istiqamətdə hərəkət edir.
Tədqiqatın müəlliflərindən olan neyrobioloq Adam Martinek bildirib ki, bu nəticə onlar üçün tamamilə gözlənilməz olub. Bununla yanaşı, həm əsnəmə, həm də dərin nəfəsalma beyindən venoz qanın axınını artıraraq yeni arterial qanın daxil olması üçün şərait yaradır. Müşahidələrə əsasən, əsnəmənin ilkin mərhələsində yuxu arteriyaları ilə beyinə qan axını təxminən üçdə bir nisbətində artır.
Alimləri təəccübləndirən digər məqam isə hər bir iştirakçının özünəməxsus, təkrarlanan əsnəmə modelinin olmasıdır. Tədqiqatçılar bunu hərəkət ritmini tənzimləyən “mərkəzi nümunə generatoru” adlanan neyron sisteminin fərdi fəaliyyəti ilə əlaqələndirirlər. Onların fikrincə, bu fakt əsnəmənin sonradan öyrənilən deyil, anadangəlmə neyron proqramının bir hissəsi olduğunu göstərir.
Hazırda əsnəmənin dəqiq funksiyası tam aydın olmasa da, alimlər bunun beynin “təmizlənməsinə”, maddələr mübadiləsi məhsullarının xaric olunmasına və ya beynin optimal temperaturunun saxlanmasına kömək edə biləcəyi ehtimalını irəli sürürlər.
Tədqiqatçılar vurğulayıblar ki, əsnəmə mərkəzi sinir sistemi ilə sıx bağlıdır və məsələn, daha böyük beyni olan canlılarda əsnəmə adətən daha uzun çəkir. Geniş yayılmış bu davranışın dəqiq məqsədi hələ də elm üçün sirr olaraq qalır.
Nuriyyə NATİQQIZI