AZ

Regional gərginliklərin artdığı və qlobal rəqabətin sərtləşdiyi bir mərhələdə Azərbaycan praqmatik geoiqtisadi xətt seçib

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

“Son dövrlərdə baş verən proseslər göstərir ki, beynəlxalq rəqabət getdikcə daha çox geoiqtisadi müstəviyə keçir. Münaqişələr açıq hərbi qarşıdurmalardan daha çox enerji marşrutları, nəqliyyat dəhlizləri, ticarət əlaqələri və maliyyə təsir mexanizmlərində ön plana çıxır. Ortaya çıxan regional gərginliklər sadəcə təhlükəsizlik məsələsi deyil, eyni zamanda iqtisadi üstünlüklərin yenidən bölüşdürülməsi uğrunda mübarizənin əsas elementinə çevrilir. Belə hadisələr Cənubi Qafqazın rolunu daha da artırır”.

Bu barədə Bizimyol.info xəbər portalına iqtisadçı Əli Səlimov danışıb. İqtisadçı qeyd edib ki, Qara dəniz hövzəsində davam edən qeyri-sabitlik, Yaxın Şərqdə enerji infrastrukturu ətrafında artan risklər, eləcə də Avrasiya məkanında nəqliyyat və ticarət marşrutları üzərində güclənən rəqabət regionu qlobal diqqət mərkəzinə gətirib: “Bütün bu proseslərin kəsişmə nöqtəsində yerləşən Azərbaycan artıq sadəcə coğrafi keçid deyil, funksional geoiqtisadi aktor kimi çıxış edir. Azərbaycanın mövcud şəraitdə seçdiyi strateji xətt rasional iqtisadi yanaşmaya söykənir. Enerji ixracının şaxələndirilməsi, nəqliyyat-logistika infrastrukturunun genişləndirilməsi və tərəfdaşlıq coğrafiyasının balanslı şəkildə qurulması bu yanaşmanın əsas dayaqlarıdır. Orta Dəhlizin aktuallığının artması, Xəzər üzərindən daşımaların intensivləşməsi və Avropa–Asiya ticarətində alternativ marşrutlara artan tələbat Azərbaycanın manevr imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir. Bununla yanaşı, regional gərginliklərin yaratdığı risklər də diqqətdən kənarda qalmamalıdır”.

Əli Səlimov

Əli Səlimovun fikrincə, son aylarda regionda baş verən proseslər bu risklərin real nəticələri özündə birləşdirdiyini açıq şəkildə göstərir: “Ayrı-ayrı nəqliyyat xətlərinin təhlükəsizliyi ilə bağlı yaranan qeyri-müəyyənliklər və dəniz-kommunikasiya zonalarında müşahidə olunan gərginliklər qlobal ticarət axınlarının nə qədər həssas olduğunu bir daha ortaya qoyur. Məhz, bu kimi situasiyalarda etibarlı tərəfdaşlara və sabit marşrutlara tələbat daha da artır”.

“Bəzi istiqamətlər faktiki olaraq risk zonası kimi qiymətləndirildiyi halda, alternativ marşrutlara maraq sürətlə yüksəlir. Bu proseslər Azərbaycanın yerləşdiyi coğrafiyanın və həyata keçirdiyi geoiqtisadi siyasətin əhəmiyyətini artırmaqla yanaşı, daha diqqətli və ölçülmüş qərarların qəbulunu da zəruri edir.

Azərbaycan regionda təkcə tranzit ölkə funksiyası daşımır, eyni zamanda enerji təhlükəsizliyi, ticarət axınlarının davamlılığı və logistik sabitlik baxımından regional sistemin əsas dayaqlarından birinə çevrilib. Bu baxımdan əsas məsələ yalnız mövcud imkanlardan istifadə deyil, həm də risklərin qabaqcadan hesablanmasıdır. Geoiqtisadi manevrlər təkcə infrastruktur layihələri və imzalanan sazişlərlə məhdudlaşmamalı, institusional dayanıqlıq, iqtisadi çeviklik və regional diplomatik balansla tamamlanmalıdır. Əks halda, xarici şoklar ölkənin qazandığı üstünlükləri zəiflədə bilər”-deyə iqtisadçı vurğulayıb.

Əli Səlimov qeyd edib ki, regional gərginliklərin artdığı və qlobal rəqabətin sərtləşdiyi bir mərhələdə Azərbaycanın seçdiyi praqmatik geoiqtisadi xətt rasional və uzaqgörən addım kimi dəyərləndirilə bilər, lakin bu xəttin davamlı olması üçün proseslərə sadəcə uyğunlaşmaq deyil, onları qabaqlayan, realist və çevik qərarların qəbul edilməsi həlledici əhəmiyyət daşıyır.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
bizimyol.info

1Mənbələr